Türkiyənin yeni baş naziri kimdir? - ARAYIŞ (FOTOLAR)
Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayı keçirilib. AKP-nin Ankara Arena İdman Salonunda keçirilən II fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib. Yıldırım qurultayda partiyanın sədr postuna yeganə namizəd olub.
Mövcud qanunvericiliyə əsasən hakim partiyanın sədri həm də Türkiyənin baş naziri vəzifəsini icra edəcək.
Türkiyənin yeni baş naziri Binali Yıldırım kimdir?
Binali Yıldırım 1955-ci ildə Türkiyənin Ərzincan şəhərində anadan olub. O, İstanbul Texniki Universitetinin Gəmi inşaatı və dəniz elmləri fakültəsini bitirib.
Yıldırım ali təhsilini başa vurduqdan sonra Türkiyənin Gəmi Sənayesi Baş İdarəsində işə başlayıb. O, 1990-1991-ci ilərdə İsveçdə BMT-nin Beynəlxalq Dənizçilik Təşkilatının Dünya Dənizçilik Universitetində ixtisas artırma kurslarında təhsilini davam etdirib.
Yıldırım Türkiyənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğanla 1994-99-cu illərdə İstanbul Böyük şəhər bələdiyyəsinə rəhbərlik etdiyi vaxtdan indiyədək dostluq münasibətindədir.
Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının əsas qurucularındandır. O, 2003, 2007, 2011və 2014-cü illərdə Türkiyənin nəqliyyat naziri vəzifəsində çalışıb. 2014-cü ildə nazir vəzifəsindən istefa verərək bələdiyyə seçkilərində iştirak edib.
B.Yıldırım 2014-cü ildə baş nazir və prezident Ərdoğanın müşaviri vəzifəsinə təyinat alıb. AKP-nin yeni sədri daha sonra nəqliyyat, dənizçilik və rabitə naziri vəzifəsinə gətirilib. O, Türkiyə tarixində nəqliyyat naziri vəzifəsini ən uzun müddət tutan siyasətçi kimi tarixə düşüb.
Nazir olduğu dövrdə 17500 km yol çəkib, hava limanlarının sayını 22-dən 55-ə çatdırıb. Onun nazir olduğu dövrdə Türkiyədə hava nəqliyyatı ildə 15% inkişaf edib.
B.Yıldırım evlidir, 3 övladı var. İngilis və fransız dillərini bilir.