“Abzas Media” bəyanat yaydı ...
“Abzas Media” bəyanat yayaraq fəaliyyətini Avropadan davam etdirəcəyini bildirib.
"AzerTaym.az" yeniavaz.com-a istinadən xəbər verir ki, bəyanatın mətni mətbuat orqanının sosial media hesablarında dərc olunub.
“Son 3 ayda “Abzas Media”nın rəhbərliyi və bütün redaksiya heyəti “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. Bizimlə əməkdaşlıq edənlər təzyiqlərə, bank hesablarının dondurulmasına və ölkədən çıxış qadağalarına məruz qalıblar. Bu həbs və təzyiqlərin siyasi motivli olduğunu və apardığımız korrupsiya araşdırmalarının qarşısını almaq məqsədi daşıdığını bir daha qeyd edirik.
Hökumət “Abzas Media”nın əməkdaşlarını həbs etməklə onun resurslarını tükəndirib və yaranmış repressiv mühit Azərbaycandan fəaliyyəti artıq mümkünsüz edir. Bu səbəblə həbsdə olan “Abzas Media” rəhbərliyinin istəyi ilə bu dövrdə müvəqqəti baş redaktor vəzifəsini Leyla Mustafayeva yerinə yetirəcək. O, Avropanın müxtəlif ölkələrinə səpələnmiş yeni redaksiya heyətinin işinə nəzarət edəcək.
Biz jurnalist fəaliyyəti üçün təhlükəsiz mühitin yaradılmasının vacibliyini başa düşürük və bu çətin dövrlərdə söz azadlığına dəyər verən qlobal ictimaiyyətin və əcnəbi həmkarlarımızın dəstəyini yüksək qiymətləndiririk.
Bu çətin günlərdə nümayiş etdirdiyiniz anlayışınız və dəstəyiniz üçün təşəkkür edirik. “Abzas Media” hazırkı şəraitdə belə jurnalistika prinsiplərini qoruyaraq dəqiq və qərəzsiz xəbərlər çatdırmağa sadiq qalacaq”, - bəyanatda deyilir.
Qeyd edək ki, “Abzas Media” işi üzrə ötən il noyabrın 20-də nəşrin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri ilə əlaqədar olduğunu bildirirlər.