“Rusiya azərbaycanlıları hərbi xidmətə çağırmaq istəyirsə...” - Milli Məclisin deputatlarından etiraz

Rusiyanın Voronej şəhərində çevik polis qüvvələri azərbaycanlıların məclisinə basqın ediblər. Sosial şəbəkələrdə yayılan görüntülərdə polislərin şəhərdəki “Ford” restoranına basqın etdikləri əks olunub.

Bildirilir ki, onların arasında Rusiya vətəndaşı da olan 50 nəfərə Rusiya ordusunda müddətli hərbi xidmət üçün çağırış vərəqələri verilib.

Azərbaycanlıların bu cür kobud basqınlarla üz-üzə qalması isə narazılığa səbəb olub.

Son zamanlar, xüsusilə, Rusiyada həmvətənlərimizlə bağlı bu cür sərt, nümayişkaranə addımların atılması tənqid edilib.

Bununla bağlı Oxu.Az-a danışan Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri də həmvətənlərimizlə bu cür rəftarı qınayıblar. Deputatlar hesab edirlər ki, həmyerlilərimizin dünyanın hər hansı bir ölkəsində ədalətsizliklə qarşılaşması qəbulolunmazdır.

Deputat Nəsib Məhəməliyev vurğulayıb ki, Rusiya vətəndaşlığını qəbul edən şəxslər Rusiya qanunvericiliyinə uyğun olaraq, səfərbərliyə də cəlb olunurlar:

“Əgər hansısa ölkənin vətəndaşlığını qəbul etmisənsə, təbii olaraq, həmin ölkənin qanunvericiliyinə uyğun hüquqlarla yanaşı, öhdəliklər də yaranır. Həmin şəxslər Rusiya vətəndaşları olduğu üçün Rusiya hökuməti ilə bu məsələ haqqında hansısa əlaqə saxlamağa ehtiyac qalmır. Orduda xidmət etmək istəmirlərsə, qanunauyğun şəkildə vətəndaşlıqdan imtina etməlidirlər.

Əfsuslar olsun ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq, Rusiya hüquq-mühafizə orqanları tərəfindən soydaşlarımıza qarşı çoxsaylı sərt davranışların şahidi olmuşuq. Bunu da qeyd etməliyəm ki, belə davranışlar təkcə azərbaycanlılarla bağlı deyil, digər etnik azlıqlara qarşı da sərgilənir. Hətta federasiyanın subyektləri, aborigen xalqlar belə, etnik zəmində diskriminasiya halları ilə üzləşirlər. Düşünmürəm ki, qonşu ölkədə baş verən neqativ hallar, hansısa mərkəzi hakimiyyətin apardığı siyasətlə bağlıdır. Rusiyada yaşayan soydaşlarımızın sayı kifayət qədər çoxdur və onların əksəriyyəti öz normal həyatını yaşayır. Bəzi xoşagəlməz hallar daha çox yerli strukturların özfəaliyyəti kimi qəbul olunmalıdır.

Əsas səbəb Rusiya-Ukrayna müharibəsi, kollektiv Qərblə qarşıdurma nəticəsində şimal qonşumuzun düşdüyü mürəkkəb vəziyyətdir. Digər səbəb kimi Rusiya cəmiyyətində hələ də şovinist ideyaların daşıyıcılarının mövcudluğunu, milli azlıqlara qarşı dözümsüzlüyü qeyd edə bilərik”.

İşçi qrupunun digər üzvü Azər Badamov da Voronej şəhərində çevik polis qüvvələrinin azərbaycanlıların məclisinə basqın etməsini xoşagəlməz hadisə adlandırıb. Deputatın fikrincə, baş vermiş olayla bağlı Rusiyadakı səfirliyimiz tərəfindən araşdırma aparıla bilər:

“Rusiya vətəndaşı olan azərbaycanlılara Rusiya ordusunda müddətli hərbi xidmət etmək üçün çağırış vərəqələrinin verilməsini bu ölkənin daxili işi hesab edirəm. Əgər hər hansı bir şəxs bir ölkənin vətəndaşlığını qəbul edirsə, onun ölkə qarşısında öhdəlikləri yaranır. Rusiya vətəndaşı olan azərbaycanlıların da bu ölkə qarşısında öhdəlikləri var. Ona görə müddətli hərbi xidmətlə bağlı çağırış vərəqələrinin paylanması Rusiyanın qanunlarına uyğundur. Vətəndaşın qarşısında dayanan öhdəliklərdən biri də çağırılan zaman o ölkə üçün hərbi xidmətə getməkdir. Məsələdə bir qanunsuzluq olduğunu hesab etmirəm.

Buna baxmayaraq, toy məclisinə basqın edib, insanlar arasında təşviş yaradaraq, hərbi xidmətə çağırışın icrası düzgün deyil. Əgər kimisə hərbi xidmətə çağırmaq istəyirlərsə, qeydiyyatda olduğu ünvanlara bildirişlər göndərməklə bunu etmək olar. Yaxud həmyerlilərimizin telefonuna SMS göndərmək təcrübəsi mövcuddur və bu, Rusiyanın qanunlarında da əksini tapıb. Çağırışı həyata keçirmək üçün çoxlu üsullar olduğu halda, məclisə basqın edərək, bunu reallaşdırmaq kobuddur və pislənilməlidir”.

Son vaxtlar Rusiyada sırf qeyri-ruslara qarşı kobud davranışların nümayiş olunduğunu vurğulayan parlament üzvü Vüqar İsgəndərovun fikrincə, bu münasibət, əsasən, Qafqaz millətlərinə qarşı sərgilənir. Xüsusilə, azərbaycanlılara qarşı kobud davranışlar, evlərə gələrək insanlara çağırış vərəqələrinin verilməsi, onların axtarılması halları sosial şəbəkələrdə paylaşılır: “Voronej şəhərində restorana basqın edilib, azərbaycanlılara Rusiya ordusunda xidmət üçün çağırış vərəqələri verilib. İnsanlar restoranda ailəsi ilə birlikdə dincəldiyi məqamda oradakılara kobud davranış sərgilənməsi hər birimizi narahat edir. Əvvəla, bu, hansısa bir siyasi məsələ həddində deyil. Burada polisin kobudluğu, bir növ özbaşınalığı var. Çünki Azərbaycan və Rusiya arasındakı münasibətlər, təbii ki, çox rəvandır, normaldır. Hər hansı problemlər olduqda dövlətlərarası, hökumətlərarası, parlamentlərarası məsələlər də qısa vaxt ərzində müzakirə edilir, problem varsa, aradan qaldırılır.

Rusiyada yalnız azərbaycanlılara qarşı yox, ümumilikdə qeyri-ruslara qarşı bu cür rəftarların zaman-zaman baş verdiyini eşidirik. Təbii, bizi əsas düşündürən öz həmvətənlərimizdir, onların şəxsi həyatlarına bu formada müdaxilələr narahatlıq doğurur, Rusiya polisi bu məsələdə diqqətli olmalıdır. Millətindən asılı olmayaraq, kimsə Rusiya vətəndaşıdırsa, o ölkədə hərbi xidmətə də getməlidir, qanunlarına hörmət etməlidir. Lakin insan haqlarının, fundamental dəyərlərin pozulması yolverilməzdir. Azərbaycan və Rusiya arasındakı həssas münasibət, bütün sahələrdəki strateji əlaqələrin yüksək səviyyədə olduğu vaxtda bu cür halların baş verməsi qəti arzuolunan deyil. Rusiya Daxili İşlər Nazirliyi mütləq belə müdaxilələrdə kobud özbaşınalığa qarşı ölçü götürməlidir”.






Fikirlər