“Laçının itkisiz azad olunması Azərbaycanın tarixi-diplomatik uğurudur”

“Laçının itkisiz azad olunması Azərbaycanın tarixi-diplomatik uğurudur”

“Bu gün Azərbaycan xalqı böyük qürur və fərəh hissi ilə Laçın rayonunun erməni işğalından azad olunmasının üçüncü ildönümünü qeyd edir. Hamıya məlum olduğu kimi Laçın rayonu Ermənistanın kapitulyasiya aktını imzalaması nəticəsində  Azərbaycana təhvil verilmişdir. Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən avqustun 26-ı Laçın şəhəri günü kimi qeyd olunur”.

 Bu sözləri Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 Millət vəkili açıqlamasında qeyd edib ki, Laçın rayonu 18 may 1992-ci ildə işğal olunmuşdu. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Erməni vandallarıının törətdikləri vəhşiliklər nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Təəssüflər olsun ki, dünyanın aparıcı beynəlxalq təşkilatları bütün bu vandalizm qarşısında susur. Ermənistanın bu davranışlarını yerində qiymətləndirmək və əsl reallığı dünya ictimaiyyətinə təqdim etmək üçün təşəbbüs göstərməli olan beynəlxalq təşkilatlar ikili standartlardan çıxış edirlər.

 Deputat bildirib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Burada diqqət çəkən əsas məqam bu üç böyük rayonun bir güllə atılmadan, bir şəhid vermədən azad edilməsidir. Azərbaycan Ordusunun hər üç rayonun azad edilməsi ilə bağlı hərbi planları mövcud olub, lakin bu bölgələrin çətin reylefi uğurun daha böyük itkilər hesabına olacağını deməyə əsas verir. Bu haqda cənab Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə əlaqədar xalqa müracətində belə demişdir : “Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var... Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı”. Ağdam, Kəlbəcər və Laçının itki vermədən azad olunması Azərbaycanın hərbi sahədə olduğu kimi diplomatik sahədə də qazandığı böyük uğurun nəticəsidir.

 Fikirlərinin davamı olaraq, millət vəkili Tamam Cəfərova qeyd edib ki, Laçın rayonun işğaldan azad olunması olduqca mühüm strateji əhəmiyyət kəsb edir. Bu rayon Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz rolunu oynayır. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Bu nöqteyi-nəzərdən qeyd etməliyik ki, 28 il sonra Laçın rayonunun düşmən işğalından azad olunması mühüm tarixi hadisə idi.

 Millət vəkili Tamam Cəfərova fikirllərinin davamı olaraq bildirib ki, Laçın rayonunun dağıdılan iqtisadiyyatının bərpası və sürətlə Azərbaycan iqtisadiyyatına reinteqrasiya olunmasında sərhədlərin bütövlüyünün təmin olunması çox böyük rol oynayır. Beləki,  Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması bu baxımdan olduqca mühüm tarixi hadisədir.

 Regionun strateji əhəmiyyətini artıran hava limanlarına diqqət çəkən millət vəkili bildirib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Və işğaldan azad olunmuş digər rayonlarımızda olduğu kimi Laçına da tezliklə həyat qayıdacaq. Tezliklə, Laçın rayonu da Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək.

Bir daha Laçın rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edirəm.

AzerTaym.az






Fikirlər