PROFESSOR İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏN ÇIXAN 9 DƏRSDƏN YAZDI – “Qarabağ erməniləri” anlayışı tarixə qovuşdu...”

Türkiyə ali məktəblərdində dərs deyən tarixçi, professor Xaləddin İbrahimli “Feysbuk” səhifəsində İkinci Qarabağ Müharibəsinin dərslərindən bəhs edib.

“AzPolitika.info” xəbər verir ki, o, qeyd edib ki, əslində üçüncü müharibə baş vermədi, 2023-cü ilin 19 sentyabrında həyata keçirilən bir günlük antiterror əməliyyatı 2020-ci ildə yarımçıq qalan işin davamı idi:

“İlk dərs. 1828-ci ildə Qacarlar sülaləsi ilə Rusiya imperiyası arasında imzalanan “Türkmənçay” müqaviləsi ilə rusların Azərbaycanı parçalamaq, sonra isə bu bölünən tərəfləri daha kiçik paraçalara ayrımaq üçün yaratdığı Qarabağ problemi birdəfəlik həll olundu;

İkinci dərs. Dondurulmuş münaqişələrin həlli ilə bağlı beynəlxalq münasibətlərin praktikası və etikası üçün yeni və ən optimal nümunə ortaya qoyuldu. Bu nümunənin adı “güc yolu ilə sülhə məcbur etmək” idi. Əminəm ki, bundan sonra beynəlxalq münasibətlər sistemində “dondurulmuş münaqişələrin həllində Azərbaycan təcrübəsi” anlayışından istifadə olunacaq;

Üçüncü dərs. Qarabağ məsələsinin həlli göstərdi ki, postsovet məkanında yaranmış digər münaqişələr də həll oluna bilər. Əminəm ki, Gürcüstan, Moldova, Abxaziya və Osetiya münaqişələrinin həllində “Azərbaycan təcrübəsi”ndən yararlanacaqlar;

Dördüncü dərs. Hadisələr Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqliyin nə qədər güclü və faydalı olduğunu göstərdi;

Beşinci dərs. Aparılan hərbi əməliyyatlar göstərdi ki, artıq müharibə tarixində yeni nəsil döyüş texnologiyalarının tətbiqi dövrü başlayıb;

Altıncı dərs. Azərbaycan mülki əhaliyə zərər vurmamaqla dünyada tayı-bərabəri olmayan çox humanist və ədalətli müharibə örnəyi sərgilədi;

Yeddinci dərs. Dünya “Azərbaycan xalqı” fenomeni ilə qarşılaşdı. 2010-cu illərdə orduda əsgərlərin sındırılması istiqamətində həyata keçirilən geniş cəza və işgəncə əməliyyatlarına, kütləvi terror və qırğınlara, ordu rəhbərliyinin bu böyük vəhşiliyə etinasız yanaşmasına baxmayaraq, Azərbaycan hərbçiləri yenidən toparalanaraq, bu süqutu dəf edərək, düşmənin üzərinə getməyi bacardı və tarixdə tayı-bərabəri olmayan qəhrəmanlıq nümunəsi göstərdi. Bu xüsusda deyə bilərəm ki, Azərbaycan xalqının vətən və torpaq sevgisi həqiqətəndə çox yüksək və müqəddəs səviyyədədir;

Səkkizinci dərs. Azərbaycan xalqı var qüvvəsi ilə ordunun arxasında dayandı və xaqlın orduya bu cür dəstəyi bütün dünyaya örnək oldu;

Doqquzuncu dərs. “Qarabağ erməniləri” anlayışı tarixə qovuşdu. Bundan sonra din xadimləri, siyasətçilər və media bu anlayışdan istifadədən çəkinməlidirlər”.

Tarixçi alim sonda vurğulayıb ki, başqa dərslər də ola bilər və bu yolla tarixçilər, araşdırma aparanlar üçün daha əhatəli tezislər təqdim etmiş olarıq.






Fikirlər