Azərbaycana qarşı güclü diplomatik savaş başlayıb - SƏMƏD SEYİDOV JURNALİST HƏBSLƏRİNDƏN DANIŞIR
Azərbaycanla Qərb arasındakı gərginlik fonunda ölkəmizdə jurnalistlərin və siyasi fəalların həbsi baş verir. ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə son telefon zəngi zamanı iki ölkə arasındakı gərginliyin aradan qaldırılmasına yönəlik müzakirələrdən sonra da bu proses davam etdi. Müşahidəçilər hesab edir ki, rəsmi Bakı bu həbslərlə ABŞ-a qərb dəyərlərinin təbliğatçılarına Azərbaycanda yer olmadığını nümayiş etdirir. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Parlamentin Beynəlxalq Münasibətlər Komitəsinin sədri Səməd Seyidov Gununsesi.info-ya müsahibəsində mövcud vəziyyətə dair sualları cavablandırıb. – Səməd müəllim, birinci onu soruşmaq istəyirəm ki, nə baş verir? Bir-birinin ardınca jurnalitslər həbs edilir, Avropadan, ABŞ-dan sərt tənqidlər gəlir. Bəlkə, deyəsiniz, ölkə Qərblə niyə qarşıdurmaya gedir? – Ciddi hadisələr baş verir. Diqqət yetirmisinizsə, Avropa Parlamentinin ağlasığmaz, qeyri-adi Azərbaycana qarşı təhqiredici bir sənədi komitə səviyyəsində müzakirəyə çıxarır. O sənədin qəbul edilmə mexanizmini araşdırsanız görərsiniz ki, saytda hələ “qəbul olunmayan” sözünün yazıldığı sənədi artıq “qəbul olunan” kimi ifadə edirlər. Ermənistan artıq bu barədə bizə kampaniya aparır. Ortada erməni lobbisinin fəaliyyəti var. Bu gün pafoslu səslənsə də deməliyəm ki, Azərbaycana qarşı güclü diplomatik savaş başlayıb. Bizim komitə bu barədə sərt bəyanat verib. Yəqin ki, siz də onu görmüsünüz. Burada bir neçə səbəb var. – O səbəblər nədir, açıqlaya bilərsinizmi? -Birinci səbəb odur ki, Ermənistan kapitulasiya sənədi imzalasa da mövqeyini dəyişməyib. İkincisi, bunlar Azərbaycana qarşı kampaniyanı ona görə kəskin şəkildə təşkil ediblər, həqiqətlər açılacaq. Söhbət 30 il ərzində Azərbaycan dövlətinə, onun xalqına qarşı cinayətlərin açılmasından gedir.Bu yerdə bizim məşhur “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” məsəli yerinə düşür. Digər məsələ, Azərbaycanın davranışını Qərbdəki güclər qəbul etmir. Bu məsələri birlikdə götürəndə sizin “Nə baş verir” sualınızın cavabı ortaya çıxır. Bu saat mənim masamın üzərində Ermənistanla bağlı Avropa Şurasında müzakirə olunacaq sənədlər var. Orada gedən proseslər faktiki baş-ayaq təqdim olunur. Bu gün biz yaxşı bilirik ki, Ermənistanda müxalifətə qarşı nələr olur, jurnalistlər hansı şəraitdə çalışır.Biz bilirik ki, Ermənistan bir əsarətçilikdən çıxıb, digər əsarətçiliyə keçir. Bunlar məruzələrdə yoxdur. Ancaq Azərbaycan müstəqil ölkədir. Bizə qarşı kampaniya məhz müstəqil mövqeyimizə görə baş verir. Biz bunu açıq ifadə edirik. – Yəni, jurnalistləri həbs etməklə bunu ifadə etməliyik? – Mən detallara getmirəm. Bu gün istintaq dövrüdür, onların işinə qarışmaq olmaz. Ancaq bir siyasətçi kimi Qərbin Azərbaycana qeyri-obyektiv təsirini görürəm. Buradan irəli gələn hadisələr var. Ortadalıqda Azərbaycanın Qarabağdakı qalibiyyətinin həzm olunmamasının görüntüsü var. Ən əsası bizim müstəqil siyasətimizi qəbul etmirlər. Hesab edirlər ki, Azərbaycan bunların aləti olmalıdır. Yaxud da iflasa uğrayan, yazıq, özünü itirmək dövrünü yaşayan məmləkət kimi görmək istəyirlər. Amma Azərbaycan güclü, öz torpaqlarını azad edən bir dövlətdir. Azərbaycan yeni geosiyasi vəziyyətin aparıcı qüvvəsinə çevrilib.Söhbət Türk dünyasında baş verənlərdən gedir. – Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında avroatlantik məkana inteqrasiya yolu strateji kurs kimi seçilib. İndi Azərbaycan bu yoldan dönürmü? -Bizim Qərblə münasibətimiz, seçdiyimiz yol öz müstəqilliyimizdən, mənliyimizdən, milli kimliyimizdən imtina demək deyil. Onlar bizdən bunu tələb edir. Bu gün nümayiş olunan Qərbin dəyərlərindən irəli gələn məsələlərə aid deyil. Faktiki əsarətçilik siyasətini bizə tətbiq edirlər. İndi baş verənlər Qərbin siyasəti deyil. Biz normal, ikitərəfli münasibətlərdə səmimiyik. Cənab O”Brayn-nın təhqiramiz çıxışını unutmadıq. Blinken cənab Prezidentə zəng etdi. Nə oldu, özləri mövqeyini geri götürdülər. İndi həmin şəxsi Azərbaycana göndərirlər və başa düşürlər ki, Azərbaycanla bu tonda danışmaq olmaz. Onlar hesab edirdi ki, onların icazəsi olmadan torpaqlarımızı azad etdiyimiz üçün bizi cəzalandırmalıdırlar. Ona görə də hesab edirlər ki, insan haqları və sair məsələlər adı ilə bizi sıxacaqlar, sanksiyalarla təhdid edəcəklər. Ermənistan 30 il Azərbaycana qarşı işğalçılıq siyasəti aparıb. Xocalı soyqrımını tördib. Amma sakit, könüllü şəkildə Xankəndindən öz xoşu ilə gedən ermənilərə görə bizi hədəfə alırlar. 300 min Ermənistandan qovulan azərbaycanlılar haqqında bir dəfə də danışmayıblar. Qərb əvvəlcə bəyan etsin ki, ən azı 300 min soydaşımızın Ermənistana qayıtmalıdır. Ermənistandan qaçanlar insan yox, amma Xankəndindən gedənlər insandır?