Gələn il bu hadisələr olacaq: Azərbaycanlılarla ermənilər barışacaq, Ukrayna və Yaxın Şərqdə...

"Gələn il Azərbaycan və erməni xalqları üçün sülh və əmin-amanlıq ili olacaq. 2024-cü ilin sonuna qədər Ukrayna müharibəsində önəmli dəyişiklik olacaq. Bir neçə aya İsrail-HƏMAS qarşıdurması da dayanacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə 2024-cü ildə Azərbaycan-Ermənistan münasibətləri, Ukrayna savaşı və İsrail HƏMAS qarşıdurması barədə proqnozlarını səsləndirərkən deyib.
Zərdüşt Əlizadə vurğulayıb ki, üzümüzə gələn il Azərbaycan və Ermənistan arasında münaqişə bitəcək:
"Yaxın vaxtlarda tərəflər arasında sülh müqaviləsi imzalanacaq. Bütün digər məsələlər, nəqliyyat yollarının açılması, sərhədlərin delimitasiya və demarkasiyası, diplomatik əlaqələrin qurulması, Ermənistanın Türkiyə ilə münasibətlərinin tənzimlənməsi də baş verəcək".
 
Politoloq bildirib ki, Ukraynada isə vəziyyət gərgin olacaq. 
"Ukraynadakı proseslər isə ABŞ-dakı seçki təbliğatı və onun nəticələrindən asılıdır. 2024-cü ilin sonuna qədər Ukrayna müharibəsinə əlac edəcəklər. Çünki Ukraynadakı müharibənin aqibəti ABŞ-da keçiriləcək seçkilərə güclü təsir göstərir", deyə Zərdüşt Əlizadə vurğulayıb.
Politoloq hesab edir ki, İsrail-HƏMAS qarşıdurmasında mühüm gəlişmələr olacaq:
"Yəhudilər fələstinliləri Qəzzadan qovub, ərazini təmizləmək istəyir. Sadəcə, yer tapmaqda hələlik çətinlik çəkirlər. Şirnikləndirsələr belə, Misir onları qəbul etmir. Çünki bilirlər ki, fələstinlilər "partlayıcı maddədir”, hara düşsələr, öz haqlarını tələb edəcəklər. İsraildə radikal prinsiplər hökmrandır. Müsəlman dünyasının birliyə nail olması imkansız görünür. Buna baxmayaraq, düşünürəm ki, bir neçə aya İsrail-HƏMAS qarşıdurması da dayanacaq".

 






Fikirlər