TATARISTAN və BAŞKORTSTAN özgürlük uğrunda AYAĞA QALXDI

Tatarstan və Başkortstan özgürlük uğrunda ayağa qalxdı

Çağdaş dünya düzənində ən gərgin və məşəqqətli durum türk toplumlarına məxsus bölgələrdə yaşanılır.

1944-cü ildə tarixi torpaqlarından sürgün edilən, bu günə kimi öz doğma yurdlarına dönməyə izin verilməyən 500 minlik Ahısqa Türklərinin, ikinci dəfə torpaqları işğal edilən Krım Türklərinin ağır yaşam durumu, 1949-cu ildə BMT-nin gizli dəstəyi ilə işğal edilən Doğu Türküstanın Çin işğalı altında inləməsi, Azərbaycanın tarixi ərazilərində qurulan qondarma Ermənistan və hələ də işğal altında qalan Qarabağ, Güney Azərbaycanın varlığının qəbul edilməməsi, İraq Türkmanlarına və Suriya Türkmanlarına qarşı 2003-cü ildən aparılan soyqırım  siyasəti, Rusiya Federasiyasının ərazisində yaşayan 22 Türk boyunun milli kimliyinin inkarı və başqa sorunlar hələ də davam etməkdədir. Bu zülm və işgəncələrə qarşı dur deməyin zamanının çatdığının  fərqinə varılmalıdır. Fikrimizcə Türk Dünyasının dəyərinin qəbul edilməsi bəşəriyyətin barış və hüzr içində yaşaması yönündə ən gərəkən dəyər hesab edilməlidir.

Putinizmin virusu

1999-cu ildə Rusiyanın dövlət başçısı vəzifəsini məngirləyən Vladimir Putinin ilk işi ölkənin federal dövlət quruluşunun dəyişdirilməsi, rus velikoşovinizmi taktikası üzərində köklənməyə başladı. İçkeriya-Çeçen Respublikasının varlığını inkar yolu ilə Rusiyanın 1994-1996-cı illərdə biabırcasına “I Rus-Çeçen Savaşı”nı uduzmasını bəhanə edərək ultra rus millətçiliyinin də təməlini rəsmiləşdirməyə başlanıldı. 2003-cü ildə ölkədəki rus olmayan toplumların dillərində yayınlanan televiziya və radio verilişlərinin “maliyyə çatışmazlığı” adı altında tamamilə dayandırıldı. Daha sonra isə, ana dilində tədrisin ləğvi siyasəti gündəmə gətirildi. Bununla yanaşı, həm də bunları milli respublikaların dövlət federalizmi qanunlarının kütləvi şəkildə ləğvi ilə proseslər daha da dərinləşdirildi. Gizli şəkildə isə, ultra rus şovinizmi çevrələri inkişaf etdirildi. Son bir ayda Rusiya Dövlət Duması səviyyəsində rus dilindən savayı digər dillərin tamamilə ləğv edilməsi yönündə təşəbbüslər irəli sürülməyə başlamışdır. İlk olaraq, Saka (Yakutiya) Respublikasının İl Tümen (parlament) millət vəkilləri Yeqor Borisov, Yelena Qolomareva, Yeqor Jirkov və başqaları Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə kəskin şəkildə etirazlarını bildirmişlər. Bunun ardınca Tatarstan, Başkortstan, Çuvaşıstan, Marı El, Komi, Kareliya, Udmurtiya, Tuva, Xakasiya və başqa milli respublikaların millət vəkilləri, aydınlar, elm
adamları, yazarlar bu etiraz hərəkatına qoşulmuşlar. Moskva, yəni Kreml isə hər dəfə olduğu kimi, özünü dünya slavyanların knyazı hesab edən Vova Putin başqa toplumları inkar yolunu sərt şəkildə gedəcəyini bildirməkdə davam edir. Dəfələrlə öz ana dilində təhsil almaq, milli adət-ənənələrini yaşatamaq istəyən milli respublikalar və toplumlar  Moskvanın ironik və aşağılayıcı tərzdə münasibətləri ilə üz-üzə qalıblar. Buna görə də illərlə yığılan kin, qəzəb və intiqam duyğuları əks effekt verməyə başlamışdır. Bəzi toplumların arasında hətta radikal baxışlar da şüuraltı düzənlə uyğunlaşmışdır. Rusiya bu gün daha çox hərbi potensialının sayəsində özünü ən üstün səviyyədə göstərməklə bir daha qeyri toplumlara qarşı aşağlayıcı siyasətini hər addımda göstərməyə başlayıb. Vova Putin ölkədə “putinizm virusu” deyilən düşüncə tərzini dövlət siyasətinə çevirmək üçün hətta ölkənin ictimai təsir psixologiyasının tribunası sayılan KİV-ləri də bu prosesə qatmışdır. “Putinizm virusu”nun təməl prinsipi heç də “Dəli Petro”nun imperiya olmaq iddiasından fərqlənmir. Ortaçağın ortodoks-mühafizəkar düşüncə tərzinin XXI yüzilin kiber inkişaf prosesinə qarşı çıxılması sadəcə bəşəri faciə deməkdir. Bunu Kremlin ağalıq düşüncə tərzi deyəsən hələ də anlamaq iqtidarında deyil.



İdel-Ural dövlətinin coğrafiyası

Böyük Ural uğrunda

1917-ci ildə Çarlıq Rusiyası bir imperiya kimi çökdüyü dönəmlərdə Ayaz İshaki, Zəki Vəlidi Toğan, Alimcan İbrahim, Mustafa Şokay, Sədri Məqsudi, Mustafa Bukeyxan, Xəlil Dostməhəmməd, Canşi Dostməhəmməd, İlyas Alkin və başqa ünlü liderlərlə birlikdə İdel-Ural Milli Şurasını yaratmışdılar. Bu hərəkatın təməl prinspi əski türk ənənələrinə uyğun olaraq “TORMIŞ” dövlət düzənini qurmaq idi. İdel-Ural dövlətinin ilk baş naziri Sədri Məqsudi 1919-cu ildə mərkəzi qərargahı Parisdə yerləşən “Millətlər Şurası”na (indiki BMT) rəsmi məktubla adı çəkilən ölkənin tanınması üçün müraciət etsə də, süni şəkildə yaradılan bürokratiyanın sayəsində uzun müddət “susqunluq” nümayiş etdirildi. Beləliklə də XX yüzilin ən böyük avantüristi Vladimir Ulyanovun rəhbərliyi altında rus bolşevik hərəkatı İdel-Ural boyunca sabotaj taktikası ilə yaşanılan aclıq və səfalət siyasətinin sonucunda üç illik mücadilə uğurlu sonulqla tamamlana bilmədi.
1991-ci ildən başlanılan İdel-Ural Yursevərliyi düzəni indi tamamilə fərqli bir biçimdə inkişaf etməkdədir. Çuvaşıstan, Marı El, Tatarstan, Başkortstan, Mordov, Udmurtiya, Samara, Ulyanovsk, Çelyabinsk, Orenburq, Saratov, Volqaqrad və Həştərxan bölgələrinin bir araya gələrək tarixi ədalətin bərpa olunması düzəni artıq günün aktual proseslərindən biri sayılır. Uzun müddət Moskvanın səyləri və apardığı “başkort-tatar” düşmənçiliyi siyasəti artıq iflasa uğramışdır. Bununla yanaşı, Türk Dünyasının qapalı düzəni sayılan Fin-Uqor Ailəsi də Tatar-Başkort düzəni ilə bir araya gəlməkdədir. Son illərdə tatar türklərinin “Azatlık-Tatar Gənclər Birliyi” və başkort türklərinin “Gök Börü Hərəkatı” ortaq işbirliyinin sonucu olaraq, Kremlin 350 illik bölücülük, milli qarşıdurma siyasəti də iflasa uğramışdır. Hər iki təşkilatın irəli sürdüyü ideyalar artıq İdel-Ural boyu bütün toplumlar tərəfindən geniş miqyasda dəstəklənir. Qeyd olun ur ki: “Rusların hər hansı bir problemləri yoxdur. Onlar üçün dövlət səviyyəsində universitetlər, televiziya kanalları, bir sözlə bütün imkanlar yaradılır. Ancaq, tatar, başkort, çuvaş, mordov, marı, komi, karel, udmurt, xakas, tuva və başqa türk toplumlarının milli-mədəni mərkəzlərinin tamamilə qapadılması prosesləri müşahidə olunur. Ona görə də bizlər özümüzün tarixi və əcdad kultumuza söykəmli şəkildə milli dövlət olmanın düzənini irəli sürmüşük”.    
“Tatar Gənclər Hərəkatı”nın lideri Nail Nəbiullin son açıqlamasında bunları da demişdir: “İdel-Ural Dövləti”ni biz tatar və başkort türkləri artıq elan etmişik. Təbii ki, ardımızca “Sibir Xalq Respublikası”nın yaradılması prosesləri də sürətlənəcəkdir. Çünki, Altay öz tarixi ərazisinə görə dörd bölgəyə parçalanmışdır. Bu tarixi ədalətsizlik öz həllini tapmalı və rusların dövlət şovinizminə son qoyulmalıdır”.  
Kazan və Ufa əksər milli təşkilatlarının fikrincə bu gün dünya düzənində altı bağımsız türk dövlətinin olması, onların arasında inteqrasiya proseslərinin inkişafı Böyük Ural hədəfinə möhtəşəm bir dəstək deməkdir. Altı türk dövləti həm də beynəlxalq birliyin hüquqi subyekti deməkdir. Böyük Ural Dövlətinin proqramı da artıq hazırdır. İdeoloji konsept olaraq, qeyd olunur ki, demokratik prinslər əsasında bu Dövlət Federalizmi konseptinə söykəniləcəkdir. İndiki məqamda başlıca mücadilə hədəfi tatar və başkort türkcəsində televiziya kanallarının və məktəblərin sayını artırmaq, bu iki stukturun bazasında milli hədəflərə gedilən yolun təməlini inkişaf etdirməkdir. Bununla yanaşı Kremlin “Unitar Rusiya” strategiyasına qarşı ya “Dövlət Federalizmi”nin qorunması, ya da Rusiyadan ayrılaraq “Dövlət bağımsızlığı”nı elan etmək gərəkdir.



Başkortstan suveren deyilsə, mövcudluğunu itirəcək

Mirseyid Sultanqaliyev və Mintemir Şaymiyev tandemi  

1917-1921-ci illər aralığında İdel-Ural dövlətinin idarəçiliyi federalizmə söykəmli olan  bölgələrdəki Milli Şura ilə tənzimlənirdi. Rus bolşevizmi taxıl zəmilərini kütləvi şəkildə yandırmaqla həmin dönəmdə kütləvi aclıq və səfalətli həyat düzənini gündəmə gətirdi. Zatən 1552-ci ildən İvan Qroznı tərəfindən başlanılan belə bir taktika ilə işğal siyasəti sonralar bütün rus çarları tərəfindən də tətbiq olunmuşdu. Krım, Dünay, Don, Volqa, Kuban, Ural, Altay bu üsulla işğal olunub. Hansısa uydurma “Rus hərb tarixi” olmayıb. 1920-ci ildə İdel-Ural boyu toplumların qorunması yönündə sonuc kimi milli sosialistlər hərəkatının lideri Mirseyid Sultanqaliyev Sovet Rusiyasının lideri Vladimir Leninlə tarixi bir anlaşmaya getmək zorunda qalır. Bu “millətlər haqqında imzalanmış dekret” idi. İndi belə bir təşəbbüslə Tatarstan Respublikasının ilk prezidenti Mintemir Şaymiyev çıxış edir: “Əgər Tatarstan və digər milli respublikaların Rusiyanın tərkibində qalmasını Kreml müdafiə edirsə, o zaman dövlət federalizminin düsturu kimi milli respublikalar sözdə deyil, əməldə statusları tanınmalıdır. Bunun üçün federal mərkəzlə milli respublikalar arasındakı müqavilələr də tanınmalıdır. Yoxsa, kütləvi şəkildə Moskvanın iradəsi altında yaşamaq istəməyən xalqların özgürlük hərəkatının qarşısını kimsə ala bilməz”.    
Analitiklər qeyd edirlər ki, 29 dekabr 2010-cu ildə Kremlin qərarı ilə milli respublikaların prezidenti statusunun ləğvi dövlət federalizminə son qoyulması deməkdir. İlk öncə bu status bərpa edilməlidir. 2017-ci ildə Kremlin mətbəxində hazırlanmış yeni dövlət modeli kimi 22 milli respublikanın tamamilə statuslarının ləğv edilməsi gözlənilir. Dövlət federal idarəetmə düzəni unitarlıq adı altında rus velikoşovinizminin təməl prinsiplərinə səykəmli tərzdə irəli sürülməsini artıq kimsə qəbul etmək istəmir.
Müşahidələrə görə, Moskvanın nəzarətində olmaqla İdel-Ural ideyasının qarşısını almaq üçün süni şəkildə alovlandırılan “islam radikalizmi” ideyasının zaman-zaman gündəmə gətirilməsi olduqca üzücü bir prosesdir. Çinin Doğu Türküstanda idarəolunan “radikal islam” modelindən bu dəfə İdel-Ural bölgələrində Kreml yararlanmaq istəyir. Orta Doğu ölkələrində Fransa, İngiltərə, ABŞ, İtaliya və başqa Qərb dövlətlərinin idarə etdikləri “islam radikalizmi” buna örnəkdir. Ona görə də, tatar və başkort xalqları dini deyil, milli özgürlük davasını irəli sürmüşlər. Onu da qeyd etmək lazımdır ki, Kremlin iddia etdiyi kimi, Rusiya əhalisinin beş faizinin tatar-başkort toplumu təşkil etmir. 148 milyonluq ölkə əhalisinin ən azından 25 milyonu tatar, 12 milyonu başkort türkləridirlər. Bunun dışında isə 8 milyon çuvaş, 20 milyon digər türk toplumları, 13 milyon Qafqaz kökənli toplumlar, 2 milyon alman, 10 milyon ukrain, 5 milyon digər etnik qruplardırlar. Statistik göstəricilər də sübut edir ki, hər il rusların sayı orta hesabla 1-1.2 milyon nəfər azalmaqdadır. Hətta o da qeyd olunur ki, 2050-ci ildə Rusiyada ruslar milli azlığa çevriləcəklər. Buna görə də, Kreml yaranmış krizisdən çıxmaq üçün, millətləri və milli respublikaları inkar etməklə bu böhrandan yayınmağı hədəf seçmişdir. Tatarstan və Başkortstan, eləcə də Fin-Uqor Ailəsi çox haqlı olaraq, Rusiya və ruslar üçün milli özümlülük doktrinasını irəli sürmüşlər. Bu bir tatar ata sözündə qeyd olunduğu kimi: “Tatarlara Kazan, ruslara Ryazan” anlamı deməkdir. Yəni qanuni Rusiya və rus torpağı Ryazandan üzü Moskvaya tərəfdir. Ruslar hürr və azad olmaq istəyirlərsə, öz torpaqlarına üz tutsalar daha yaxşıdır.

Ənvər BÖRÜSOY.

Yazarın e-maili: [email protected]

 

 

  






Fikirlər