“Heydər Əliyev Köçəryana dedi ki...” - Vilayət Quliyev
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələri, “Heydər Əliyev İli” çərçivəsində görülən işlər, Azərbaycan-Bosniya və Herseqovina münasibətlərinin perspektivləri barədə AZƏRTAC-a müsahibə verib. AzerTaym.az yenisabah.az-a istinadən müsahibəni ixtisarla təqdim edir: - Vilayət müəllim, Azərbaycan xalqı bu il Ulu Öndərinin, fenomenal şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. “Heydər Əliyev İli” çərçivəsində görülən işlər barədə nə deyə bilərsiniz? - Xalqımız “Heydər Əliyev İli”ni böyük şərəflə başa vurur. Lakin sonrakı illərdə də Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılacaq. Azərbaycan var olduqca, Ümummilli Lider Heydər Əliyevin xatirəsi hər zaman böyük sevgi ilə yad ediləcək. Nə yaxşı ki, “Heydər Əliyev İli”ndə Azərbaycan 30 ildən bəri davam edən ağır bir prosesə də son qoydu, bütün əraziləri üzərində özünün müstəqilliyini və suverenliyini bərpa etdi. Nə yaxşı ki, bu, “Heydər Əliyev İli”nə təsadüf etdi. Mən 1999-2003-cü illərdə Heydər Əliyev ilə birgə işləmək səadətinə nail olmuşam. Gündəlik müşahidələrimdə görürdüm ki, keçmiş Dağlıq Qarabağ mövzusu Heydər Əliyev üçün nə qədər ağır və əzablı düşüncələrə səbəb olurdu. O, Qarabağ itkisini, deyərdim ki, fiziki ağrı kimi yaşayırdı. Harada olsa, haraya getsə həmişə bu münaqişənin hansı yolla aradan qaldırılması, işğal altındakı torpaqların necə azad edilməsi haqqında düşünürdü. Bütün görüşlərdəki danışıqlarının əsas mövzusu məhz bu məsələ idi. Nə yaxşı ki, keçmiş Dağlı Qarabağ münaqişəsi öz qəti həllini bu il - Heydər Əliyevin anım ilində tapdı. İnanıram ki, Heydər Əliyevin ruhu indi şaddır. Etiraf etməliyəm, bir neçə il öncə mən fikirləşirdim ki, qarşıdan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi yaxınlaşır. Bu 100 illiyə bizim töhfəmiz nə olacaq? Şübhəsiz ən böyük töhfə işğal altındakı torpaqlarımızın azad olunması idi. Mən ən cəsarətli xəyallarımda belə bugünkü mənzərəni təsəvvürümə gətirə bilmirdim ki, işğal altında olmuş bütün ərazilərimizdə, o cümlədən Xankəndidə Azərbaycan Bayrağı ucaldılacaq, dalğalanacaq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə hərbi paradı qəbul edəcək. Əslində bu Qələbənin kökləri də məhz Heydər Əliyevin böyük fəaliyyətinə - onun 1993-cü ildə ölkəni xaosdan qurtarmasına, Azərbaycan dövlətçiliyini möhkəm təməllər üzərində qurmasına, ordu quruculuğu sahəsində əldə olunmuş nailiyyətlərə və bütün bu proseslərin Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla davam etdirilməsinə əsaslanır. Nəticədə isə Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, öz tarixi torpaqlarının sahibidir və bu torpaqların bir qarışını da heç kəsə güzəştə getmək fikrində deyil. - Azərbaycanın xarici işlər naziri kimi siz Ulu Öndər Heydər Əliyevlə müxtəlif səfərlərdə, görüşlərdə iştirak etmisiniz. Yəqin ki, xatirələriniz də kifayət qədərdir. Ümummilli Liderlə bağlı ən yaddaqalan xatirəniz hansıdır? - Heydər Əliyevlə bağlı bir xatirəmi məmnunluqla bölüşmək istəyirəm. Azərbaycan Avropa Şurası üzvlüyünə qəbul olunan zaman, Şuranın xahişi ilə Strasburqda Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirildi. Əslində bu, formal xarakterli görüş idi. Çünki görüşün heç bir real nəticəsi olmadı. Sadəcə Avropa Şurası nümayiş etdirmək istəyirdi ki, o da münaqişənin həllinə öz töhfəsini vermək istəyir. Amma görüşün sonunda maraqlı bir epizod yaşandı. Binanı əvvəlcə ermənilər, sonra isə biz tərk etməli idik. Biz öz növbəmizi gözləyirdik ki, avtomobillər ayrılsın. Bu zaman erməni nümayəndə heyəti artıq binadan çıxırdı. Köçəryan vidalaşmaq üçün Heydər Əliyevə yaxınlaşdı. Heydər Əliyev “bir dəqiqə”, – deyə onu saxladı və dedi: “Mən çoxdan bunu soruşmaq istəyirdim, indi fürsət yarandı. Vaqifin Şuşadakı məqbərəsinin vəziyyəti necədir?”. Xatırlayaq ki, bu məqbərə Ulu Öndərin təşəbbüsü ilə ucaldılıb. O, təkcə ədəbi tarixi deyil, həm də siyasi əhəmiyyəti ilə önəm daşıyır. Köçəryan özünü sadəlövh bir görkəmə salaraq dedi: “Bizim başımız ayılana qədər məqbərəni dağıtdılar. Mərmər üzlükləri qopardılar, alüminium şəbəkələri apardılar. Amma sütunları qalır”. Heydər Əliyev çox incə bir istehza ilə gülümsəyərək dedi: “Əminəm ki, sənin özün bu işə əl bulamamısan”. Köçəryan özünü itirərək, “Nə danışırsınız, Heydər Əliyeviç?”, - dedi. Sonra tez bizim yanımızdan uzaqlaşdı. O uzaqlaşdıqdan sonra Heydər Əliyev üzünü bizə çevirərək dedi: “Hamısının başında özü dayanır. Quldurbaşının böyüyü özüdür. Amma eybi yox. Biz günün birində yenidən Şuşaya da qayıdacağıq, o məqbərəni əvvəlkindən də yaxşı bərpa edəcəyik, Azərbaycan insanı yenə də əvvəlki kimi Şuşanı ziyarətə gedəcək”. Tale nəsib etdi və biz bu günləri gördük. Bizi bu Zəfərə aparan yolun başlanğıcında, bünövrəsində Heydər Əliyevin işıqlı şəxsiyyəti, böyük dövlətçilik təcrübəsi, əzmi, iradəsi, Azərbaycan insanının, xalqının gələcəyinə olan böyük ümidi və inamı dayanır.