Türkiyə hakimiyyətində «zəlzələ»

Türkiyə hakimiyyətində «zəlzələ»

Prezidentlə razılaşmayan baş nazir Əhməd Davudoğlu istefaya gedir

AKP-nin növbədənkənar qrultayı təyin olundu, yeni baş nazir Ərdoğanın qohumu ola bilər

Türkiyədə hakim partiya daxilində yaranmış ziddiyyətlər baş nazir Əhməd Davudoğlunun vəzifəsindən ayrılması ilə nəticələnib.

Türkiyə KİV-lərinin məlumatına görə, ötən gün axşam baş nazir Əhməd Davudoğlu ilə prezident Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdən sonra AKP-nin növbədənkənar qurultaya getməsi qərara alınıb. Və Davudoğlunun bu qurultayda AKP başqanlığına namizəd olmayacağı, beləliklə də baş nazir postunu təhvil verəcəyi açıqlanıb. 

AKP daxilində Davudoğlunun vəzifədən faktiki uzaqlaşdırılmasına gətirib çıxaran ziddiyyətlərin kökü prezident Ərdoğanın hakim partiyanın daxili məsələlərində əsas söz sahibi kimi qalmasından, baş nazirin partiyada formal fiqura çevrilməsindən qaynaqlanır. Aprelin 29-da AKP-nin bölgə təşkilatlarının liderlərinin təyinatı səlahiyyəti Davudoğlundan alınıb. Bu da baş nazirin partiya rəhbəri statusunun şübhə altına alınması demək idi. Qərar Ərdoğanın təlimatı ilə qəbul edilib. Xəbərlərə görə Davudoğlu bunun səbəbini soruşanda Ərdoğan ona "partiyanın lideri olaraq qaldığını" xatırladıb. Habelə prezident baş nazirə AKP-nin növbədənkənar qurultayını çağırıb "lazım olanı etməyi", yəni səlahiyyətlərini təhvil verməyi tapşırıb.
Dünən günorta saatlarında Ankarada hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi İdarə Heyətinin iclası keçirilib. İclas qısa sürüb, cəmi 35 dəqiqə davam edib. İclasda baş nazir Əhməd Davuoğlunun istefası və AKP-nin növbədənkənar qurultayının keçirilməsinin tarixi barədə qərar verilib. Növbədənkənar qurultay mayın 22-nə təyin olunub.
Davudoğlu iclasdan sonra keçirdiyi mətbuat konfransında bildirib ki, AKP-nin mayın 22-də keçiriləcək növbədənkənar qurultayında partiya başqanlığına namizəd olmayacaq. Bu, Davudoğlunun həm də baş nazir postundan getməsi deməkdir.
Davudoğlu AKP-nin qurultayında namizədliyini irəli sürməmək qərarını partiya daxilində parçalanmalara səbəb olmamaq üçün verdiyini deyib. Bildirib ki, AKP başqanı və baş nazir postundan getsə də prezident Ərdoğanla dostluq münasibətlərini pozmayacaq. "Mən heç kimə bu məsələdə spekulyasiya etməyə imkan verməyəcəyəm. Ərdoğanın qüruru mənim qürurum, ailəsinin şərəfi mənim şərəfimdir"-o deyib. Davudoğlu bildirib ki, bundan sonra fəaliyyətini AKP-dən sıravi millət vəkili kimi davam etdirəcək, siyasətdən getməyəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlunun fövqəladə qurultay və istefa qərarına münasibət bildirib. Ərdoğan prezident sarayında bir qrup millət vəkili ilə görüşündə "xeyirli olsun. Baş nazirin öz qərarıdır", - deyib. O bildirib ki, bu təklifin müəllifi Əhməd Davudoğludur: "O özü bu təkliflə gəldi. Namizəd olmayacağını söylədi. Biz kreslonu necə başqasına təhvil verdiksə, o da başqa birinə təhvil verər".   
AKP qurultayında baş nazir postuna kimin namizəd irəli sürüləcəyi haqda bir neçə variant var. Məlumatlara görə namizədlərdən biri Ərdoğanın kürəkəni, energetika naziri Berat Albayrakdır. Digər namizəd nəqliyyat naziri Bineli Yıldırımdır.  Habelə ədliyyə naziri Bekir Bozdağın və baş nazirin müavini Neman Kurtulmuşun da adları çəkilir. Mətbuat yazır ki, Ərdoğan artıq yeni baş nazirin kim olacağını müəyyən edib və həmin şəxsin adı sürpriz olmayacaq.
Davudoğlu AKP-də Ərdoğandan sonra ən güclü və xarizmatik lider hesab edilirdi. Keçmiş prezident Abdullah Gülün Ərdoğanla yollarını ayırmasından və AKP-dən getməsindən sonra hakim partiyada önə çıxa biləcək başqa siyasətçi gözə dəymir. AKP faktiki olaraq tək liderin partiyasına çevrilib. Partiyanın bir çox simalarının adı korrupsiya qalmaqallarına bulaşıb və siyasi karyeralarına ciddi zərbə dəyib.
Dünən Qərb mətbuatının əsas mövzularından biri Türkiyə baş nazirin istefasına və hakim partiyada ortaya çıxan ziddiyyətlərə həsr olunub. 
"Türkiyənin baş naziri Əhməd Davudoğlu baş nazirlikdən istefa verir. Bu, prezident Rəcəb Tayyib Ərdoğanın, formal vəzifə tutmasına baxmayaraq, opponentlərini uzaqlaşdırmağa, hökuməti idarə etməyə yetərincə gücünün olduğunu ortalığa qoyur". "The Financial Times" qəzetində Mehul Srivastava belə yazıb.
Artıq partiya içində varislə bağlı bir çaxnaşma yaranıb, prezidentin ağzından kimin adının çıxacağını gözləyirlər. Mümkün namizədlər nəqliyyat naziri Binali Yıldırım, prezidentin kürəkəni, enerji naziri Berat Albayrak, ədliyyə naziri Bekir Bozdağdır. Hər üçü prezidentə loyal sayılır.
Ölkə liderliyi uğrunda uzunmüddətli mübarizə perspektivi iqtisadiyyata dərhal təsirini göstərib. Bir günün içində lirə dollara nisbətən 4.5 faiz ucuzlaşıb, səhmlər isə 2 faizdən çox düşüb. 720 milyardlıq ölkə iqtisadiyyatı onsuz da inflyasiya, xarici borclar, sərhədindəki Suriya müharibəsindən, böyük şəhərlərində intiharçı hücumlarından əziyyət çəkir.
Müəllif yazır ki, Ərdoğan 2014-cü ildə prezident seçiləndə, yerinə keçmiş Davudoğlu uzun müddət onun protokol prezidenti kimi qalmaq istəməməsindən əndişələnib, lakin prezidentliyin gücləndirilməsini hədəfləyən referendum planlarını açıq şəkildə dəstəkləyib. Daim gülümsəyən, həlim səsli Davudoğlu sonda Ərdoğanın media və parlamentdəki tərəfdarları ilə bacarmadı. Sonucda özü AKP liderliyindən getməyə qərar verdi. Bir gün öncə Davudoğlunun komandası prezident sarayında danışıqlar aparıb.
"Gün ərzində baş nazirin prezidentlə bağlı məsələni həll edəcəyinə ümid vardı", - Davudoğlunun adamlarından biri deyib. Baş nazir özü saraya gedəndə müşavirlərinə söyləyib ki, Ərdoğandan konstitusion səlahiyyətlərinə sayğı göstərməsini istəyəcək, əvəzində bu ilin sonuna planlaşdırılan referendumu dəstəkləyəcək. Qəzet yazır ki, danışıqların aparıldığı 600 milyon dollarlıq saray da ilkin olaraq baş nazirin iqamətgahı kimi nəzərdə tutulmuşdu, sonra prezident tərəfindən tutuldu. 90 dəqiqə çəkən görüşün sonunda tərəflərdən heç biri bəyanat verməyib.
Prezidentlə baş nazir aylardır akademiklərin və jurnalistlərin saxlanılması, kürd separatçılarıyla danışıqların başlanması, mərkəzi banka rəhbər təyinatı, AB ilə yaxınlaşma məsələlərini dartışır. Davudoğlu AB ilə razılaşmanı bitirmək üzrəykən Ərdoğan onun AKP daxilində yerli liderləri təyin etmək hüququnu aldı. "Ərdoğan bu razılaşmaya Davudoğlunun güc bazasını gücləndirmək səyi kimi baxdı. Ancaq əslində, Davudoğlunun AKP və Türkiyə daxilində Ərdoğana meydan oxuyacaq dəstəyi yoxdur", "Teneo Intelligence" qurumunun təhlilçisi Wolfango Piccoli deyib. Bir neçə gün öncə yaradılan anonim bir vebsayt baş naziri Qərb dövlətləri ilə əməkdaşlıqda ittiham edib. FT yazır ki, Ərdoğan AB-yə inamsızlıqla baxır, bloka qoşulmaq səylərindən də, demək olar, imtina edib.
"Türkiyədə baş verənlər Berlin və Brüsseldən ötrü böyük əhəmiyyət kəsb edir, özəlliklə də, Ərdoğanın AB ilə əməkdaşlığa açıq-aşkar şübhəylə baxdığını nəzərə alanda, onun mövqeyini gücləndirmək səyləri diqqətlə izlənir", - bunu isə Avrasiya Qrupundan Rahman Mujtaba söyləyib. Onun sözlərincə, Avropaya qaçqın axınını önləmək məqsədi daşıyan saziş məhz Davudoğlunun sayəsində ərsəyə gəlib. Çərşənbə günü parlamentdə çıxışında Davudoğlu ona xas olmayan bir cəsarətlə deyib ki, istefaya getməsi mümkündür. Ərdoğan isə Ankarada bir görüşdə dəm-dəm vurub. "Başçılıq etdiyi kəndin rəğbətini qazana bilməyən biriylə xalqının dəstəyini əldə edə bilməyən prezidentin heç bir fərqi yoxdur".
Adı açıqlanmayan rəsmi "The New York Times"  qəzetinə deyib ki, Davudoğlunun yenidən liderliyə iddia edəcəyi inandırıcı görünmür. 
Qəzet yazır ki, hakim AKP-də bu dəyişiklik kürd yaraqlıları ilə müharibə, "İslam Dövləti" qruplaşmasının hücumları, milyonlarla suriyalı qaçqının gəlməsiylə üst-üstə düşür və Ərdoğanın yolunu təmizləmiş olur.
Ərdoğan Konstitusiyada nəzərdə tutulduğu kimi, bir formal, protokol prezidenti olmadı. Davudoğlu isə uzun müddət prezidentin əlaltısı kimi görünsə də, aralarındakı gərginlik bu həftə, Davudoğlunun yerli partiya rəhbərlərini təyinetmə səlahiyyəti alınandan sonra üzə çıxdı. "Davudoğlu kimi üzüyola biriylə belə münasibəti saxlaya bilmədi", - keçmiş diplomat Sinan Ülgen deyir. 
Davudoğlu Ərdoğanın Konstitusiyanı yenidən yazmaq niyyətinə qarşı çıxırmış, PKK ilə müharibəni bitirib sülh danışıqlarına qayıtmağa meylli imiş, mərkəzi bankın müstəqilliyini dəstəkləyirmiş və sairə. "Yeni baş nazirin əsas missiyası prezidentin dediklərini yerinə yetirmək olacaq", - Ülgen əlavə edir.
Məqalədə vurğulanır ki, Konstitusiyanı istədiyi kimi dəyişmək Ərdoğana elə də asan başa gəlməyəcək. Çünki AKP parlamentdə yetərli səs sahibi deyil, üstəlik, rəy sorğuları ictimaiyyətin də prezident sisteminə qarşı çıxdığını göstərir. Təhlilçilərin fikrincə, bu halda Ərdoğan yeni baş nazirlə birlikdə parlamentdə daha çox yer qazanmaq məqsədilə erkən seçkilər keçirə bilər. 
"The Wall Street Journal" qəzetinin Avropa nəşri diqqəti Türkiyədə gedən hakimiyyət mübarizəsinin Qərblə münasibətlərə yaratdığı təhlükəyə çəkir. Qərbdə Davudoğlunu islahatçı, Avropayla əməkdaşlıq tərəfdarı sayırlar. Ərdoğana isə Avropa liderləri, əksinə, skeptisizmlə yanaşır, onun narazıları susdurmaq cəhdlərindən əndişələnirlər. Obama administrasiyası məsələni şərh etməyib, bunu Türkiyənin "daxili işi" adlandırıb. Ancaq qəzetin yazdığına görə, Vaşinqtonda artıq belə narahatlıqlar var ki, Davudoğlunun getməsi ilə İŞİD-lə mübarizədə ziddiyyətlər ortaya çıxa bilər. Ərdoğan dəfələrlə ABŞ-ı kürd yaraqlılarına verdiyi dəstəyə görə tənqid edib, koalisiyadan çıxmaqla hədələyib.
"ABŞ Ərdoğanın bu planlara ziyan vuracaq addım ata biləcəyindən narahatdır", - Woodrow Wilson Beynəlxalq Mərkəzinin Türkiyə üzrə eksperti Henri Barkey deyib.
Qeyd edək ki, Türkiyədə ilk dəfədir ki, baş nazir hakimiyyətdən hərbi çevriliş və ya parlamentdə etimadsızlıq göstərilməsi nəticəsində deyil, hakim partiya daxilində yaranan ziddiyyətlər nəticəsində uzaqlaşdırılır. Davudoğlu 21 ay əvvəl təkrar parlament seçkilərində AKP-nin qələbəsindən sonra baş nazir olmuşdu. Onun Ərdoğanla münasibətləri "güclü prezident-çalışqan baş nazir" formuluna əsaslanırdı. Lakin tamamilə aydın idi ki, Davudoğlunun Nazirlər Kabinetini idarə etməsi əslində formaldır, nazirlər Ərdoğan tərəfindən təyin edilir və onun göstərişləri ilə hərəkət edir. Türkiyədə prezident üsul-idarəçiliyi hələ mövcud deyil, Ərdoğan Konstitusiyanı dəyişdirərək prezident üsul-idarəçiliyinə keçməyə çalışır. Lakin faktiki olaraq ölkədə bu idarəçilik modeli qüvvədədir.






Fikirlər