«XƏZƏRDƏ PARTLAYIŞ RUSİYANIN İŞİ OLA BİLƏR…» - Rəsul Quliyevdən maraqlı açıqlamalar
“İlham Əliyevlə Əhməd Davudoğlunun görüşü Rusiyanı qıcıqlandıra və Azərbaycanı yüngülvari cəzalandırmaq fikirinə sala bilərdi” Eks-spiker Rəsul Quliyev gündəmin bir sıra aktual mövzuları ətrafında fikirlərini açıqlayıb. Onun Moderator.az saytına müsahibəsini təqdim edirik. - Rəsul müəllim, son günlər Azərbaycanda faciə ilə qurtaran və başqa diqqəti cəlb edən hadisələr baş verib. İlk növbədə son hadisədən başlayaq. “Günəşli” neft – qaz platformasında baş verən qəza nəticəsində 30 adam itkin düşüb. Sizin fikirinizcə bu qəzanın səbəbi nədir və günahkar kimdir? – İtkin düşmüş 30 insandan kimlərinsə salamat qurtarmaq ehtimalı cüzidir. Düzdür, hətta okeanda aylarla itmişlərin sağ qalması hadisələri olub, ancaq tufanlı Xəzərdə bu çox problemli məsələdir. Dənizdə dalğa olanda belə dərin qatlarda bu az hiss olunur. Elə isə hansı səbəbdən boru fundamentindən düşüb və sınıb. Borunu və fundamentin erroziya və korroziya vəziyyəti axırıncı dəfə nə vaxt yoxlanılıb. Bu hadisənin terrorçularla əlaqəsinin olması az inandırıcıdır. Amma belə bir işi Xəzər dənizinin hər güşəsində üzə bilən Rus donanması asanlıqla edə bilər. Onların diversiya ilə məşğul ola bilən xüsusi akvalanq qrupları var. Türkiyənin baş naziri və Azərbaycan prezidentinin görüşündən sonra onların qaz kəməri inşaatını sürətləndirmək barədə verdikləri bəyanat Rusiyanı qıcıqlandıra və Azərbaycanı yüngülvari cəzalandırmaq fikirinə sala bilərdi. Mən özüm Rusiyanın belə bir işi görə biləcəyinə az inanıram, ancaq yoxlamaq pis olmaz. Sadəcə olaraq qəza baş verməmişdən öncə o zonada hansı gəmilərin olması müəyyənləşdirilməlidir. - Nardaranda dinçilərlə polis arasında insan tələfatı ilə qurtaran atışma olub, 7 nəfər ölüb, onlarlarla adam həbs edilib… – Mən istənilən variantda dini fundamentalizmin, fanatizmin əleyhinə olan bir şəxsəm. Bu ideologiyanın ictimai münasibətlərin, elmi və iqtisadi inkişafların qayçısı olduğuna heç bir şübhəm yoxdur. Dövləti bir neçə min il bundan öncə yazılmış dini qanunlarla (buddizm 3000, iudaizm 2500, xristian 2000, islam 1400) idarə etməyi kompromissiz tələb edənləri qeyri-normal əqidəli adamlar hesab edirəm. Ancaq bu o demək deyil ki, bu insanlara əqidələrinə görə silah tətbiq etmək lazımdır. Azərbaycanlılar heç vaxt, hətta Şah İsmayıl vaxtı belə fundamentalist müsəlman olmayıblar. Azərbaycan ən loyal islam daşıyıcısı olan ölkələrdən biridir. Ona görə də, sünni türklər bizə şiə iranlılardan daha yaxındır. Ona görə də, fundamentalist islamçıların sayı Azərbaycanda çox deyil. Hökumətin imkanları kifayət qədərdir. O vaxtında cinayətkar çağırışlar edib silahlanan dəstələri neytrallaşdırmalı və həbs etməlidir, silahlı basqınlar təşkil etməməlidirlər. Bu gün nə 1993-cü, (hökumətin demək olar ki, olmadığı il) nə də 1994-95-ci (hökumətin hələ tam güclənmədiyi) illər deyildir, hökumət hətta izafi nəzarətlə məşğuldur. Hökumət çox ehtimal ağırlaşan iqtisadi vəziyyətin verə biləcəyi nəticələrdən qorxub belə amansız tədbirlərə əl atır. Ancaq paralel verilə biləcək cavabın da adekvat olacağından çəkinməlidir. Əsas iqtisadiyyatın zəifləməsinin yarada biləcəyi xaosun qarşısını almaq üçün real reforma tədbirləri görməlidir. Xaos yaransa, istənilən “Allahu Əkbər” deyən liderə çevrilə bilər. - Azərbaycan mətbuatında zaman-zaman M.Ə.Rəsulzadə şəxsiyyətinə münasibət müzakirə olunur. Bu günlərdə parlamentin yeni üzvlərindən birinin onun barəsində təhqiramiz sözlər deməsindən sonra, mövzu yenidən alovlanıb. Sizin M.Ə. Rəsulzadə haqqında özünüzün fərqli fikriniz var… – M.Ə.Rəsulzadə barədə təhqramiz sözlər demək, onu xalq düşməni adlandırmaq ən azı nəzakətsizliyin yüksək formasıdır. İstənilən şəxs onun barəsində fikir söyləməmişdən öncə, ən azı 1917-ci ilin oktyabr, 1920-ci il aprel aralığında fəaliyyətini səthi olsa da, bilməlidir. Yazılardan məlum olur ki, nə onu tərifləyənlər, nə də əleyhinə danışanlar heç bir arqumentə istinad etmədən, söz güləşdirirlər. Rəsulzadəni xalq düşməni adlandıranların arqumenti mənim üçün ulu öndər Əliyevdən başqa heç kim dahi ola bilməz deməsində, başqa sözlə, intellektinin olmamasındadırsa, Rəsulzadə ilk Azərbaycan demokratik respublikasını yaradandır deyənlərin də tarixə nəzər yetirdikləri şübhə altındadır.
İstehsalatda, xüsusilə yanğına həssas mallar istehsal edən sektorda yanğınları, partlayışları tam neytrallaşdırmaq mümkün deyil. Belə hadisələr ola bilər və gələcəkdə də olacaq, əsas məsələ baş vermiş hadisənin səbəblərini dərindən analiz edib bu tipli hadisələrin gələcəkdə baş verməsinin qarşısını almaq üçün tədbirlərin (texniki) görülməsidir. Belə qəzaların səbəblərini dəqiqliklə müəyyənləşdirməkdə heç bir saxtakarlığa yol vermək olmaz. Çünki məsul şəxslər cəzalandırılacaqlarından qorxub hadisənin baş verməsinin səbəblərini saxtalaşdırmağa cəhd edirlər. Buna qəti sürətdə yol vermək olmaz. Bir neçə sual öz cavabını tapmalıdır. Məsələn, xilasedici qayıqlardan birinin ipi hansı səbəbdən qırılıb, (ölən və itənlər bu səbəbdən olub) keyfiyyətsiz material olub, ya konsruksiya olaraq səhvdir…
Yanğın o biri quyuya necə olub keçib, layihə səhvidir, ya istismar düzgün olmayıb? Qısası, onlarla bu tipli suallar araşdırılmalı və tədbirlər görülməlidir.
Rəsulzadə ömrü boyu Azərbaycanın demokratik yolla inkişaf etməsi üçün vuruşan, bu yolda əlindən gələn hər şeyi etməyə can atan bir şəxsdir. Ölənə qədər Azərbaycanın parlaq gələcəyini görmək arzusunda olan bir adamdır, onun səhvlərini qeyd etmək olar, fetişləşdirmək, dahiləşdirmək olmaz, ancaq heç vəchlə Azərbaycanın düşməni adlandırmaq da olmaz. Bu ədəbsizlikdir.
Onu Azərbaycanın yaradıcısı adlandırmaqsa, o dövrdə Gürcüstan müstəqillik elan edəndən sonra məcbur olub Azərbaycanı da müstəqil elan edən iclasın üzvlərini təhqir etmək, zəhmətlərini yerə vurmaq olar. Rəsulzadənin sədr seçildiyi 28 may iclasında heç özü iştirak etməyib. Nə üçün gənc Rəsulzadə Milli Şuranın sədri seçilib? Çünki onun hökumətin işinə qarışa biləcəyi heç bir təcrübəsi yox idi. Müsavat partiyasının başqanı kimi həm sollar, həm konservatorlar, həm də millətçilər onun namizədliyini qəbul edirdilər. Həmin Milli Şura 20 gün ərzində onun sədrliyi ilə ancaq bir iclas keçirdi və onda da özünü buraxdı. Başda Fətəli Xan Xoyski olmaqla, (8 üzvdən ibarət hökumət) iyun 1918-ci ildən dekabr 1918-ci ilə qədər təkbaşına dövlət formalaşdırıldı. İyun – dekabr 1918-ci ildə M.Ə.Rəsulzadə heç Azərbaycanda olmadı. İyunda Türkiyəyə gedib ayda bir dəfə, Xoyskinin teleqrafla göndərdiyi tapşırıqları yerinə yetirib, dövlət institutlarının yaranmasında heç bir rolu olmayıb. Xoyskinin rəhbərliyi altında 8 nazir ölkədə fövqəladə vəziyyət elan edib, ölkənin İslam ordusunu, maliyyə, iqtisadiyyat, təhsil, səhiyyə və sair sistemlərini yaradıb. Nuri Paşanın başçılığı altında işğal olunmuş torpaqlarımızın və o cümlədən ölkənin paytaxtı Bakını işğalçılardan azad edilməsində hökumətin fövqələdə rolunun olması danılmazdır. Türklər müqavilə əsasında Bakını ingilislərə təhvil verdikdən sonra, hökumətin fövqəladə ağıllı siyasəti nəticəsində ingilislərin General Qubernatoru Fətəli Xan Xoyskini və onun hökumətini Azərbaycanın yeganə leqitim orqanı kimi tanıyıb. M.Ə.Rəsulzadə Bakıya qayıdanda Fətəli xanın hökuməti artıq ingilislərin qəbul etdiyi parlamenti də formalaşdırmışdı.
Azərbaycanın birinci hökumətinin 8 üzvündən 3-ü Rus imperiyasının 1 və 2-ci Dumasının (1905-1907) üzvləri olmuşdular, yəni kifayət qədər dövlətçilik təcrübəsi olan adamlar idi. Hökumətin üzvlərinin hamısı xarici ölkələrdə təhsil almaqla yanaşı bir neçə Avropa dillərini bilirdi. Ona görə də, heç bir əsas olmadan kimisə Azərbaycanın yaradıcısı adlandırmaq bu fədakar 8-liyin xatirəsinə xəyanət etmək deməkdir. Fikrimcə, Azərbaycanda 28 may Milli Şuranın mütəqillik iclası mövzusunda monument heykəl kompozisiyası yaradılmalıdır. Həmin monumentdə onların hər biri xidmətlərinin səviyyəsinə görə yer tutmalıdır. Biz xalqımızın düşmənləri 26-lara monument yarada bildiyimiz, hətta toy edənlərin o monumentin qarşısında and işmələrinə nail olduğumuz halda, nəyə görə ilk Azərbaycan dövləti yaradanların xatirəsini əbədiləşdirməməliyik? Nəzərə alsaq ki, onların çoxu sonradan bolşeviklər tərəfindən ya terror, ya da repesiyalarla məhv edildi, gec də olsa, bu işi hökmən görməliyik. İstənilən saray tikməkdənsə onların xatirəsini əbədiləşdirmək daha önəmlidir. Və sözsüz ki, çoxunun iddia etdiyi kimi M. Ə. Rəsulzadə üçün ayrıca heykəl qoymaq yox, öz silahdaşları arasında ona layiq olan yerin verilməsinə nail olunmalıdır.
Mənim yazdıqlarımı tarixi faktlarla (nağıl xarakterli fərziyələrlə yox) təkzib etməyi istəyən varsa, buyursun.
Xalqın böyüklüyü hansısa dahi şəxsiyyətlərin olmasında yox, əksinə, onların olmamasındadır. Eramızın möcüzələrindən biri 18-ci əsrdə, daha doğrusu 1776-cı ildə ABŞ açıq cəmiyyət dövlətinin yaradılmasıdır. Kimdir bu ölkənin yaradıcısı, yoxdur. Ümumiyyətlə, müstəqillik aktına ABŞ-ın birinci prezidenti Vaşinqton heç qol çəkməyib. Dahiləri ancaq totalitar rejimlər yetişdirir. Mən bütün intelektimi qoyub 1918-20 ci illərin totalitar rejimli olmadığını sübut etmək istəyirəm, siz isə hökmən dahi axtarışını davam etdirirsiniz. İstər Vaşinqtonu (ABŞ-ın birinci prezidenti, Silahlı qüvvələrin ali baş komandanı, müxtəlif lagerdə olanları ölkənin maraqları naminə birləşdirə bilən şəxs), istər Linkolnu (ABŞ-ın vətəndaş müharibəsində parçalanmasına imkan verməyən şəxs), istər Çörçilli (ikinci dünya müharibəsində Almaniyanın faşist rejimini süquta çatdıran əsas şəxs), istər Adenaur (müharibədən sonra dağılmış Almaniyanı qısa müddətdə bərpa edən, NATO –nu yaratmağın ideyasını verən şəxs) bu günə qədər heç kim tərəfindən dahi adlandırılmayıb, yazılan kitabların hamısı müsbət və mənfi keyfiyyətlərin müqayisəsi ilə yazılıb. Sovetlər dağılandan sonra tutduğumuz yer, mövqe bizim avropalı olmağımıza dərin şübhə yaradıb. Belə bir vəziyyətdə kimlərisə dahi, fövqəlbəşər adlandırmağımız ancaq istehza doğura bilər.