İranın növbəti prezidenti kim olacaq? – “Putin, Ərdoğan və Əliyev...”

İranın növbəti prezidenti kim olacaq? – “Putin, Ərdoğan və Əliyev...”

“İranın növbəti prezidenti kim olacaq” mövzusunda müzakirələrdə reallığa söykənən ehtimal və fərziyyələrdən daha çox siyasi möhtəkirlik var”.

Yenisabah.az xəbər verir ki, bunu iranşünas-yazar Əziz Rzazadə deyib.

Onun sözlərinə görə, ölkədə elan olunmuş matəm bitənə qədər bu barədə publik müzakirələr aparılmayacaq:

“Hazırda İranın Birinci vitse-prezidenti Məhəmməd Müxbir helikopter qəzasında həlak olan prezident İbrahim Rəisinin səlahiyyətlərini müvəqqəti icra edir. Ayətullah Xamnəi başsağlığı mesajında bu vəzifəni ona rəsmən etibar edib. İran Konstitusiyasının 131-ci maddəsinə görə, prezident əvəzi, məhkəmə hakimiyyətinin və Nəzarətçilər Şurasının rəhbərlərindən ibarət xüsusi komissiya 50 gün ərzində yeni prezident seçkisini təşkil və həyata keçirməlidir”.

Ə. Rzazadə vurğulayıb ki, qəza ilə yaranmış fövqəladə vəziyyətdə hələlik favorit namizədlər yoxdur: 

“İran Seçki Qərargahının sözçüsü Möhsün Eslami növbədənkənar prezident seçkilərinin iyunun 28-də keçiriləcəyini bildirib. Bu, 50 gündən də qısa müddətdir. İranda prezident vəzifəsi mövcud siyasi sistemdə ilk sıranı tutmasa da, mühüm postdur. Ölkənin milli təhlükəsizlik konsepsiyasını məhz prezident hazırlayır, Ali Milli Təhlükəsizlik Şurasına sədrliyi də o edir. Üstəlik, Ali Rəhbərin vəfatı, yaxud səlahiyyətlərinə xitam verilməsi halında dövlətin müvəqqəti idarəçiliyi də məhz prezidentin daxil olduğu üçnəfərlik kollegiyaya həvalə olunur”. 

Ekspert əlavə edib: “Bir sıra nüfuzlu media resursunda İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Müxbir barədə geniş bioqrafik yazılar dərc olunub. Bu barədə danışmaq tez olsa da, rəsmi Tehranın hazırkı böhranı mümkün qədər ağrısız və becid adlamaq istəyi hiss olunur. Seçkilərin 50 gündən qısa müddətə (təxmini 38 gün sonra) keçirilməsi də buna sübutdur. Artıq seçkilərin keçirilmə qrafiki də elan olunub.

Bu, texniki baxımdan mümkündür. İran artıq son parlament seçkilərində, daha doğrusu, bəzi bölgələrdə keçirilən təkrar səsvermədə elektron səsverməni belə sınaqdan çıxarıb. Məncə, seçkidə iştirak faizinin aşağı olması da hakim sistemi qorxutmur. Amma qısa müddətdə kimlər ortaya çıxa, namizədliyini irəli sürə bilər? Əsas sual budur!

Məncə, Nəzarətçilər Şurası, bir rus məsəlində deyildiyi kimi, “hər halda, həvəs işgəncə deyil” ovqatında seçkiyə qatılmaq istəyən namizədlərin nazı ilə çox oynamayacaq. Yəni prezidentliyə iddialı şəxslərin sayı 2, yaxud 3 nəfəri keçməyəcək. Əsas namizəd hakim elitanın etibar etdiyi şəxs, zənnimcə, Məhəmməd Müxbir olacaqsa, digər namizəd, yaxud namizədlər statist rolunu icra edəcək. 

Ehtimalım, əlbəttə, Quran ayəsi deyil. Amma artıq Müxbir Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon ünsiyyətində olub. Hər iki dövlət başçısı İbrahim Rəisinin əsasını qoyduğu qonşularla mehriban münasibətlər kursunun davam etdirilməsində maraqlıdır. Elə Prezident Əliyev də mayın 21-də İslam Respublikasının ölkəmizdəki səfirliyində olarkən vurğulayıb: “İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənib və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilib. Bununla bərabər, konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışıq, önəmli qərarlar qəbul edilib. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaq. Əminəm ki, bütün razılaşmalar icra ediləcək”. 

Ə. Rzazadə bir məqama da toxunub: “Məhəmməd Müxbir hazırkı siyasi kursun davamçısı olmaqla yanaşı, post-Xamnəi dövrünün varisi yarışmasında iddiaçı deyil. O, iqtisadçıdır və İbrahim Rəisi administrasiyana dəvəti olunması da sırf sosial-iqtisadi müşküllərin həlli zərurətlərindən irəli gəlirdi.

Məhəmməd Müxbirin prezident seçilməsi ilə bərabər, bəzi keçmiş kabinə üzvlərin kürsülərini qoruması ehtimalı var. O cümlədən, Əli Baqirinin. Onun XİN rəhbəri kürsüsünə yiyələnməsi mümkündür. Bilməyənlər üçün deyim, onun qardaşı Misbahol-Hadi Baqiri Kəni Ayətullah Xamnəinin kürəkənidir”.






Fikirlər