Bənazir Bhuttonun qətlində ittiham olunanlara BƏRAƏT VERİLDİ

benazir butto

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pakistan məhkəməsi ölkənin sabiq Baş naziri Bənazir Bhuttonun öldürülməsində şübhəli bilinən 5 nəfərə bəraət verib, sabiq prezident Pərviz Müşərrəfi isə məhkəmədən gizlənən şəxs elan edib. Pərviz Müşərrəfin adı bu iş üzrə ittiham olunan şəxs kimi keçir.

Xəbəri «Geo TV» telekanalı yayıb.

Məhkəmə eyni zamanda, Müşərrəfin bütün aktivlərinin musadirə olunması barədə də qərar çıxarıb. Məlumat üçün bildirək ki, sabiq Prezident Pərviz Müşərrəf hazırda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayır.

Məhkəmənin qərarı ilə Ravalpindi şəhəri polis idarəsinin iki rəhbər işçisi 17 il azadlıqdan məhrum edilib – onlar sübutların gizlədilməsi yolu ilə Bhuttonun qatillərinə kömək göstərməkdə ittiham olunurdular.

Bununla bərabər, məhkəmə sözügedən 5 nəfərin guya, Pakistanın taliban hərəkatı ilə əlaqəli olması barədə təqdim edilmiş sübutların yetərli olmadığı qənaətinə gəlib.

Bənazir Bhutto 27 dekabr 2007-ci ildə həyata keçirilmiş terror aktı ilə öldürülüb. Terror, Bhuttonun tərəfdarlarının Ravalpindi şəhərində keirdiyi mitinq zamanı törədilib. Nəticədə, Bhutto ilə birlikdə, daha 16 nəfər həlak olub.

 






Fikirlər