Ərdoğanın Öcalan PLANI: PKK lideri aktiv siyasətə GƏTİRİLİR? – FOTO

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının Türkiyə Böyük Millət Məclisi qrupundakı çıxışında bəyan edib ki, PKK terror təşkilatının lideri Abdulla Öcalanın həbsxanadan TBMM-yə gələrək DEM Partiyanın (keçmiş HDP) toplantısında çxışına şərait yaradılmalıdır. D.Baxçalının sözlərinə görə, Öcalan həmin çıxışında PKK-nın buraxıldığını elan etməli və bundan sonra qanunvericilikdəki “umut haqqı”ndan yararlanmalıdır. Yəni, həbsdən azad olunmalıdır.

Medianews.az xəbər verir ki, D.Baxçalının bu çağırışını şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, MHP liderinin səsləndirdiyi fikirlər sensasiya xarakterlidir: “Terrorçu PKK təşkilatının həbsdə olan lideri Abdullah Öcalanı nəzərdə tutan MHP lideri “onun təcrid olunması aradan qaldırılarsa, o Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” cümləsini səsləndirdi. Baxçalı çıxışında onu da söylədi ki, Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, təşkilatın ləğv edildiyini hayqırsın. Bunu milliyyətçilərin liderinin dilindən eşitmək təəccüblüdür, çünki türk milliyyətçiləri illər uzunu PKK ilə danışıqların və razılaşmaların əleyhinə olublar”.

O qeyd edib ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın planıdır: “Baxçalı Əradoğanın ortağıdır. Ərdoğan milliyyətçi ortağının mövqeyini bilmədən Öcalanı sərbəst buraxaraq PKK-nın tərksilah olunması prosesinə başlamazdı. Ona görə də Ərdoğan əvvəlcə Baxçalının mövqeyini öyrənib, razılaşma əldə etdikdən sonra bu mövzuda birinci onun danışmasını istəyib. Baxçalı Ərdoğanın işini asanlaşdırıb. Bəs Ərdoğan indi niyə PKK məsələsini tərksilah yolu ilə həll etmək istəyir? Türkiyə ordusu son illərdə PKK-ya dağıdıcı zərbələr vurub. Buna baxmayaraq, PKK Türkiyəyə qonşu olan dövlətlərdə varlığını qoruyur və bu terrorçulardan müxtəlif dövlətlər öz məqsədləri üçün Türkiyəyə qarşı istifadə edirlər”.

E.Şahinoğlu deyib ki, R.T.Ərdoğan bir dəfə “kürd açılımı” ilə problemi həll etməyə çalışıb, hətta kürdlərə müxtəlif hüquqlar verilib, ancaq PKK silahı yerə qoymaq əvəzinə, yenidən terrora başlayıb: “Bu dəfə də belə olsa, yenə alınmaya bilər. Öcalan terrorçu tərəfdarlarına “silahları yerə qoyun” çağırış edərsə, əfv məsələsi gündəmə gələ bilər. Ancaq Öcalanın terrorçular arasında bu çağırışını eşidənlər olacağı kimi, terrora davam etmək istəyənlər də ola bilər. Bütün hallarda Türkiyənin terror problemindən qurtulmasına ehtiyac var, yaxın günlərdə qardaş dövlətdə maraqlı proseslərin şahidi olacağıq”.

Politoloq Şahin Cəfərli isə hesab edir ki, Ərdoğan və Baxçalının “kürd açılımı”nın özünəməxsus səbəbləri var. Onun qənaətincə, bir tərəfin məqsədi hakimiyyətinin ömrünü uzatmaq, digər tərəfin məqsədi dövlət aparatını və bürokratiyasını tamamən ələ keçirməkdən, maddi maraqlarını təmin etməkdən ibarətdir: “Türkiyədə 2023-cü il seçkilərindən əvvəl mən və bir çox dostumuz Kamal Kılıçdaroğlunu dəstəkləyirdik. Şəxsən mən bir siyasi lider kimi Kılıçdaroğlu haqqında heç vaxt yüksək fikirdə olmamışam, seçkidən sonrakı davranışları isə ümumiyyətlə, məni iyrəndirdi. Sadəcə, 2 səbəbdən onun seçilməsini istəyirdim. Birincisi, Türkiyənin siyasi dəyişikliyə ehtiyacı var idi və indi də var, bu zərurəti hazırda ölkədə yaranmış vəziyyət bir daha təsdiqləyir. İkincisi, düşünürdüm ki, ələvi məzhəbinə mənsub siyasətçinin Türkiyə prezidenti seçilməsi Yavuz Səlim (hətta atası Bəyazıd) dövründən bəri o torpaqlarda davam edən və bugünkü cümhuriyyət Türkiyəsinin də ayıbı olan ələvi probleminin qapanmasına münbit zəmin yaradar”.

Politoloq vurğulayıb ki, vaxtilə AKP-MHP ittifaqı bütün seçki kampaniyasını Kılıçdaroğlunun guya PKK ilə əməkdaşlıq etməsi və hakimiyyətə gələcəyi təqdirdə Öcalanı buraxacağı, kürdlərə muxtariyyət verəcəyi yalanları üzərində qurub: “Onların Azərbaycandakı tərəfdarları da bu yalanları tirajlayırdılar. Mən ərdoğançı və türkçü insanlarımıza məsləhət gördüm ki, Türkiyə daxili siyasətində səslənən ittihamları ciddiyə almayın, onlar bir-birini cümlə xəyanətlərdə suçlaya və sonra heç nə olmamış kimi görüşüb-öpüşə bilərlər. Necə ki, vaxtilə Baxçalı Ərdoğana ağzına gələni deyirdi. Amma yox, kimə deyirsən? Kılıçdaroğlunu dəstəkləyirik deyə eşitmədiyimiz təhqir qalmadı. Antimilli və separatçı olduq, PKK-çı olduq, Amerika casusu olduq, hətta “bu adam Rusiya casusudur” deyənlər də var idi. Hücum edənlərin arealı və siyasi tərkibi də rəngarəng idi: Türkiyədə yaşayan və MHP üzvü olan azərbaycanlılar, Azərbaycandakı hakimiyyət tərəfdarları, turançılar, ərdoğançı AXCP üzvləri və sair. Bu adamların bir çoxunu dostluqdan çıxarmışam, xüsusi həyasızlıq edənləri, təhqir yazanları isə bloklamışam. İndi nə oldu? Öcalanın qurucu və qazi Türkiyə Böyük Millət Məclisinə gəlib, nitq söyləməsi təklif olunur, özü də millətçi siyasi lider tərəfindən”.

Ş.Cəfərli də iddia edib ki, bu, Prezident R.T.Ərdoğanla da razılaşdırılıb: “Eyni adamlar yəqin deyəcəklər ki, burda nə var, əgər Öcalan PKK-nı ləğv edəcəksə, lap yaxşı, onun çıxışına şərait yaratmaq olar. Tamam, amma Kılıçdaroğlu HDP liderləri ilə adicə görüş keçirəndə niyə xain elan olunurdu? O da PKK probleminin həllini istəyirdi və bu problemin TBMM-də, xalqın gözü önündə, şəffaf şəkildə müzakirəsini təklif edirdi. Bu cür qanuni və məqbul yol təklif edən adam xain idisə, Öcalanı Türkiyə Böyük Millət Məclisi kürsüsü ilə şərəfləndirmək istəyənlər bəs, nədir?”






Fikirlər