Erməni və gürcüləri gözləyən ŞOK TƏHLÜKƏ...
Gürcüstan və Ermənistan Rusiya ilə sıx ticarətə görə Qərb sanksiyaları ilə üzləşə bilərlər. Bu iddia ilə Birləşmiş Ştatların nüfuzlu CNBC saytı çıxış edib. Hər iki qonşu dövlət Ukrayna müharibəsi başlanandan sonra iqtisadiyyatlarında gözlənilməz və sıçrayışlı artım yaşayıb. Müəllif bildirib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) rəqəmlərinə görə, ötən il Gürcüstan iqtisadiyyatında 10.1 faiz, Ermənistan iqtisadiyyatında isə 12.6 faiz iqtisadi artım qeydə alınıb. BVF bildirir ki, 2023-cü ildə bu rəqəmlər müvafiq olaraq 4 və 5.5 faizə düşə bilər. Lakin ekspertlərin fikrincə bu azalma proqnozuna baxmayaraq hər iki ölkədə artımın əsas meylləri və deməli mümkün Qərb sanksiyaları riski də qalır. Gürcüstandakı Azadlığın İnkişafı və İnformasiya Azadlığı İnstitutunun aparıcı eksperti Mixeil Kukava CNBC-yə deyib ki, Gürcüstan Rusiyanın bütün dünyada təklənməsindən fürsətlənməsəydi, iqtisadiyyatında belə artım olmazdı. Qərb liderləri bir sıra treyderlərin Rusiyaya qarşı sanksiyalardan yan keçmək üçün Ermənistan, Gürcüstan, Qazaxıstan və Türkiyə kimi ölkələrdən istifadə etməsindən narahatdırlar. Özünün son iqtisadi proqnozunda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Rusiya kimi təcrid edilmiş ölkələrə dəstək verən ölkələri "aralıq ticarət partnyorları" adlandırır. Bankın hesabatında deyilir: "Avropa İttifaqından, Birləşmiş Krallıqdan və Birləşmiş Ştatlardan Mərkəzi Asiya və Qafqaza ixrac dramatik şəkildə artıb. Bu isə "aralıq ticarətin" artmasını göstərir. Mallar Mərkəzi Asiya iqtisadiyyatlarına ixrac edilir və çox vaxt oradan Rusiyaya satılır".
2022-ci il ərzində Gürcüstanın Rusiya ilə idxalı 79, ixracı isə 7 faiz artıb. Rusiya Ermənistanın həm idxal, həm də ixracda ən böyük partnyorudur. CNBC yazır ki, Gürcüstan və Ermənistan hökumətləri onun sorğusuna hələ ki cavab verməyiblər. Bununla belə Gürcüstanın dövlət statistika qurumu - Geostatın məlumatına görə ölkənin Rusiya ilə ticarətində əsas yeri avtomobillər, benzin və "başqa qeyri-müəyyən materiallar" tutur. 2022-ci ildə Gürcüstandan Rusiyaya avtomobillərin, təyyarələrin və gəmilərin ixracı 2021-ci illə müqayisədə 4 dəfə artıb. Kukava bu barədə deyib: "Rusiyanın istər idxal, istərsə də ixracda nə vaxtsa Gürcüstanın əsas ticarət partnyoru olması mənim yadıma gəlmir. Bəzi malların ixracı 1000, bəzilərinin ixracı isə 500 faiz artıb. Şübhəli deyil?" Mümkün sanksiyalar
Belə vəziyyət Avropa İttifaqından və müttəfiqlərdən araçı ölkələrə qarşı sanksiyaların qoyulması çağırışlarının artmasına səbəb olub. Avropa Komissiyasının sözçülərindən biri CNBC-yə deyib ki, Avropa İttifaqı hazırda Rusiya üçün vasitəçi olan üçüncü ölkələrin müəyyənləşdirilməsi üzərində işləyir. Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen demişdi ki, Ukraynaya qarşı müharibəyə görə Rusiya üzərinə qoyulacaq 11-ci sanksiya paketində sanksiyalardan yayınma yollarının bağlanması üçün müddəalar yer alacaq. CNBC yazır ki, belə tədbirlərin zərbəsi ilk növbədə Gürcüstan kimi Aİ və ya NATO üzvlüyü istəyən ölkələrə dəyə bilər. Ermənistan iqtisadiyyatında qəfil və gözlənilməz sıçrayışın səbəbi
Yeri gəlmişkən, Ermənistan Baş naziri Nikol Paşinyan da Soçidə keçirilən Aİİ konfransında ölkəsinin iqtisadi artımı ilə öyünüb. O, 2022-ci ildə Ermənistan iqtisadiyyatında 12,6%-lik artım olduğunu bildirib və bunu "görünməmiş nailiyyət" adlandırıb. Paşinyan 2022-ci ildə Ermənistanın Aİİ ölkələrinə ixracının 77,7% artdığını da diqqətə çatdırıb və bunun "son hədd" olmadığını vurğulayıb. Qeyd edək ki, 2022-ci ildə Ermənistan iqtisadiyyatında qəfil və gözlənilməz sıçrayışın səbəbi Rusiyaya tətbiq edilən sanksiyalardır. Belə ki, Ermənistan Rusiyaya sanksiyaların dəlinməsində yardım edən əsas ölkədir: Qərb texnologiyası Ermənistana gətirilir və buradan Rusiyaya daha baha qiymətə satılır. Ermənistanın Aİİ ölkələrinə ixracının kəskin artmasının da səbəbi budur. Ermənistanın Rusiyaya ixracında yüksək artım göstərici ilə fərqlənən məhsullara diqqət edək: elektronika malları, xarici avtomobillərin ehtiyat hissələri, çiplər və s. Bu məhsulların Rusiyaya ixracında 10-11 dəfə artım qeydə alınıb. Bu isə onu deməyə əsas verir ki, Ermənistanın Avropadan idxal edərək, Rusiyaya göndərdiyi "məhsullarla" Kremlin öldürücü silahlar hazırlamasına birbaşa dəstək verir. Azər
Milli.Az