ABŞ Ermənistandan istifadə edir: amma necə?
Ermənistan indiki siyasətində ciddi dəyişikliklər etməzsə, bölgədə vəziyyətin sürətlə gərginləşməsi istisna deyil. Ağır vəziyyət yarananda İrəvana nə Fransa, nə də ABŞ real yardımlar edəcək. ABŞ-dəki erməni diasporunun siyasi və iqtisadi gücü ilə imkanları az deyil. Birləşmiş Ştatların bir neçə şəhərində isə, ümumiyyətlə, yerli sakinlərin əksəriyyəti ermənilərdir və həmin ərazilərdən seçkilərə namizəd qismində qatılan istənilən amerikalı siyasətçi reallıqları nəzərə almalıdır. Bununla belə, Birləşmiş Ştatlardakı erməni icmasının potensialı və imkanları olduğundan artıq dəyərləndirilməməlidir. Əfsuslar olsun ki, hazırda erməni icması və xüsusilə də erməni diaspor təşkilatları ilə bağlı az qala mifləşmiş, əsatirlərə çevrilmiş köhnə narrativlərin işlək qaldığını görürük. ABŞ-də siyasətçilər, dövlət qurumları, xüsusilə də Konqres və Ağ Ev yerli ermənilərin maliyyə, siyasi və s. imkanlarından, onların elektoral və digər resurslarından maksimum dərəcədə faydalanmağa çalışırlar. Vaşinqtonun İrəvana verdiyi dəstəyin də əsas səbəbi məhz daxili siyasət müstəvisindəki maraqların təminatıdır. Birləşmiş Ştatlarda prezident seçkiləri ilə bağlı situasiyada, təbii ki, demokratlar və respublikaçılar partiyalarından olan potensial namizədlərdən hər biri erməni seçiciləri öz tərəfinə çəkərək, onların səslərini qazanmağa çalışır. Normal siyasi prosesdir, lakin onu anormallaşdıran ermənilərin davranışı və xüsusilə də Ermənistanın ABŞ ilə bağlı gözləntilərdir. Birləşmiş Ştatlar Ermənistana və ermənilərə çox vədlər verib, həmin vədlərin reallaşdırılmasına gəldikdə isə, erməniləri ciddi problemlər gözləyir. Cənubi Qafqazda amerikalıların uzunmüddətli strateji, geosiyasi və geostrateji, habelə iqtisadi maraqları mövcuddur, sayları və çeşidi də az deyil. Di gəl, həmin maraqlar arealında Ermənistanla bağlı deyilənlər bir qədər emosional yüklü açıqlamalar təsiri bağışlayır. Birləşmiş Ştatların regiondakı əsas maraqları Cənubi Qafqazdan kənarda olduğundan, bölgəmiz amerikalılar üçün digər siyasi prioritetlər kontekstində önəm kəsb edib. Reallıq budur ki, Qərbin, xüsusilə də ABŞ-nin Cənubi Qafqaza marağı geosiyasi və iqtisadi baxımdan anormal dərəcədə sürətlə artıb. Sovetlər Birliyi dağılandan sonra postsovet məkanındakı ölkələri Vaşinqton dərhal siyasi kontrol altına almağa çalışdı. Daha sonra isə beynəlxalq terrorizmə qarşı qlobal savaş başladı və bu savaşa da ABŞ rəhbərlik etdi. Daha sonra Avropa İttifaqı və NATO ölkələrinin enerji təhlükəsizliyinin təminatı, həmin dövlətlərin enerji daşıyıcıları təminatı marşrutlarının say və çeşidinin artırılması, yəni diversifikasiyası məsələləri gündəmə gəldi. Cənubi Qafqaz ölkələri isə sadalanan çağırışlar və problemlərin çözülməsi baxımından ABŞ üçün uzunmüddətli prioritetlərin formalaşdığı regiona çevrildi. Azərbaycan və Gürcüstanın enerji daşıyıcılarının dünya bazarına çıxarılması baxımından çox böyük önəm kəsb etdikləri bəlli oldu. Üstəlik, Orta Asiyada hasil edilən xam neft və təbii qazın Avropa İttifaqı ölkələrinə nəqli marşrutlarının ən effektiv, rentabelli istiqamətlərinin Azərbaycandan keçməsinin məqbulluğu ilə yanaşı, neft və qaz hasilatçısı kimi ölkəmizin rolu dəfələrlə artdı. Cənub sərhədlərimizdə İranın, şimalda isə Rusiyanın olması Azərbaycanı amerikalılar üçün geosiyasi maraqlar toplusu qismində daha da maraqlı etdi. Gürcüstan məlum: neft-qaz boru kəmərlərinin əksəriyyəti bu ölkədən keçir, üstəlik, Tbilisi aşkar amerikanofil mövqe tutur və Rusiyanın cənub cinahı kimi Vaşinqtonu cəlb edir. Ermənistana gəldikdə, amerikalılar təbii ehtiyatlar və strateji perspektiv, habelə logistika marşrutları coğrafiyası baxımından çox zəif ölkədən sırf siyasi-hərbi planların reallaşmasında rahat məkan qismində istifadə etməyə qərar verdilər. Daha sadə yazsaq, Cənubi Qafqaz bölgəsində Rusiya ilə İranın təsir imkanlarının zəiflədilməsi, İrəvanın Moskvadan asılılığının azaldılması, həmçinin, Avropa İttifaqının geosiyasi mənfəət əldə etməyə yönəlmiş manipulyasiyalarının məhdudlaşdırılması üçün Ermənistan əlverişli alət təsiri bağışladı. Rusiya prezidenti Vladimir Putin regional olmayan güclərin Cənubi Qafqazda möhkəmlənmək cəhdlərindən bəhs edəndə ilk əvvəl ABŞ-ni nəzərdə tuturdu. Fransanı özünə hami və əsas siyasi sponsor bəyan edən Ermənistanın hakimiyyət dairələri Parisdən aldıqları təlimatları yerinə yetirərək, ordunun qalıqlarını sürətlə silahlandırmaqla məşğuldur. Ermənistanı Fransa ilə yanaşı, Cənubi Qafqazda geosiyasi dayaqlara yiyələnməyə, həmçinin, Türkiyə-Azərbaycan-Pakistan əlaqələrinin güclənməsi fonunda alternativ addımlar atmağa çalışan Hindistan da silahlandırır. Baş nazir Nikol Paşinyanı militarist istiqamətdə ruhlandırmağa və Azərbaycana qarşı daha radikal mövqe tutmağa sövq etməyə çalışan Fransa ilə Hindistan, yəqin ki, anlayırlar: ermənilərin sürətlə silahlandığı şəraitdə təbii və mütləq şəkildə rəsmi Bakı da ordusunun hərbi-texniki potensialını artıraraq təkmilləşdirir. Beləcə, bölgədə silahlanma və ritorikanın sərtləşməsi sürətlənir, vəziyyət gərginləşir. Fransa və Avropa İttifaqının siyasətçilərindən və manipulyasiyaları fəaliyyət hesab edən məmurlarından fərqli olaraq, Birləşmiş Ştatların hakimiyyət dairələri Azərbaycanın Ermənistana qarşı ərazi iddialarında olması, Bakının İrəvana hücum etmək niyyətinə düşməsi barədə iddiaları puç və mənasız hesab edir. Ancaq Birləşmiş Ştatların siyasi elitaları yaxın perspektivdə Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədində silahlı toqquşmaların, yaxud atışmaların baş verəcəyini istisna etmir. Vaşinqton onu da anlayır ki, Ermənistanın özünü düçar etdiyi geosiyasi vəziyyət qeyri-müəyyənliklərlə zəngindir: İrəvanın gələcəyini ermənilər yox, onlara hamilik və əslində, sahiblik edən dövlətlərlə təşkilatlar müəyyənləşdirməyə başlayıblar. Cənubi Qafqazda Qərbin dəyərləri, imkanları və təşkilatlarının manevr-təsir potensialı fasiləsiz zəiflədiyindən Ermənistanın durumu çox mütəhərrikdir. Onu da unutmayaq ki, hazırda Rusiya üçün Ermənistanla müqayisədə, Azərbaycanın önəmi dəfələrlə artıb. Azərbaycanın ərazisi, potensialı, iqtisadiyyatı və imkanları Ermənistandan daha böyükdür; Azərbaycan Rusiya ilə həmsərhəddir, İranla və Mərkəzi Asiya ölkələri ilə sıx əlaqələrə malikdir. Eyni zamanda, Türkiyə və Mərkəzi Asiya ölkələrinin də daxil olduqları Böyük Avrasiya geosiyasi və geoiqtisadi layihəsində Azərbaycan müstəsna əhəmiyyətə malik qovşaqdır. Rusiyanın bölgədə təsiri zəifləsə də, bu, tam kontrol edilən zəifləmədir. ABŞ bunu bilir və vəziyyətə uyğun davranmaq niyyətindədir. Həmin niyyətlərdə Ermənistan hansı yer tutur, az sonra görəcəyik. Elçin Alıoğlu
TREND