HAKİMİYYƏT iflas ssenarisindən geri döndü: Yoxsa xarici borclanma Azərbaycanı "İKİNCİ ARGENTİNA"ya çevirəcəkdi! - Təhlil

 

musavire-00-1.jpg

Maliyyə naziri Samir Şərifov 28 Yanvar 2016-cı il tarixində keçirdiyi mətbuat konfransında Azərbaycanın iqtisadi gücünün qənaətbəxş olduğunu vurğulayaraq, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) tərəfindən 4 milyard dollar həcmində kreditin cəlb edilməsi barədə danışıqların getməsi xəbərlərini təkzib edib.

O, hətta lazım gələrsə, başqalarına pul borc verə biləcəyimizi də qabardıb: 

Vəziyyətimiz elə acınacaqlı deyil ki, qısa müddət ərzində kimdənsə kredit istəyək. Əksinə, biz özümüz digər ölkələrə kredit veririk".

Cənab Maliyyə nazirimizin bu optimizmi və qüruru hər bir azərbaycanlı kimi, yazı müəllifini də sevindirir. Həqiqətən, bu iki beynəlxalq qurumun bizə minnətlə vermək istədiyi 4 milyard dollar, güneylilərin sözü olmasın, "nəmənə"dir ki, hələ buna görə nümayəndə heyətlərinin gəlib ölkəmizin verilən borca dəyib-dəyməyəcəyini yoxlasın? Məgər, biz bir neçə il əvvəl bu qədər məbləği Macarıstana verib qəhrəman oğlumuzu həbsdən azad etməmişdikmi? Yaxud elə həmin ərəfələrdə özünü yaxşı aparmayan Meksika hökumətinin qulağının dibində şaqqıldadıb sonra yenidən cibimizə qoyduğumuz məbləğ 4 milyard dollar deyildimi? Hələ qardaş hədiyyəsi olaraq, Rusiyaya, Türkiyəyə verdiklərimizi saymırıq... Çünki bu pullar 4 milyarddan xeyli çox idi. İndi dünyanı batıra-batıra gəzən Dünya Bankı bizə 4 milyard dollar təklif edir və bunun üçün özümüzü necə aparmağımızın kodeksini yazmaq istəyir...

Ancaq iş orasındadır ki, BVF və Dünya Bankından gələn açıqlamalar Samir Şərifovun bu optimizminə kölgə salmaqdadır. Sözügedən qurumlardan hansısa məqsədlə (!) sızdırılan məlumatlara görə, beynəlxalq maliyyə qurumlarının nümayəndələri artıq Azərbaycana yola çıxıblar. Səfərin məqsədi isə, guya, “satılıq atın dişinə baxmaq imiş”.

Azadlıq Radiosunun Dünya Bankının Bakı ofisinə istinadən yaydığı məlumata baxaq: 

"Dünya Bankı və BVF yerli valyutaya təzyiq və neftin ucuzlaşmasına cavab olaraq, uzunmüddətli və qısamüddətli tədbirlər görülməsi məqsədilə Azərbaycanla danışıqlar aparır. Dünya Bankı Azərbaycana lazım olan yardımı, o cümlədən büdcəyə dəstəyi göstərməyə hazırdır".

Azərbaycanın Maliyyə naziri ilə Dünya Bankının açıqlamaları bir-birini təkzib etdiyindən, istər-istəməz, ortaya bir sual çıxır: əcəba, kim doğru deyir?

Maraqlıdır ki, ölkə başçısı İlham Əliyev də Beynəlxalq Valyuta Fondu tərəfindən verilən açıqlamanı təkzib edərək, Maliyyə nazirinin fikirlərini təsdiqləyib. Apa.az-ın məlumatına görə, prezident Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə bir qrup gənclə görüşündə deyib ki, xarici maliyyə qurumlarından yardım istəməyimizlə ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazılar yalandır.

Sözsüz ki, ən informasiyalı şəxs kimi, ölkə rəhbərinin bu faktı təkzib etməsindən sonra əks arqumentlər irəli sürmək üçün heç bir əsas qalmır.

O halda sual yaranır:

Bəs, Beynəlxalq Valyuta Fondu kimi ciddi qurum və eyni zamanda Qərbin nüfuzlu media orqanları birdən-birə və yalan olduğunu bilə-bilə niyə bu cür əsassız iddia ilə çıxış etmişdilər?

Zənnimizcə, bunun hələlik izahı verilə biləcək tək bir səbəbi var: ola bilsin, əvvəl addım atıb sonra düşünən Azərbaycan hakimiyyəti ilk vaxtlar həqiqətən də belə niyyətdə olub, ancaq daha sonra borclanmanın gətirəcəyi riskləri, fəlakətləri göz önünə alaraq, tez bu fikrindən daşınıb.

İrəli sürdüyümüz ehtimalı qüvvətləndirən bir sıra məqamlar var. Sözügedən məqamları iki qrupa ayırmaq olar:

1. Xarici borclanmanı şərtləndirən amillər.

2. Beynəlxalq maliyyə fondlarıyla əməkdaşlığın doğura biləcəyi risklər.

Ölkəmizdə son zamanlar yaşanan bəzi hadisələrə nəzər salanda, xarici borclanmanı şərtləndirən bır sıra əlamətlərin mövcudluğunu görə bilərik. Gəlin, həmin əlamətlərə birlikdə nəzər salaq.

1-ci əlamət

Son zamanlar neftin ucuzlaşmasıyla ölkəmizin ciddi bir böhran burulğanına düşdüyü indi hər kəsə bəllidir. Hər gün müxtəlif banklara borclu olan neçə vətəndaşımızın intihar xəbərləriylə qarşılaşırıq. Əgər Azərbaycan, cənab Samir Şərifovun təbiriylə desək, başqa ölkələrə kredit borcu verəcək qədər güclüdürsə, bu iltifatını niyə öz vətəndaşlarına çox görür? Yaxşı olmazmı ki, ölkədə vəziyyət düzələnə qədər elə həmin borcluların borcu verilsin, iqtisadiyyatımız düzəldikdən sonra bu vəsaitlər yenidən toplansın?

Hökumət bunu etmirsə, deməli, buna maliyyə gücü çatmır və əgər belədirsə, deməli, həqiqətən də xarici valyutaya ehtiyacımız var. Bu ehtiyacı aradan qaldırmağın yolu isə xarici fondlara üz tutmaqdır...

2-ci əlamət

Ölkənin pul sıxıntısı çəkdiyini, xarici investisiyalara və borclara möhtac duruma düşdüyünü göstərən digər bir əlamət son vaxtlar ölkədə qanunvericilik aktlarının xarici borclanmalara uyğun hala gətirilməsidir.

Xatırlayırsınızsa, ölkə başçısı qlobal iqtisadiyyatın nəbzinin atdığı və adətən, kritik qərarların verildiyi Davos toplantısına getməzdən əvvəl Milli Məclis özünün növbədənkənar sessiyasını keçirdi. Hətta deputatlar üçün də gözlənilməz olan bu sessiyada müzakirəyə çıxarılan məsələlər isə bunlar oldu:  

"Əmanətlərin tam sığortalanması haqqında" qanunlara, Vergi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi və "Valyuta tənzimi haqqında" qanun layihəsinin müzakirəsi...

Göründüyü kimi, bütün bu qanun layihələri dövlətin istər vətəndaşlardan, istərsə də xarici kreditorlardan borclanmağa hazırlaşdığından xəbər verirdi.

3-cü əlamət

Ölkə başçısının Davosdan geri qayıtdıqdan dərhal sonra gündəmə gətirilən iki mövzu da yuxarıdakı ehtimalı təqdiqləyir. Müzakirə mövzularından biri geniş özəlləşdirmə proqramının həyata keçirilməsi, digəri isə milli və xarici valyuta istiqrazlarına keçilməsidir.

İstiqraz, loru dildə desək, dövlətin götürdüyü borc müqabilində pul sahibinə verilən çek mənasına gəldiyindən, Azərbaycanın artıq borclanmaya qərar verdiyinin sübuta belə ehtiyacı yoxdur.Maraqlıdır ki, istiqrazlar üçün qoyulan faiz dərəcələrini ictimaiyyətə açıqlayan da elə Samir Şərifov oldu.  O da maraqlıdır ki, dollarla istiqraza dünyanın heç bir yerində mövcud olmayan böyüklükdə faiz veriləcəyi vəd olundu. Bu faktın özü yüksək faizlə xarici valyuta cəlbinə gedildiyinin, xarici borclanmağa cəhdin təzahürüdür.

Geniş özəlləşdirmə proqramına gəlincə isə, bu da, adətən, xarici sərmayədarların ölkəyə cəlb edilməsi üçün həyata keçirilən tədbirdir. Başqasına borc verəcək qədər güclü olan heç bir subyekt, - istər dövlət olun, istərsə də adi vətəndaş, - əlindəki qiymətli ziynətini hərraca çıxarmaz. Özəlləşdirmə proqramı bu mənada iqtisadi çətinliyə düşən bir ailənin nişan üzüyünü sərraflara satmasına bənzəyir. Adama deməzlərmi ki, özgəyə borc verəcək gücdəsənsə, nə əcəb nişan üzüyünü satırsan?!

4-cü əlamət

Üstəlik, özəlləşdirmə proqramının həyata keçirilməsinə xarici mütəxəssislərin cəlb olunması niyyəti də təsadüfə oxşamır. Necə ki, Davosdan sonra keçirilən müşavirədə ölkə başçısı özəlləşdirmənin yerli mütəxəssislərə həvalə edilməyəcəyini açıq şəkildə dilə gətirib, əmlak məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov da mətbuata bugünkü açıqlamasında bunu etiraf edərək deyib: 

“Prosesə beynəlxalq məsləhətçi şirkətlər və ekspertlərin cəlb edilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə danışıqlara başlanılıb. Eyni zamanda özəlləşdirməyə xarici investorların cəlb edilməsi məqsədilə iri maliyyə institutları və fondları, strateji investorlarla danışıqların aparılması istiqamətində işlər görülür".

Kərəm Həsənov cənablarının bu açıqlamasından sonra Maliyyə naziri Samir Şərifovun dilə gətirdiyi fikirlər heç inandırıcı görünmür. Nədən ki, Azərbaycan kimi iflas həddinə yaxınlaşan, alıcılıq qabiliyyətini itirən, üstəlik, monopoliyaların və korrupsiyanın tuğyan etdiyi ölkəyə ağlı başında olan heç bir investor kapital qoymaz. Azad rəqabət mühitinin olmadığı, böhranı öz yerli məhsullarının qiymətini zorla endirməklə atlatmaq istəyən, yumurtanın qiymətini 2 qəpik endirmək üçün istehsalçını zindana atan, mülkiyyət hüququnun olmadığı, hər an nəylə üzləşəcəyi qeyri-müəyyən ölkəyə ancaq BVF və Dünya Bankı kimi beynəlxalq qurumlar pul verə bilər. Çünki yalnız bu qurumlar çətin vəziyyətdə qlobal güc dəngələrini işə salıb öz kapitallarını diriltmək imkanına sahibdirlər. Deməli, Kərəm Həsənovun artıq danışıqlara başlandığını etiraf etdiyi beynəlxalq məsləhətçi şirkətlər, fondlar və ekspertlər elə BFV və Dünya Bankının Bakıya gəlməyə hazırlaşan nümayəndələridir. Özəlləşdirməyə çıxarılacaq dövlət əmlakları isə onların verəcəkləri kapital müqabilində qoyulacaq girovlardan başqa bir şey deyildi.

Bəs, görəsən, BFV və Dünya Bankının, yaxud qlobal iqtisadiyyat aləmində “quzğun fondlar” adlanan digər qurumların Azərbaycana verəcəyi pul ölkəmizi bu çətin vəziyyətdən xilas edə bilərdimi?

Zənnimizcə, hakimiyyətin son anda xarici borclanmadan geri çəkilməsinin səbəbi bu sualın cavabında gizlənib. Nədən ki, beynəlxalq təcrübələrə əsaslanaraq, bu suala müsbət cavab vermək mümkün deyil. Adətən, batmağa doğru sürüklənən ölkələrə quzğun kimi daranan bu fondlar əvvəl ucuz qiymətə dövlət əmlaklarını alır, verilən pulların necə gəldi sərf olunmasına göz yumur, sonra isə çətin vəziyyətə düşmüş ölkədən borclarını tələb edirlər. Dövlətlər isə bu tələbi yerinə yetirə bilmədiklərindən iflas elan olunurlar və beləcə, girov qoyulan müəssisələr, yaxud torpaqlar xarici sərmayədarların əlinə keçir. Məlumatlara görə, sadəcə son 10 il ərzində az inkişaf etmiş ölkələrə aid, Avropa qədər ərazi beynəlxalq qurum və fondlar tərəfindən müsadirə olunub.

Sözsüz ki, bu təcrübələri görən heç bir hakimiyyət son ümid yeri tükənməyənə qədər beynəlxalq fondlar qarşısında borclu duruma düşmək istəməzlər. Mümkündür ki, hakimiyyətin sonanda geri çəkilməsi də bu ehtiyatlılıqla bağlı olub və əgər belədirsə, bu, təqdir olunmalıdır.

Bəs, Azərbaycan BVF və Dünya Bankı qarşısında borclansaydı nələr baş verə bilərdi?

Bu sualın birmənali cavabı belədir: Böyük ehtimalla, iflas etdirilərdi!

Bir ölkənin beynəlxalq fondlar tərəfindən göz görə-görə iflas etdirilməsinin ən bariz nümunəsini dünyaArgentinada illər uzunu yaşanan, indi belə səngiməyən böhranlarda gördü. 13 ildə iki dəfə iflas etdirilən Argentinada yaşanan bir çox olaylar isə Azərbaycanda baş verənlərlə eynidir.

Argentina da vaxtilə pula pul demir, dünyanı öz zənginliyi ilə qısqandırırdı. Hətta ötən əsrin I yarısında bu ölkə adambaşına düşən milli gəlirinə görə, ABŞ-dan sonra dünyanın ikinci böyük iqtisadi gücü hesab olunurdu. Hazırda 40 milyon əhalisi olan Argentina ötən əsrin ikinci yarısından etibarən getdikcə zəifləməyə başladı. Amma yenə də 1950-ci illərdə dünyanın 7 iqtisadi nəhəngindən biri idi.

Ölkənin qara günlərinin əsası isə, 1969-cu ildə qurulub, 1983-cü ilə qədər davam edən hərbi diktatura ilə qoyuldu. Cəmi 14 il davam edən bu diktatura dövründə ölkə xaricdən xeyli valyuta aldı və bu vəsaitlər Argentinanın hərbi qüdrətinin artırılmasına xərcləndi. Xaricdən alınan tanklar, hərbi təyyarələr, gəmilər və sairələr ölkənin iqtisadiyyatında nəinki əlavə gəlir mənbəyinə çevrilmədi, əksinə, büdcədən pul yeyən əsas vasitə rolunu oynadı.

Argentinanın onsuz da dünyanın ən böyük gücləri qarşısında heç nə edə bilməyəcəyi bu hərbi qüdrəti üçün öz cibindən nə qədər pul xərclədiyi hərbi sirr olduğundan, hər hansı məlumata malik deyilik. Amma bilinən odur ki, bu məqsədlə 21 milyard dollardan artıq xarici valyuta borc alındı. (Maraqlıdır ki, Azərbaycanın xarici borcu da  hardasa, o qədərdir, hətta ondan belə artıqdır: məlumata görə, 25 milyard dollar). Halbuki, bu xuntaya qədər Argentinanın cəmi 6 milyard borcu var idi.

Qismətə bax ki, hərbi xunta zamanı təkcə orduya çəkilən xərclərin qonşu dövlətlərin ümümi büdcəsindən çox olmasıyla fəxr edən Argentina xalqı daha sonralar qəbul olunan iflas qərarının ardından hərbi texnikalarının xarici dövlətlər tərəfindən müsadirə edilməsini izləməli oldu. Xaricə uçan istənilən hərbi təyyarəsi dərhal həbs olunur, gəmiləri öz dəniz sərhədlərində belə üzməyə cəsarət edə bilmirdi.

Bu gəmilərdən birinin müsadirə edildiyi sırada qarşı tərəflə döyüşməsi və sonunda ağ bayraq qaldırması Argentinanın iflasının simvoluna çevrildi.

Bir neçə il öncə Azərbaycan da eynilə dünyanın ən varlı 50 ordusundan birinə sahib olmasıyla və Silahlı Qüvvələrə xərclənən pulun Ermənistanın ümumi büdcəsini belə geridə buraxdığıyla fəxr edirdi. Bu gün isə maaşlarını 30-50% azaltmaq məcburiyyətində qaldığımız ilk sosial təbəqə də yenə əsgərlərimiz oldu. 

İnşallah, hakimiyyətin son addımından sonra iflas yaşanmaz və içərisində çabaladığımız böhran Argentinadakı kimi hərbi texnikalarımızın müsadirəsinə qədər uzanmaz.

1980-cı illərdə hərbi xuntanın ölkəni bu cür idarə etməyin mümkünsüzlüyünü görüb, atdığı ilk addım da elə geniş özəlləşdirmə proqramı idi. Bu qərardan sonra Argentinanın iqtisadi potensialı bir sıra beynəlxalq fond və şirkətləri özünə cəlb etmiş, ölkə xarici kapitalla dolub daşmışdı.

Yenidən dirçəliş dövrü 20 il davam etdi. Amma bu dirçəliş əslində Argentinanı daha çox borc bataqlığına salmaq üçün idi. 1980-ci illəri 21 milyard dollarlıq borcla tamamlayan bu ölkənin 2001-ci ildə xarici banklara 100 milyard dollar borcu yaranmışdı.

Ölkənin tənəzzülünün bir başqa səbəbi maliyyə siyasəti ilə bağlı idi. Argentina hökuməti də, eynən bizim kimi, öz milli valyutasını dollarla indeksləmişdi: 1 dollar - 1 pesoHökumət milli valyutanın məzənnəsini sabit saxlamaq üçün valyuta bazarına xaricdən aldığı borcları çıxarırdı. Borc sahibləri isə buna göz yumurdu. Amma xarici banklardan alınan pullar Argentina vətəndaşlarına peso üzərindən deyil, dollarla verilirdi. Məzənnə eyni olduğundan Argentina vətəndaşları da başlarına gətiriləcək müsibətlərdən xəbərsiz, eynilə bizim kimi, bank kreditləriylə istehlak malları alırdı.

2001-ci ildə isə yaranan durğunluq xarici valyuta sahiblərinin öz pullarını ölkədən çıxarmasına yol açdı. Təbii ki, argentinalıları, eynilə bizim kimi, banklara dollarla borclandıraraq. Əsasən, alman, fransız və digər Avropa ölkələrinin sərmayədarları böyük fazilə verdikləri bu borcları əslində artıqlamasıyla geri almışdılar. Amma argentinalılar hələ də bu fondlara borclu idilər. Kreditorlar onlardan alacaqları pulun ən qısa yolunu tapdılar: öz borclarını ABŞ fond və şirkətlərinə dəyər-dəyməzinə satmaq.

Onsuz da qoyduqları pulun qat-qat artığını çıxaran bu şirkətlər üçün ABŞ fondlarıyla bağlanan müqavilələr əslində “donuzdan çəkilən bir tük” idi. ABŞ fondları isə dövr aldıqları borcların müqabilində 1000 faiz gəlir əldə etmək istəyirdilər. Çünki sövdələşmə şərtini şumda kəsmiş, aldıqları borcun cəmi 10%-ni ödəmişdilər. Beləcə, xırmanda yabalaşmağa ehtiyac qalmamışdı. Argentina xalqına isə borclarını ödəməkdən  başqa seçənək verilməmişdi.

Hökumət borclulara, heç olmasa, borcunun 70%-ni qaytarmağı boyun oldu. Bütün fondlar bu təkliflə razılaşsa da, ABŞ-ın iki fondunun (Paul Singerın qurucusu olduğu “NML Capital” və “Elliott Management”) saqqızını oğrulamaq mümkün deyildi. Onlar 100% və üstəlik, bank faizləriylə bərabər “haqlarını” istəyirdilər. Halbuki, həmin fondlar ümumiyyətlə Argentinaya 1 dollar belə verməmiş, yuxarıda da qeyd etdiyimiz kimi, sadəcə onun borcunu dəyər-dəyməzinə satın almışdılar.

Mübahisələr böyüyüncə, yeni borc sahibləri Argentinanı ABŞ-da məhkəməyə verdilər. Məhkəmə onları haqlı gördü və bir ayın içərisində borcların qaytarılması hökmünü çıxardı. Onların borcu ödənməyənə qədər isə digər borclulara pul ödənməməsi şərti də məhkəmə hökmünə düşdü. Beləcə, Argentina istəsə belə, digər borclarını da qaytara bilmədiyi üçün texniki baxımdan 2014-cü ildə ikinci dəfə iflas hesab olundu. Özü də adi bir məhkəmə qərarıyla. Dövlətlərarası pul transferləri əsasən ABŞ bankları vasitəsilə həyata keçirildiyindən, bu mübahisəli məhkəmə qərarı bir vaxtlar dünyanın ən böyük iqtisadi güclərindən sayılan Argentinanı diz üstə çökdürtdü!

Qlobal iqtisadiyyatda əsasən “quzğun fondlar” kimi tanınan bu qurumların batırdığı ölkə təkcə Argentina da deyil. Peru, Yunanıstan, Zambiya, Konqo kimi dövlətlərə qarşı da eyni siyasət yürüdülüb.






Fikirlər