"Korrupsiyaya qarşı sistemli addımlara daha çox ehtiyac var"

Pənah Hüseyn: "Bunsuz korrupsiyaya qarşı mübarizə səmərəsizdir"

Yaxın gələcəkdə Azərbaycanda büdcədən maliyyələşən bütün təşkilatlarda korrupsiya ilə mübarizə məqsədilə bölmə yaradılacaq. Bu istiqamətdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirələrn aparılması planlaşdırılır. Yeni dəyişikliyə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya səlahiyyətli struktur bölmə müəyyən ediləcək.

Maraqlıdır, korrupsiyaya qarşı mübarizə məqsədi ilə bütün büdcə təşkilatlarında korrupsiyaya qarşı mübarizə məqsədi ilə bölmələrin yaradılması nə dərəcədə məntiqlidir? Mübarizə tədbirlərinin bunca genişləndirilməsi problemin özünün də böyüməsindən, genişlənməsindən xəbər vermirmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn belə bir dəyişikliyin tətbiqinin inandırıcı olmadığını, habelə sistem dəyişikliyinə daha çox ehtiyac duyulduğunu vurğuladı:

"Doğrusu, məlum qanun dəyişikliyi ilə bağlı məlumatlı deyiləm. Lakin büdcədən maliyyələşən bütün təşkilatlarda korrupsiyaya qarşı mübarizə məqsədi ilə hansısa strukturun yaradılması və ya yetkili şəxsin ayrılması mənə məntiqli gəlmir. Çünki belə olsa, onda gərək uşaq bağçalarında, orta məktəblərdə də bu cür strukturlar formalaşsın ki, bu da qeyri-ciddi görüntü formalaşdırır. Şübhəsiz ki, korrupsiyaya qarşı mübarizə mühüm əhəmiyyət kəsb edən bir sahədir. Lakin bu istiqamətdə daha çox qanunvericilik sahəsində yeniliklər etməyə ehtiyac var. Baxmayaraq ki, bu sahədə müəyyən qanunlar qəbul edilib, konkret idarələr yaradılıb və s.

Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizə məqsədi ilə sistem xarakterli addımların atılmasına ehtiyac var. Bu cür addımlar atmadan korrupsiyaya qarşı mübarizəyə cəhd etmək, yuxarıda qeyd etdiyim kimi, hansısa uşaq bağçasında anti-korrupsiya adı ilə struktur formalaşdırmaq faydasızdır. Bu kimi addımlar əks-effekt verəcək və korrupsiya üçün əlavə zəmin formalaşdıracaq".

 






Fikirlər