PAŞİNYAN RUSİYANIN “QIRMIZI XƏTLƏRİNİ” ZORLAYIR - Moskva bu oyunbazlığa nə qədər dözəcək?
Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması realdırmı? Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Avropa İttifaqı (Aİ) arasında viza rejiminə baxılması üzrə danışıqların başladığını bəyan edib. Bu barədə o, Avropa Komissiyası başçısının müavini Marqarita Sxinasla görüşdə deyib. "Münasibətlərimizdə gözəçarpan dəyişikliklərin olmasından şadam: viza rejiminin liberallaşdırılması üzrə danışıqlar başlanır, Avropa Sülh Fondu Ermənistan Respublikasını dəstəkləmək qərarı verib, bunları yüksək qiymətləndiririk", – Paşinyan deyib. O, qeyd edib ki, Ermənistanda Aİ-yə üzv olmağın mümkünlüyü barədə müzakirələr davam edir. "Bu mövzuya detallı və kompleks şəkildə baxmaq lazımdır. Bu zaman Aİ-dəki tərəfdaşlarımızın müşahidələri və məsləhətlərinə qulaq asmaq vacibdir", – Ermənistanın Baş naziri deyib. Aİ Şurasının mətbuat xidməti iyulda Ermənistanla vizasız rejimlə bağlı danışıqların rəsmən başladığını elan edib. Bloka üzv ölkələrin viza liberallaşdırılması üzrə dialoqu təsdiqləmək qərarı Ermənistan hökumətinin Qərblə yaxınlaşması, Rusiya ilə münasibətlərdə gərginliyin artması fonunda baş verir. Hazırda isə Ermənistan vətəndaşlarının Avropa ölkələrinə viza alması çətinliklə başa gəlir. Yerli mətbuatın yazdığına görə, İrəvanda Yunanıstan, Avstriya, Litva və Xorvatiyaya viza verilən mərkəzlərdə böyük növbələr var. Hər gün ajiotaj yaranmasa da, bəzən vizaların verilməsi aylarla çəkir. Ermənistanın Avropa İttifaqı ilə münasibətlərindəki dinamika onun əsas müttəfiqi Rusiya üçün “qırmızı xətlərin” keçilməsi sayılır. Bu barədə Rusiya rəsmiləri dəfələrlə bəyanat verərək, Ermənistan rəhbərliyinə xəbərdarlıq ediblər. Bəzən hədə-qorxu şəklində olan xəbərdarlıqlarda İrəvana Rusiya və onun flaqmanı olduğu Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə ticarət əməliyyatlarından qazandığı milyardlarla dollar xatırladılır. Qeyd edək ki, Ermənistanın bu istiqamətdə ticarət dövriyyəsi son iki ildə - Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri dəfələrlə artıb. 2024-cü ilin 9 ayının yekunlarına görə isə 20 miyard dollar (!) təşkil edib. Qeyd edək ki, ötən ilki 7.4 milyardlıq dövriyyə ilə müqayisədə 9 aylıq ticarət həcmi 3 dəfə artım nümayiş etdirib və bu da normal iqtisadi əlaqələrin məntiqinə ziddir. Əlbəttə, Sovet sistemindən hələ də qopa bilməmiş zəif Ermənistan iqtisadiyyatı bu ticarətdə Rusiya və Aİİ-nin partnyoru deyil. İrəvan əsasən Qərbin sanksiya qoyduğu məhsulların Rusiyaya reeksportu hesabına nəhəng gəlirlər əldə edir. Bura Rusiya hərbi zavodlarının silah istehsalında çox ehtiyac duyduğu yarımkeçiricilərin, çiplərin olduğu avadanlıqların Qərb şirkətlərindən alınaraq yüksək qiymətə satılması başlıca rol oynayır. Məsələn, ticarət həcmlərində məişət avadanlıqlarının reeksportu böyük yer tutur. Bundan başqa, Rusiya qızılı da Ermənistan vasitəsi ilə ərəb ölkələrinə satılır. Burada ticarət mexanizmi belə qurulub: Rusiyadan gətirilən qızıl 1 ay Ermənistanda qaldıqdan sonra bu ölkənin öz məhsulu kimi ərəb ölkələrinə göndərilir. Aİİ-nin ticarət qaydalarına görə, bir məhsul digər ölkəyə göndərildikdən 1 ay sonra idxalçı ölkənin öz məhsulu kimi üçüncü alıcılara satıla bilər. Maraqlıdır ki, Rusiyaya qarşı 20 minə yaxın sanksiya tətbiq etmiş ABŞ və onun müttəfiqləri Ermənistanın qadağa rejimini açıq-aşkar pozmasına göz yumur. Birləşmiş Ştatlrın maliyyə-nəzarət və kəşfiyyat qurumları sanksiyaları pozan ölkələrə, şirkətlərə qarşı məhdudiyytlər tətbiq etsələr də Ermənistana “gözün üstə qaşın var” demirlər. Onu da qeyd edək ki, Rusiya bazarları Ermənistanın yeyinti sənayesi, kənd təsərrüfatı məhsulları üçün də ən gəlirli bazardır. İrəvannın yaxın xaricdə üçüncü ölkələrlə belə sadələşdirilmiş, məhdudiyyətsiz ikinici bazarı yoxdur. Rusiya Paşinyan hökumətinə bildirir ki, Avropa İttifaqı ilə münasibətləri “qırmızı xətləri” keçərsə, iqtisadi münasibətlərə yenidən baxa bilər. Hətta Ermənistandan Rusiyaya əsas keçid olan Gürcüstanın Yuxarı Lars gömrük-keçid məntəqəsi də bir neçə dəfə “hava şəraitinə”, “fizo-sanitar qaydaların pozulmasına” görə bağlanıb, erməni sahibkarlar günlərlə yollarda qalıb. Amma Rusiya hər dəfə güzəştə gedib və malların daşınmasına icazə verib. Görünür, ağır sanksiyalar altında getikcə zəifləyən Rusiyanın da Ermənistan üzrəindən Qərb, Hindistan, Çin, ərəb şirkətləri ilə əlaqəsinə ehtiyacı artır. İrəvan bu ehtiyaclardan sui-istifadə edərək müttəfqinin “qırımızı xətlərini” pozmaqda davam edir. Bu vəziyyət nə qədər davam edə bilər? Əlbəttə, Ermənistanın Avropa İttifaq ilə viza qaydalarını sadələşdirməsi, Qərb ittifaqına üzv olmaq yönündə prosedurlara başlaması üçün uzun illər lazımdır. Ermənistan hələ ki, Aİ-nin ən minimal standartlarına belə cavab verən iqtisadi, maliyyə, demokratik sistemə malik deyil. Xüsusən, Rusiya hərbi bazalarının mövcud olduğu, sərhədlərinin üçüncü ölkə tərəfindən qorunduğu, həyati əhəmiyyətli sənaye və infrastruktur obyektlərinin Rusiyanın nəzarətində olduğu ölkənin Avropa İttifaqına inteqrasiyası mümkün deyil. Ehtimal etmək olar ki, Brüsseldən İrəvana verilən isti mesajlar siyasi-diplomatik mahiyyət daşıyır və Kremlin regionda nüfuzunu itirdiyini göstərən faktor kimi tədqim edilir. Moskvanın bu oyunbazlığa nə qədər dözəcəyi, Ermənistana qarşı sərt iqtisadi sanksiyalara başlayıb-başlamayacağını demək çətindir. Çünki, Rusiya da Ukraynaya qarşı təcavüzkar müharibədən dolayı “pis yerdə axşamlayıb”… “AzPolitika.info”