Son 6 gün - seçki həyəcanı artır ...

Seçki Monitorinq Koalisiyası hesabat yaydı: namizədlər fəal təşviqat aparır; müşahidəçi QHT nümayəndələrinin sayı son prezident seçkisi ilə müqayisədə 4 dəfə çoxalıb.

Seçkiyə 1 həftədən də az - cəmi 6 gün qaldı. 5 gün sonra - təbliğat-təşviqat bitir. Qanunla seçkiyə 24 saat qalmış təbliğat dayandırılmalıdır. Bəs prezidentliyə namizədlərin son günlərdə hansı planları var? 

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, növbəti günlərdə seçicilərlə görüşlər davam edəcək: “Göyçayda, Ağsuda görüşlərdə oldum. Fevralın 1-də İmişlidə, ardınca Şirvanda görüşlər olacaq. Bölgələrdə vətəndaşlarla görüşlərdə platformamızı paylaşırıq, cəmiyyətdən dəstək almağa çalışırıq. Bundan başqa, gələn həftə ATƏT-in müşahidə missiyası ilə görüşümüz nəzərdə tutulur. Namizədlərin birgə görüşü də olacaq. Fevralın 2-də MDB Parlament Assambleyasının təmsilçiləri ilə görüşəcəyik. Paralel olaraq qərargahın gündəlik işlərini tənzimləyirik.  Təşviqat materiallarının dərci davam edir. Televiziyada da bir neçə çıxışımız olacaq. Ümid edirəm ki, seçki kampaniyası dövründə uğurlu iş apara bildik və müsbət nəticələr görə biləcəyik”.

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev qeyd etdi ki, sonuncu görüşü Balakəndə olub: “Seçicilərlə görüşlər fevralın 6-na qədər davam edəcək. Yəni fevralın 5-i görüşlərin son günüdür. Bəzən rayonlara gedəndə və qayıdanda bir neçə kənddə ayaqüstü görüşlərimiz də olur”. 

Növbədənkənar prezident seçkisində seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət fevralın 2-də başa çatır. Seçki Məcəlləsinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbüsü əsasında) seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələri müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim etməlidir. Növbədənkənar prezident seçkisi ilə əlaqədar bu müddət 2024-cü il fevralın 2-dək olan dövrü əhatə edir.

Prezidentliyə namizədlər üçün çətin dövr başladı

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası isə 7 fevral növbədənkənar prezident seçkisinin monitorinqi ilə bağlı “Aralıq hesabat”ını təqdim edib. Hesabatda qeyd olunub ki, Azərbaycan ərazisini əhatə edən 63 seçki dairəsində müşahidələr aparmaq üçün 500 müşahidəçi seçilib, onlar üçün təlimatlandırıcı “Yaddaş”, üzərində koalisiyanın loqosu əks edilmiş döş nişanları hazırlanıb. Hesabatda qeyd olunan bəzi məqamları oxucuların nəzərinə çatdıraq:

“...7 fevral növbədənkənar prezident seçkisinin yeni tarixi-siyasi bir şəraitdə, müasir dünyanın tələblərinə uyğun, demokratik prinsiplər əsasında yeni keyfiyyətlərlə xarakterizə olunan fəaliyyətə başlamaq üçün bir start olduğu deyilir. Ölkə əhalisinin əksəriyyəti bunun həqiqətən də belə olduğunu qəbul edir. Ötən seçkilərdən sonra beynəlxalq missiyalar tərəfindən, Azərbaycanda seçki mexanizmlərini təkmilləşdirmək üçün bir sıra tövsiyələri olmuşdu. Təəssüf ki, son vaxtlar Seçki Məcəlləsində edilən bir sıra dəyişikliklər zamanı müxtəlif səbəblər üzündən həmin tövsiyələr lazımi qədər nəzərə alınmayıb. Qeyd etmək lazımdır ki, Mərkəzi Secki Komisiyası (MSK) seçkilərin daha demokratik və şəffaf keçirilə bilməsi üçün şərait yaradan bir sıra müsbət dəyişikliklər edib, onları həyata keçirib”.

Ölkə ərazisində 125 seçki dairəsi, Dairə Seçki Komissiyası, 6319 Məntəqə Seçki Komissiyası yaradılıb. Koalisiya müşahidəçilərinin topladığı məlumata əsasən, bütün dairələrdə, məntəqələrdə seçkiyə hazırlıq işləri yüksək səviyyədə getməkdədir. Bu işə təcrübəli, seçki texnologiyaları barədə ətraflı məlumatı olan insanlar cəlb edilib. MSK-nın məlumatına əsasən, 7 fevral seçkisində 6320500 seçici qeydə alınıb.

Hesabatda həmçinin qeyd edilir: “Müşahidəçilərin verdiyi məlumatlara əsasən deyə bilərik ki, respublikanın heç bir yerində imzatoplama prosesində maneçilik törədilməmişdir. İmza toplaya bilməyənlərin özlərinin bizim koalisiya üzvləri ilə görüşlərdə etiraf etdiklərinə görə onlara imza toplamaqda əsasən vaxt azlığı maneə olmuşdur. Vaxt azlığı faktoru heç də həlledici səbəb olmayıb. Təəssüflə qeyd edirik ki, bu seçkidə prezidentliyə namizədlər arasında qadın olmamışdır. Ancaq bu hər hansı süni səbəb və ya siyasi əngəllə bağlı deyil. Namizədlikləri qeydə alınanların bir qismi milli-azadlıq hərəkatında yaxından iştirak edən fəal insanlardır...

Prezidentliyə namizədlərin hər biri yanvar ayının 15-dən başlamış təşviqat kampaniyasında böyük fəallıq göstərirlər. Tez-tez müxtəlif ərazilərdə, bölgələrdə seçicilərlə görüşür, onların problemləri haqqında ətraflı məlumatlar toplayır, qaldırılan məsələlər ətrafında geniş müzakirələr aparırlar. Müşahidəçilər ölkənin müxtəlif ərazilərində prezidentliyə namizədlərin keçirdiyi görüşləri də müşahidə ediblər. Onların verdikləri məlumatlara görə, bu görüşlər xeyli maraqlı keçir. Görüşlərdə əhalinin bir sıra problemləri müzakirə olunmuş, faydalı, konstruktiv təkliflər formalaşdırılmışdır. Namizədlər bu təklifləri teledebatlarda səsləndirirlər. Namizədlərlə keçirilən bu görüşlər insanların fəallığını artırmağa, onları seçkidə fəal iştirak etməyə həvəsləndirir.

Koalisiya prezidentliyə namizədlər Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Elşad Musayev və Fuad Əliyev ilə görüşlər keçirib. Namizədlərin hər biri indiki beynəlxalq vəziyyəti dərindən təhlil edə bilən, dövlətçiliyimizi möhkəmlətmək baxımından qarşıda duran vəzifələri aydın təsəvvür edən, ölkəmizin tərəqqisi yolunda əllərindən gələni etmək istəyən insanlardır; Namizədlərin hər biri, bu seçkilərdə iştirak etməklə əhali ilə daha yaxından təmasda olmaq, mövcud problemləri daha dərindən öyrənmək, öz mövqelərini insanlara daha aydın şəkildə bildirmək, ölkənin inkişaf strategiyalarının formalaşmasında daha yaxından iştirak etmək məqsədlərini güdürlər. Namizədlərin hər biri indiki prezidentin ölkənin taleyində, torpaqlarımızı işğaldan azad etməkdə oynadığı tarixi rolu yüksək qiymətləndirirlər. Eyni zamanda bütün namizədlər yekdil olaraq ölkədə bir çox sosial, hüquqi, iqtisadi problemlərin də olduğunu bildirirlər. Əhalinin güzəranının yaxşılaşdırılması, sosial müdafiəsinin artırılması sahəsində də olan problemlərin də tez bir zamanda həll edilməsinə təxirəsalınmaz işlər kimi baxırlar. Bu sahədə özlərinin, təmsil etdikləri siyasi qüvvələrin, komandanın da yaxından iştirak etmək arzusunda olduğunu bildirirlər. Alimlərin, mütəxəssislərin də bu işlərə cəlb olunmasını vacib hesab edirlər. Ümid edirlər ki, yaxın zamana ölkədə bu istiqamətdə ciddi addımlar aparılacaq. Respublika ərazisində müşahidə aparacaq QHT nümayəndələrinin sayı son prezident seçkisi ilə müqayisədə 4 dəfə artıb. Müşahidə prosesinə qoşulacaq QHT-lərin sayı rekorda - 78-ə çatıb. Ölkədə fəaliyyət göstərən QHT-ləri, vətəndaş cəmiyyəti institutlarını, ictimai birlikləri təmsil edən 6045 nəfər seçki günü müşahidəçi olacaq. Onlardan təkcə 500-dən çoxu bizim koalisiyanın müşahidəçiləri olacaq".

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi ilə əlaqədar xarici ölkələrdə yaşayan azərbaycanlıların səsverməsi üçün tədbirlər davam etdirilir. Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyində, Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulluqlarda seçki məntəqələri açılacaq. Azərbaycanın Gürcüstandakı səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb. Hazırlıq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən də fəal şəkildə davam etdirilir. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, bu məqsədlə Ankara şəhərində yerləşən səfirlikdə 46 və 47, İstanbuldakı Baş Konsulluqda 53 və 54, Qarsdakı Baş Konsulluqda 55 saylı seçki məntəqələri yaradılıb.

 






Fikirlər