Paşinyan danışdı, amma nə demək istədi?
Ermənistan strateji inkişaf planı ilə yanaşı, yaxın perspektivə hesablanmış konkret diplomatik fəaliyyət taktikasından da məhrumdur. Bu, qonşu ölkəni bütün region üçün başağrısına çevirə bilər Ermənistanın baş naziri Nikol Paşinyan dünən Təhlükəsizlik Şurasının iclasını keçirib. Azərbaycanla sülh sazişinin imzalanmasının və kommunikasiyaların açılmasının, habelə şərti dövlət sərhədinin delimitasiyası ilə demarkasiyasının müzakirə olunduğu iclasla bağlı rəsmi məlumat çox lakonik, qısadır. Bunun müqabilində Nikol Paşinyanın özü bir neçə açıqlama ilə çıxış edib, daha sonra isə Ermənistan İctimai Televiziyasına müsahibə verərək mövqeyini bəyaq edib. Onun sözlərinə görə, "Qarabağın statusu məsələsinin müsbət həll variantı heç vaxt danışıqlar masasında olmayıb": "Madrid prinsiplərindən tutmuş bütün variantlar problemin həllini nəzərdə tutmayıb. Yalnız bir variant var idi ki, 1999-cu ildə təklif edilmişdi. Bu da Qarabağla Meqri bölgəsinin mübadiləsi idi. Bu, Qarabağ problemini həll edəcək yeganə təklif idi". Daha sonra o, Rusiyanın dövlət başçısı Vladimir Putinlə müdafiə naziri Sergey Şoyquaya öz aləmində "cavab" verərək "Qarabağın Azərbaycan ərazisi olduğunu ilk əvvəl Rusiya tanıyıb" söyləyib. Paşinyanın siyasi demaqoq və diletant, daha doğrusu, luzer olduğu, Rusiyaya "hücum"lardan da daxili siyasi mətbəx üçün istifadə etdiyi məlumdur. O da bəllidir ki, rəsmi İrəvan ilin sonunadək sülh sazişin imzalamaq niyyətində deyil. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan gələn ilin yanvar ayının ortalarında Vaşinqtonda Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla görüşə ümid edir. Onun sözlərinə görə, Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken sözügedən görüş və müzakirələrdə "maraqlıdır". Ermənistanın Fransa, Avropa İttifaqı ilə də təmasları aktivləşir və ermənilər pan-Avropa strukturları, xüsusilə də Avropa Parlamenti ilə daha intensiv əməkdaşlığa can atırlar. N.Paşinyanın son günlərdəki ritorikasına görə, "Ermənistan Avropaya inteqrasiya və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması, bütün dövlətlərlə sabit, sıx əməkdaşılığın əldə olunması üçün səfərbər olub".
Belədirmi? Onillərdən bəri fikri, niyyəti və əməlləri ilə bəyanatları diametral ziddiyyət təşkil edən Ermənistanın xarici siyasətində, siyasi şüurunda, cəmiyyətdəki mövqelərdə və ümumiyyətlə, hakimiyyətin davranışı ilə dünyagörüşündə ciddi dəyişikliklər varmı? Ermənistan işğalçılıq, revanşizm, qisasçılıq, ərazi iddiaları üzərində köklənmiş ideologiyadaen əl çəkərək yaşam matrisini yeniləməyə başlayıb? Suallar yalnız ilk baxışdan sadə təsir bağışlayan bilər, amma İrəvanın siyasətinnin mahiyyətində dönüş nöqtələri nəzərə çarpmadığından cavablar mücərrəddir. Daha doğrusu, cavablar mənfidir. Ermənistan dəyişməyib və tam əksinə, rəsmi İrəvanın doktrinal siyasəti ilə diplomatik strategiyasında əməllicə reqress, geriləmə müşahidə olunur. Səbəb ideya böhranı, niyyət yoxluğu və ideoloji boşluqdur. Azərbaycan hakimiyyəti strateji düşüncəyə, strateji hədəflərə və məqsədlərə malik olduğundan 5-10 il sonrakı dövrü yox, 20-30 il bundan sonrakı mərhələd fəaliyyət strategiyasını bəlirləyib. Ölkə rəhbərliyinin son 20 ildə yürütdüyü siyasətin məntiqi davamı olan və 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra yenilənərək güc, potensial və miqyasını daha da artıran Azərbaycan diplomatiyası üzləşdiyimiz çağırışlara preventiv qaydada cavablar hazırlayır. Ermənistanda hadisələrə postfaktum reaksiya və münasibətlər olduğundan baş nazir Nikol Paşinyanın hakimiyyəti 5-10 il bir yana -beş-on həftə sonra nə edəcəyini planlaşdırmır və əslində, bunu etmək iqtidarında da deyil. Ermənistan indi idarəetmə mexarizmlər sıradan çıxan, sükanı olmayan gəmiyə bənzəyir: belə gəmi dreyf edir, su axınları və külək hansı istiqamətdədirsə, o yöndə hərəkət edir. Rəsmi İrəvan üçün konkret halda axın və külək rollarını Fransa ilə Avropa İttifaqı oynadığından Ermənistan gerçəkdən də, asılı və müti durumdadır. İkinci Qarabağ Müharibəsinldə məğlub olaraq kapitulyasiyaya uğrayan və böyük itkilər verən Ermənistanda sakinlər onları faciələrlə fəlakətə tuş etmiş N.Paşinyanı 2021-ci ildən yenidən seçərək hakimiyyətdə saxladılarsa, bu, qonşu ölkənin cəmiyyətinin siyasi seçiminin naqisiliyindən xəbər verən amil sayıla bilər. İstənilən başqa toplum, etnos və ya cxəmiyyət müharibədə məğlub olanda, ciddi siyasi və sosial böhranla üzləşəndə, onillər boyu yürütdüyü siyasətin naqisliyinin fəsadları ilə qarşılaşanda vəziyyəti təhlil edir, çıxış yolları arayır. Total əksəriyyət hallarda proses özünütənqid, yol verilmih səhvlərin aşkarlanması və onların aradan qaldırılması ilə başlanır. Bəşər tarixində işğalçı siyasət yürüdən, qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edən, amma sonra başladığı müharibədə məğlub olaraq fiaskoya uğrayan dövlətlər çox olub. Belə dövlətlərin istisnasız olaraq hamısı yaşadığı faciənin kökünü etnos səviyyəsində təhlildə arayıb. Ermənistanda vəziyyət tam fərqlidir. Ermənilər aqressiv şovinizmin, revanşizmin, ərazi iddialarının, saxta tarixə əsaslanan zəhərli idefikslərin məntiqi nəticəsi olan darmadağında özlərini əsla, amma əsla günahkar saymırlar. Onlar baiskarları kənarda arayır, hamını və hər kəsi Ermənistana vaxtında dəstək verməməkdə, yardım etməməkdə, hətta 2-ci Qarabağ Müharibəsində Azərbaycana qarşı vuruşmamaqda suçlayırlar. Situasiyanın anormallığı budur ki, Ermənistan problemlərin səbəblərini özündə aramır. Ermənistanda indi yaşanan proseslərin bazisində duran əsas problem ermənilərin hakimiyyəti, iqtidarı, hökuməti yox, dövləti suçlu saymalarıdır. Ölkədən kənardakı ermənilərin icma təşkilatları və bu strukturların pulla ələ aldıqları siyasətçilər, deputatlar, konqresmenlər, senatorlar, merlər və bələdiyyə sədrləri Ermənistanın xarici siyasətinə yön verməyə, İrəvanın diplomatik təşəbbüsləri ilə qərarlarınnı müəyyənləşdirməyə çalışırlar.
İrəvandakı siyasi partiyalar, xüsusilə də Nikol Paşinyan hakimiyyətinə müxalifətdə olan qüvvələrə nəzər salsaq, heyrətamiz mənzərə yaranır. Ölkədə bir partiya (!) belə, müstəqil fəaliyyət göstərməyərək bu və digər ölkədən idarə olunur, müxtəlif xarici təşkilatların maliyyəsindən asılıdır. Təbii ki, pulları kimlər verirsə, fəaliyyət istiqamətlərini və ideoloji məfkurəni də o müəyyənləşdirir. Ermənistandakı müxalifət düşərgəsindəki parçalanma və düşərgələnmə ideya fərqləri ilə yox, maliyyə mənbələri və idarəetmə mərkəzlərindən asılı olduğundan Nikol Paşinyan sistemsiz hala düşərək özünü günbəgün zəiflətən müxalif kütləni özünə effektiv rəqib bilmir. İrəvandakı hakimiyyət isteblişmentinin hələ də ölkəni idarə etməsinin səbəbi onun praqmatimk, rasional, ağıllı və düşünülmüş siyasət nəticəsində güclü olması yox, qarşı tərəfin, yəni müxalifətin dağınıq, isterik və sistemsiz olmasıdır. Elçin Alıoğlu
TREND