“Dağlıq Qarabağın tanınması məsələsinin Ermənistanda gündəmə gəlməsində Rusiya izi hiss olunur. Rusiyayönümlü digər anklavların təcrübəsi də bunu göstərir”. Publika.az xəbər verir ki, bu iddia ilə Ukraynanın “Apostrof” saytı çıxış edib.
Sayt yazır ki, Ermənistan Rusiyanın icazəsi olmadan belə bir addım atmağa cəsarət edə bilməz: “Ən azından ona görə ki, Ermənistana silahları Rusiya verir. Doğrudur, ruslar Azərbaycana da silah satırlar, amma onların erməniyönümlü olduğu bəllidir. Rusiya Azərbaycana Türkiyənin müttəfiqi və neft bazarındakı rəqibi kimi yanaşır. Rusiya birtərəfli bəyanat səsləndirərək, “hər iki ölkə bizim tərəfdaşımızdır” deyir. Amma Rusiyanın dəstəyi olmadan Ermənistan nə Azərbaycanla vuruşmağı bacarardı, nə də Qarabağın tanınma məsələsini gündəmə gətirə bilərdi”.
Sayt qeyd edir ki, Rusiya Qafqazda əsas dayanacağı olan Ermənistana quru dəhliz açmaq istəyir: “Bu Moskvanın strateji məsələsidir. Bu baxımdan, Rusiya ermənilərin əli ilə Qarabağın tanınma məsələsini gündəmə gətirərək, Azərbaycana təzyiq etmək niyyətindədir”.