“Kimin hansı fərziyyələr irəli sürməsindən asılı olmayaraq digər olay və faciələr kimi, 31 dekabr 1989-cu il sərhəd hərəkatının da iştirakçısı, əziyyət çəkəni və həm də qəhrəmanı Azərbaycan xalqıdır. Və bu, əsrlərlə davam edən zülmə, parçalanmaya qarşı bir etiraz idi, xalqımızın növbəti qəhrəmanlıq səhifəsi idi...”
Elə o dövrdən bəri belə bir versiya səslənir ki, guya Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsasının qoyulduğu 31 dekabr 1989-cu il hadisələri xalq kütlələrini qızışdıraraq Bakıda öncədən planlaşdırılan Qanlı Yanvar qətliamına, yəni Azərbaycan paytaxtına qoşun yeritmək üçün bəhanə yaratmaq, həmçinin Azərbaycan Xalq Cəbhəsinin sağlam qüvvələrinin demokratik seçkilər yoluyla hakimiyyətə gəlməsinin qarşısını almaq üçün sovet “KQB”-si tərəfindən törədilib...
1988-1992-ci illərdəki milli azadlıq hərəkatının fəallarından biri olmuş, Klassik Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, istiqlalçı millət vəkili Mirmahmud Mirəlioğlu mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:
“Bu məsələni hətta tarixi bilənlər də belə, məqsədyönlü şəkildə ortalığa qoyurlar. Bəli, bu hərəkatdan sui-istifadə də olub. Təbii ki, SSRİ DTK, başqa sözlə, “KQB” sərhəd hərəkatının təşkil edilməsindən xəbərsiz ola bilməzdi və həmin hərəkat sıralarına öz adamlarını yerləşdirə bilərdi. Amma digər tərəfdən, bu hərəkat barədə AXC rəhbərliyinin qərarı var. Həmin qərarı kim qəbul edib, kim icra edib bunlar da bəllidir. Və bunlar artıq bir tarixdir. Eyni zamanda burada başqa bir ciddi məsələ də var. Axı 20 Yanvar faciəsinədək bunlar niyə baş verirdi? Ona görə ki, artıq Azərbaycanda bir hakimiyyətsizlik var idi. Xalq özü bütövlükdə ayağa qalxmışdı və öz istədiyini yerinə yetirirdi. Necə ki, Ermənistanda və keçmiş Dağlıq Qarabağda erməniləri ayağa qaldırmışdılar və onlar “Azadlıq”, “Miatsum” qışqırırdılar, Qərbi Azərbaycandan azərbaycan türklərini zorla deportasiya edirdilər, qovurdular. 1905, 1918, 1948-ci illərdə olduğu kimi, 1988-ci ildə də soydaşlarımızı öz doğma yurdlarından qovurdular- bunun da arxasında “KQB” və Kreml dururdu. Eləcə də 1988-ci ilin payızında Qarabağda, Topxanada baş verənlərin, həmçinin Sumqayıt hadisələrinin... Məsələ ondadır ki, 1989-cu ilin sonu 1990-cı ilin əvvəlində elə vəziyyət yetişmişdi ki, növbəti seçkilər gözlənilirdi və artıq həmin seçkilərdə xalqın böyük dəstəyi ilə demokratik düşüncəli hərəkatçılar, milliyyətçilər hakimiyyətə gələcəkdi. Və Sovet rəhbərliyinə bunun qarşısını almaq lazım idi. Lakin xalq hərəkatı, milli azadlıq hərəkatı o dərəcədə genişlənib vüsət almışdı ki, artıq hakimiyyət tərəfindən idarə oluna bilməzdi, onun nəzarətində ola bilməzdi. Məhz bu səbəbdən müxtəlif təxribatların baş verməsi təbii idi. Eyni zamanda xatırlayaq ki, Bakıdakı Qanlı Yanvaradək keçmiş SSRİ məkanında Qazaxıstanda, Baltikyanı ölkələrdə, Gürcüstanda oxşar faciələr törədilmişdi. Və Azərbaycandakı milli olyanışa da Moskva dözə bilməzdi... Nəticədə 20 Yanvar baş verdi, seçkilər ertələndi və seçkilərədək həbslər başlandı, repressiya maşını işə düşdü. Artıq Kommunist partiyası özünün son mərhələsini yaşayırdı və özünü xilas etməyə çalışırdı... Bir sözlə, ən mühümü hadisələrə kimin necə baxmasıdır. Və kimin hansı fərziyyələr irəli sürməsindən asılı olmayaraq digər olay və faciələr kimi, 31 dekabr 1989-cu il sərhəd hərəkatının da iştirakçısı, əziyyət çəkəni və həm də qəhrəmanı Azərbaycan xalqıdır. Və bu, əsrlərlə davam edən zülmə, parçalanmaya qarşı bir etiraz idi, xalqımızın növbəti qəhrəmanlıq səhifəsi idi...”
Sultan Laçın