Trampın “Ukrayna planı” Kremlə baha başa gəlir: Rusiya Avropa Birliyini qorxutmalı, Çini isə...

Trampın “Ukrayna planı” Kremlə baha başa gəlir: Rusiya Avropa Birliyini qorxutmalı, Çini isə...

Ağ Evin Ukrayna üzərində “hərbi qələbə”ni Kremlə kifayət qədər baha qiymətə “satmağa” çalışdığı qətiyyən şübhə doğurmur, çünki Rusiya ilk növbədə Avropa Birliyinə qarşı təzyiq mexanizmi rolunu oynamalıdır... Digər tərəfdən, Rusiya Çinə qarşı da ABŞ-la tərəfdaş olmaq məcburiyyətindədir, yəni, Ağ Ev Kremlin rəsmi Pekini “satması”nı istəyir, əks halda, Tramp administrasiyası ona Ukrayna üzərində “hərbi qələbə” şansı verməz...

AzerTaym.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşının dayandırılması prosesi Tramp administrasiyasının “siyasi biznes” layihəsinə çevrilməyə başlayıb. Belə ki, Ağ Evin yeni sahibi Donald Tramp Ukrayna böhranı üzərindən uzaqgedən planlar qurmuş kimi görünür. Üstəlik, hər şey Tramp administrasiyasının istədiyi kimi cərəyan edərsə, ABŞ bu prosesdən maksimum səviyyədə mənfəətlə çıxan tərəf ola bilər. Hətta Ukrayna savaşının yalnız ABŞ-ın beynəlxalq hədəflərinin reallaşdırılmasında əsas mexanizmlərdən biri kimi ön planda qala biləcəyi də qətiyyən istisna deyil. Və bu baxımdan, Tramp administrasiyasının hazırda çoxşaxəli bir oyun sistemi ilə hərəkət etdiyi qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, Tramp administrasiyası üçün Ukraynanın gələcək taleyi ümumiyyətlə, elə bir ciddi əhəmiyyət daşımır. Belə ki, Ağ Ev Ukraynanı Rusiya ilə bölüşdürmək niyyətini artıq gizlətməkdə çətinlik çəkir. ABŞ prezidenti Ukraynanın işğal olunmuş ərazilərini Rusiyanın nəzarətinə buraxmağa hazırdır. Əvəzində, Kreml də Ukraynanın zəngin təbii sərvətlərinin ABŞ-ın nəzarətinə keçməsinə müqavimət göstərməməlidir. Və Ağ Ev Ukraynanın təbii sərvətlərinin ABŞ tərəfindən istismarına yönəlik sazişi artıq rəsmi Kiyevə təqdim edib.

_methode_times_prod_web_bin_642e7560-fead-40a3-9549-ad87b7244291.jpg (65 KB)

Böyük ehtimalla bundan sonra Ağ Ev həmin sazişin təsdiqlənməsi üçün rəsmi Kiyevə bütün mümkün vasitələrlə təzyiq göstərməyə çalışacaq. Prezident Donald Tramp bu sazişi ABŞ-ın Ukrayna savaşına xərclədiyi milyardlarla vəsaitin geri qaytarılması ilə əsaslandırır. Üstəlik, Ağ Ev sahibi rəsmi Kiyevin bu sazişə etiraz hüququnu da tanımır. Yəni, Tramp administrasiyası Ukraynanın əraziləri və təbii sərvətləri ilə bağlı rəsmi Kiyevin mövqeyini nəzərə almadan qərar vermək niyyətinə düşüb. Və bu, ümumiyyətlə, Ukraynanın bir dövlət kimi mövcudluğunu böyük risk altına atır.

Təbii ki, prezident Donald Trampın “Ukrayna planı” Rusiyanın maraqlarına böyük ölçüdə cavab verir. Çünki bir neçə aydan sonra savaşın məğlubu olma ehtimalı, eləcə də, iqtisadi çöküş təhlükəsi ilə üzləşmiş Rusiya hərbi qələbə şansı qazanmış kimi görünür. Halbuki, Tramp administrasiyası bu hərbi qələbəni Rusiyaya o qədər də ucuz qiymətə satmaq niyyətində deyil. Hər halda, Rusiya Tramp administrasiyasının strateji hədəflərinə dəstək verməli olacaq. Və Kremlin Ukraynada istədiklərini alması da böyük ehtimalla məhz prezident Vladimir Putinin ABŞ-ın planlarına dəstək təminatı verməsi ilə mümkün ola bilər.

Ona görə də, hazırda Tramp-Putin təmaslarında məhz bu məsələlərin müzakirə edildiyi qətiyyən şübhə doğurmur. Yəni, iki dövlətin liderləri birmənalı şəkildə öz ölkələrinin maraqlarını müzakirə edirlər. Ukrayna və Avropa Birliyi də elə bu səbəbdən müzakirə prosesindən kənarda saxlanılır. Yəqin ki, tərəflər arasında prinsipial anlaşma baş tutduqdan sonra Ukrayna və Avropa Birliyi də danışıqlar prosesinə ən yaxşı halda, tamaşaçı statusunda buraxılacaqlar. Və bu, o deməkdir ki, danışıqlar masasında ABŞ üçün olduqca dəyərli hədəflər müzakirə olunur.

e7a9aa157b562a8a4aed20f4c72213ae.jpg (110 KB)

Məsələ ondadır ki, hazırda Rusiya ABŞ-ın strateji hədəfləri üçün olduqca vacib faktorlardan birinə çevrilməyə başlayıb. Ona görə də, Tramp administrasiyası ABŞ-ın maraqları naminə zəifləmiş Rusiyanı “savaş bataqlığı”ndan çıxartmaq qərarına gəlib. Bu, Avropa Birliyi üzərində Rusiya qorxusunun qalmasının təmin olunması anlamına gəlir. Çünki Rusiya xofu Avropa Birliyini daim ABŞ-dan asılı vəziyyətdə saxlaya biləcək faktordur. Məhz bu faktorun sayəsində Ağ Ev Avropa Birliyini ABŞ-la ağır şərtlər çərçivəsində iqtisadi-ticari münasibətlərə məcbur buraxa bilər.

Digər tərəfdən, Ağ Ev Avropa Birliyi ölkələrindən hərbi büdcələrini ciddi şəkildə artırmağı da tələb edir. Halbuki, Rusiya xofu yaşayan Avropa ölkələrinin hərbi-sənaye kompleksi yüksək istehsal potensialından uzaqdır. Ona görə də, Ağ Ev Avropa Birliyi ölkələrini Rusiya təhlükəsinin təsiri altında artırılmış hərbi büdcələrini məhz ABŞ şirkətlərinin istehsalı olan müasir və bahalı silahları almaq məcburiyyətində buraxmağa çalışır. Və bu, o deməkdir ki, Ağ Ev Avropa məkanından külli miqdarda maliyyə vəsaitinin ABŞ-a axmasını təmin etmək planı qurur.

editor_8e193967697a65342cfc51908c5304ad_eqk35g68liayvn1mf9b7.jpeg (37 KB)

Nəhayət, Rusiya Tramp administasiyasına Çinlə qarşıdurmada da lazımdır. Belə ki, bu prosesdə bir tərəfdən, Avropa Birliyinin Çinlə iqtisadi-ticari münasibətləri sarsıdılmış olacaq. Nəticədə Çin olduqca ciddi maliyyə gəlirlərindən məhrum qalaraq, zəifləməyə başlayacaq. Digər tərəfdənsə, Ağ Ev Kremldən Çinlə sərt qarşıdurmada Rusiyanın dəstəyini gözləyir. İlk baxışdan, bu, qeyri-mümkün görünsə də, əslində, reallaşa biləcək plandır. Çünki Kremldə Çinin Ukrayna savaşına münasibətdə tutduğu mövqedən ciddi şəkildə narazıdırlar. Və üstəlik, Kremldə anlayırlar ki, qonşuluqdakı güclü Çin Rusiya üçün də potensial təhlükə qaynağıdır.

Bütün bunları nəzərə aldıqda, Ağ Evin Ukrayna üzərində “hərbi qələbə”ni Kremlə kifayət qədər baha qiymətə satmağa çalışdığı qətiyyən şübhə doğurmur. Belə ki, bunun qarşılığında Rusiya Avropa Birliyinə qarşı təzyiq mexanizmi rolunu oynamalıdır. Eyni zamanda, Kreml Çinə qarşı da ABŞ-la tərəfdaş olmaq məcburiyyətindədir. Yəni, Ağ Ev Kremldən Çini “satması”nı istəyir. Əks halda, Tramp administrasiyası Rusiyaya Ukrayna üzərində “hərbi qələbə” şansı verməz. Və bütün bu strateji oyunlar birmənalı şəkildə ABŞ-ın dünyada şəriksiz iqtisadi-siyasi, eləcə də hərbi hegemonluğunu təmin etmək məqsədilə qurulmuş kimi körünür.






Fikirlər