Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... - Proses pozuldu

Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... - Proses pozuldu

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
 
AzerTaym.az moderator.az-a istinadən onunla müsahibəni təqdim edir:
 
- Nikol Paşinyan BMT tribunasından COP29-a qədər sülh müqaviləsinin imzalanmasının mümkünlüyündən danışıb. Bütün məsələlər razılaşdırılmadan tərəflərin sülh masasına əyləşməsi nə dərəcədə realdır?
 
- Ermənistan baş nazirinin Bakıda keçiriləcək COP29-a qədər sülh sazişi imzalamağın mümkünlüyü ilə bağlı bəyanatı həqiqətə uyğun deyil. Sadəcə olaraq Paşinyan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur. O, əgər COP29 ərəfəsində və bu tədbir vaxtı sülh sazişini imzalamaq istəsəydi sülhlə bağlı masada olan 16 maddənin üçünü ixtisar etməzdi. Əslində baş nazirin özü də bilir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normal müstəviyə düşməsi üçün ciddi bir sülh sənədinə ehtiyac var.
 
 
- Ermənistanı yarımçıq razılaşma əldə etməyə tələsdirən səbəb nədir?
 
- Sözsüz ki, yarımçıq bir sənədi sülh sazişi adlandırmaq cəfəngiyyatdır. Bu eyni zamanda Paşinyanın növbəti dəfə qeyri-ciddi mövqedə olmasının göstəricisidir.
 
- Bir çoxları hansısa çərçivə sülh sənədindən bəhs edir...
 
- Sülh müqaviləsindən əvvəl iki ölkə arasında münasibətlərin normallaşmasına dair hansısa bir sənəd imzalana bilərdi. Amma Paşinyan məhz müəyyən müddəalar üzərində sülhün əldə olunmasını istəyir. Bu isə bütöv şəkildə problemin həlli demək deyil.
 
- Qarşı tərəfi prosesdən yayındıran amillər hansılardır?
 
- Bu günlərdə Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan Avropanın beyin mərkəzləri, “Rasmusson” fondu ilə danışıqlar aparıb. Eyni zamanda müxtəlif avropalı ekspertlərlə görüş keçirilib. Görünən odur ki, Azərbaycana qarşı yeni “planlar” cızılır. Rəsmi Bakını Qarabağdan könüllü getmiş ermənilərlə, Ermənistanla sülh müqaviləsini imzalamamaqda günahlandırmaq kimi “planlar” mövcuddur. Əslində Paşinyan sülhpərvər çıxışlar edərək, beynəlxalq ictimaiyyəti aldadır. Ermənistanın sülhə “hazır” olduğunu, Azərbaycanın guya sülh istəmədiyini qlobal ictimaiyyətə göstərməyə çalışır.
 
- Zəngəzur dəhlizi ətrafında gedən müzakirələrdə daha çox İran və Rusiyanın mövqeyi önə çırıxır. Sülh prosesinə bu məsələnin təsiri nə dərəcədə böyükdür?
 
- Hazırda region ətrafında vəziyyət kövrəkdir. Dünyanın kommunikasiya, nəqliyyat və enerji xəttləri üzərində qlobal mərkəzlər arasında mübarizə gedir. Bu xətlərdən biri də Zəngəzur istiqamətindədir. Sözsüz ki, dəhliz məsələsinə Ermənistan rəhbərliyi son 4 ildə aydınlıq gətirə bilərdi. Azərbaycanın bu məsələdə Ermənistandan böyük tələbi yoxdur. Sadəcə olaraq nə olur-olsun bu xətt açılmalıdır. Azərbaycan istəyi dəhlizin açılmasıdır. Təbii ki, indiyə qədər bu məsələ müxtəlif formalarda həllini tapa bilərdi. Əgər, Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasına “hə” demiş olsa idi, münasibətlərdə yeni səhifənin açılması müşahidə edilərdi.
 
- Sülh yoxdursa, müharibə riski hər zaman var. Cənubi Qafqazı belə bir təhlükə gözləyirmi?
 
- Ermənistan hazırda ABŞ və Rusiya arasında manevr edir. Faktiki olaraq İrəvan qlobal miqyasda əsas oyunçular arasında alət rolundadır. Bütün bunların fonunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bu il imzalanmaması gələcək aylarda vəziyyəti gərginləşdirə bilər. Ermənistanın silahlanması, onun arxasında olan qüvvələrin Azərbaycanı əsassız olaraq günahlandırmağa çalışması da göstərir ki, Cənubi Qafqaz Yaxın Şərq və Ukraynadan sonra yeni partlayış nöqtəsinə çevrilə bilər.






Fikirlər