Rusiyanın dəstyi ilə Gürcüstandan ilhaq edilmiş qondarma "Abxaziya respublikası"nın "dövlət" muzeyində Kremlin "çeçen separatçılarının lideri" və terrorçu kimi tanıdığı Şamil Basayevin portreti asılıb. Foto-şəkil “Abxaziyanın qəhrəmanları” sərgisinə daxil edilib – Basayev 1992-ci ildə Gürcüstanla savaşda abxaz separatçılarının tərəfində vuruşub. O, Abxaziyanın ali mükafatı - “Abxaziya qəhrəmanı” medalı ilə təltif edilib.
Moderator.az "Meduza" nəşrinə istinadla xəbər verir ki, Rusiyanın hökumətyönlü telegram-kanalı "Hard Blog" Abxaziya muzeyində Basayevin portretinə diqqət çəkib.
“Exo Kavkaza” isə yazır ki, digər "z"-bloggerlər, hökumətyönlü politoloqlar və fəallar da öz qəzəblərini bildiriblər. Digər məsələlərlə yanaşı, onlar 2013-cü ildə bu muzeyin bərpasının Rusiya tərəfindən ödənildiyini xatırladıblar və Rusiya hakimiyyətini qismən tanınan respublikaya yardımı dayandırmağa çağırıblar.
Sərgi Rusiyanın Abxaziyadakı səfirliyini də qəzəbləndirib. “Biz Ş.Basayevin portretinin Abxaziya Dövlət Muzeyinin sərgisində nümayiş etdirilməsini qəbuledilməz hesab edirik”, - deyə "RBK" səfirliyin bəyanatından sitat gətirib.
Diplomatik nümayəndəliyin nümayəndələri muzeyin rəhbərliyi ilə əlaqə saxladıqlarını və onları “mövcud vəziyyəti mümkün qədər tez düzəltmək niyyətində olduğuna” əmin olduqlarını bildiriblər. Nəşrin məlumatına görə, “Abxaziya qəhrəmanları” sərgisinə giriş müvəqqəti olaraq bağlanıb.
Muzeyin saytında “Abxaziyanın qəhrəmanları” sərgisi haqqında məlumat yoxdur. "RBK" qeyd edir ki, Basayevin portretinin orada dəqiq nə vaxt göründüyü məlum deyil.
Xatırladılır ki, çeçen müqavimət savaşının liderlərindən biri kimi məşhurlaşmış Şamil Basayev Rusiyada bir sıra səs-küylü terror aktları, o cümlədən Budyonnovska hücum (1995), Dubrovka Teatr Mərkəzində girov götürülmə (2002) və Beslandakı məktəbdə (2004), təyyarələr və Moskva metrosunda (2004) partlayışlar təşkil edib. Rusiya hakimiyyəti də onun 1999-cu ildə çoxmərtəbəli binaların silsilə partlayışlarında əli olduğunu hesab edir. Rusiyada Basayev 2006-cı ildə ölümünə qədər “bir nömrəli terrorçu” hesab olunurdu. O, həmçinin BMT, ABŞ və Avropa İttifaqı tərəfindən terrorçular siyahısına salınmışdı.