Qurban kimdir: Rusiya, yoxsa Davudoğlu - Yıldırımlı Ərdoğan Putinlə yaxınlaşacaqmı? - TƏHLİL
Türkiyədə Davudoğlu dönəmi qapandı, amma Yıldırım dönəminin başlandığını demək çətindir. Çünki 65-ci hökumətin tərkibini formalaşdıran yeni Baş nazir Binəli Yıldırımın daha çox prezident Rəcəb Tayyip Ərdoğanın kölgəsində qalacağı proqnozlaşdırılır. Onun AKP-nin sədri seçildiyi qurultayda “hər şey etdik, amma yeni konstitusiyaya ehtiyacımız var və biz bunu edəcəyik” deməsi də bu ehtimalı gücləndirir. Söhbət səsvermə yolu ilə seçilən prezidentin səlahiyyətlərinin artırılmasından gedir və güman ki, Davudoğlunun yola salınmasının ardından başlanan Ərdoğan dönəmində bu, baş verəcək. Ərdoğan-Davudoğlu tandeminin pozulmasına səbəb də məhz yeni konstitusiya məsələsində fikir ayrılığının olması idi. Türkiyə prezidentinin yeni kabinetlə uzun zamandır müzakirəsi gedən konstitusiyanı qəbul etdirəcəyi şübhəsizdir. Bu baxımdan, önümüzdə hər kəs Ərdoğanın da dediyi kimi, “Yeni Türkiyəni” görəcək. Burada əsas düşündürən suallardan biri yeni Türkiyənin xarici siyasətində, xüsusilə Rusiya ilə “soyuq müharibə” atmosferində olan münasibətlərində hər-hansı dəyişikliyin olacağına dairdir. Sualın “Yıldırım dönəmində Rusiyaya münasibət necə olacaq?” formasında qoyuluşu yanlış olardı. Çünki Yıldırımın Baş nazirlik dövründə daxili siyasətlə məşğul olacağı, daha dəqiq desək, Ərdoğanın nəzarəti altında işləyəcəyi aydındır. Xarici siyasət birbaşa prezident Ərdoğan tərəfindən aparılacaq. Bu baxımdan,“yeni dövrdə Ərdoğan Rusiya ilə buzları əridəcəkmi?” sualı önümüzdəki proseslərə fon verir. *** Rusiya ilə Türkiyənin hələ varisi olduqları Çar və Osmanlı dövründə zaman-zaman toqquşduğu tarixi gerçəklikdir. Lakin Suriyada Rusiya təyyarəsinin vurulması ilə nəticələnən məlum olaya qədər iki ölkə arasında siyasi və iqtisadi sferada əməkdaşlığın inkişafında ciddi irəliləyiş var idi. Xüsusilə Türkiyə Rusiyanı onu ailəsinə almayan Avropaya qarşı güclü alternativ kimi istifadə edir, Rusiya isə Türkiyəni tək qaldığı meydanda özünə dayaq hesab edirdi. Putinin “Ərdoğan əsil kişidir” deməsi ikitərəfli münasibətlərin xarakterizə edilməsi üçün ən yaxşı nümunə hesab oluna bilərdi. Bir təyyarənin vurulması ilə bölgədə bütün siyasi tarazlıq alt-üst oldu və ortaya “bu kimə lazım idi?” sualı çıxdı. Cavab açıq şəkildə görünür:Rusiya-Türkiyə münasibətlərinin pozulmasından qazanan tərəf Qərbdir. Maraqlıdır ki, Ukrayna böhranından sonra Rusiyaya qarşı başladılan sanksiya siyasətində Türkiyənin mövqeyi Moskvanın ayaqda dayana bilməsinə imkan yaratdı. İkitərəfli ticarət əlaqələri hesabına Kreml rəhbərliyi rusları çətin şərtlərlə üzləşməkdən xilas edə bildi. Belə demək mümkünsə, bu günə qədər Rusiyanın dik dayanaraq, Qərbə meydan oxumasında Türkiyənin payı olub. Və belə bir məqamda iki ölkəni bir-birinə qarşı qoyacaq hadisə baş verməli idi. Əslində təyyarə hadisəsinə qədər Rusiyanın Suriya siyasəti onun Ankara ilə toqquşmasını şərtləndirmişdi. Xüsusilə Suriyada Ankaranın qəbul etmədiyi Əsəd rejimi ilə birlikdə Türkiyənin bölgədəki əsas dayağı olan türkmanlara qarşı hücumlar rusların “türk dayağını” itirməsinə aparan proses idi. Belə görünürdü ki, qarşıdurma tədricən formalaşmışdı. Lakin təyyarə hadisəsi bu prosesin finalını gətirdi və regionun iki əsas gücü “soyuq müharibə” dönəminə qədəm qoydu. Həm ruslar, həm də türklər itirən tərəf oldu. Hər şey Qərbin ssenarisinə uyğun şəkildə davam edir. - Rusiya Qərb qarşısında əsas dayağını itirdi. - Ən böyük iqtisadi əməkdaşlığından, həmçinin, regionda əsas bazarından məhrum oldu. - Qərb Rusiya ilə mübarizədə özü üçün Türkiyədən “bufer zona” düzəldə bildi. - Avropanın Rusiya qazından imtina ssenarisinə əngəl olan “Türk axını” layihəsi tarix oldu. - Türkiyə Avropanın qarşısında alternativini itirdi. Bu amillərin sırasını uzatmaq olar, lakin fakt budur ki, türk-rus savaşından qazanan tərəf Qərb oldu. Və burada əsas düşündürən məsələ belədir: Türkiyə bu tələyə necə düşdü, daha doğrusu, o təyyarənin vurulma əmrini kim verdi? Axı, vurulan Su-24 təyyarəsinə qədər rus qırıcıları bir neçə dəfə Türkiyə sərhədini pozmuşdu. Bu suallar fonunda Davudoğlunun postundan uzaqlaşdırılması haqda iddia ön plana çıxır. İddia: Rusiya-Türkiyə böhranının banisi kimi Davudoğlunun adı çəkilir. İddiaya görə, rus təyyarəsini “vur” əmrini o verib və bunu bilən ruslar da ən çox onu ittiham edirdi. Baş nazirlik dövründə Davudoğlu Rusiya ilə münasibətlərin istiləşməsinə qarşı çıxıb. Hətta bunun fonunda“Davudoğlu Qərbin adamı idi” iddiaları da səslənir. Burada bir-birinin əksi olan iki ehtimal ola bilər. Birinci: Ərdoğan Rusiya ilə münasibətləri düzəltmək üçün Davudoğlunu yola salmaq məcburiyyətində qalıb. İkinci: Türkiyəyə qonşu ölkələrlə “sıfır problem siyasəti”ni gətirən Davudoğlu Rusiya ilə münasibətlərin yaxşılaşmasına çalışıb və bu Ərdoğanın siyasətinə zidd olub. Rusiya-Türkiyə münasibətlərinin Davudoğludan sonrakı dönəmdə necə inkişaf edəcəyi müəyyən suallara cavab tapmaqda kömək edəcək. Amma bir sıra amillər, o cümlədən Qərb faktoru gələcəyi dumanlı olsa da göstərir. Türkiyə və Rusiya: toqquşan və uzlaşan strategiya Balkanlar, Qafqaz, Xəzər hövzəsi, Orta Asiya: Ankara və Moskvanın tarix boyu mübarizə apardığı strateji nöqtələr bunlardır. Və bura artıq Yaxın Şərqi də əlavə etmək olar. Xüsusilə regionda əsas güc olmaq uğrunda Türkiyə İranla yanaşı, daim Rusiya ilə də toqquşub. İki ölkəni birləşdirən strategiya isə toqquşan maraqlara rəğmən, bir-birinə ehtiyaclarının olduğunu göstərir. İqtisadi: 1. İki ölkə arasında 20 milyarddan artıq ticarət dövriyyəsi var idi. 2. Rusiya turistlərinin ən çox Türkiyəyə axın etməsi bu ölkənin iqtisadiyyatına təkan verirdi. 3. Türkiyə Rusiyanın böyük enerji resurslarının Avropa bazarına çıxışında əsas tranzit idi. 4. Türkiyədə 20 milyard dollarlıq “Akkuyu” AES-in tikintisini Rusiyanın “Rosatom” şirkəti həyata keçirirdi. Siyasi: 1. Rusiya Türkiyə üçün Avropanın qarşsında əsas alternativ idi. Ankara onun şərtlərini qəbul etməyən Qərbə qarşısında “Rusiya ilə yaxınlaşma” manevrini edirdi. 2. Rusiya da Qərblə mübarizədə Türkiyədən əsas dayaq olaraq istifadə edirdi. Su-24 təyyarəsinin vurulmasından sonra Putinin “Türkiyə arxadan zərbə vurdu” deyə bildirməsi də təsadüfi deyildi. Uzlaşan maraqlar bundan sonra Ərdoğanın Rusiya ilə buzları əridəcəyi ehtimalını gücləndirir. Artıq rəsmi Bakı da iki ölkə arasında vasitəçi ola biləcəyini bir daha dilə gətirdi. “Rusiya və Türkiyə arasında olan münasibətlərdəki gərginlik Azərbaycanı narahat etməyə bilməz. Prezident İlham Əliyev Azərbaycan tərəfinin Türkiyə və Rusiya arasındakı gərginliyin azaldılması və aradan qaldırılması üçün səylər göstərməyə hazırlığını ifadə edib. Bakı Rusiya və Türkiyə arasındakı münasibətlərdə gərginliyin aradan qaldırılmasına çalışır. Keçmişə deyil, gələcəyə yönələn birgə fəaliyyət Azərbaycan və bütün region üçün mühüm əhəmiyyətə malikdir”, - deyə Prezidentin köməkçisi Əli Həsənov mayın 25-də “Sputnik Azərbaycan”a müsahibəsində bəyan etdi. Bu açıqlamanın yenidən gündəmə gəlməsi rəsmi Bakının Binəli Yıldırımın baş nazir olduğu Türkiyə ilə Rusiyanın yaxınlaşa biləcəyi ehtimalını dəyərləndirdiyini göstərir. Amma mövcud siyasi münasibətlərdə bəzi məqamlar Rusiya-Türkiyə yaxınlaşmasının çətin olacağı proqnozunu önə çıxarır. Qərb faktoru: Artıq məlum məsələdir ki, rus-türk savaşı Qərbə sərf edir. Rusiyaya qarşı sanksiyaların başladığı dövrdə Türkiyənin buna qoşulmaması Ankara üçün bir sıra çətinliklər yaratmışdı. Qarşıdurma ssenarisinin mükəmməl işlədiyi bir vaxtda Ankaranın yenidən Moskvanın üzünə gülməsi nə Avropada, nə də okeanın o tayında qəbul edilməyəcək. Hətta Ərdoğan bunu istəsə belə, müəyyən maneələrin yaradılacağı şübhəsizdir. Yaxın Şərq: Qərb Suriyada Türkiyə-Rusiya müharibəsinə qədər dağıdıcı addımlar ata bilər və bu, onun üçün o qədər də çətin olmayacaq. Çünki Rusiya-Türkiyə yaxınlaşmasında əsas maneələrdən biri məhz Suriya faktorudur. Ankara qəti şəkildə Əsədin getməsini tələb edir, Rusiya isə bunun əksini. Əsədin getməsi rusların Yaxın Şərqdə son qalasının itirilməsi deməkdir. Bu baxımdan, Kremlin Türkiyə ilə münasibətləri düzəltmək naminə Suriyadan vaz keçəcəyi mümkünsüz görünür. Qaz amili: Türkiyə-Rusiya arasında buzların əriməsi avtomatik olaraq “Türk axını” layihəsinin yenidən gündəmə gəlməsi deməkdir. Bu layihə Avropanın qaz bazarında sıxışdırılan Rusiya üçün həyati əhəmiyyət kəsb edir. Türkiyə də “Türk axını” ilə regionda əsas tranzit rolunu gücləndirə bilər. Amma Qərbin buna imkan verməyəcəyi şübhəsizdir. Çünki artıq Rusiya qazına qarşı ciddi alternativlər tapılıb, Cənub Qaz Dəhlizi layihəsi üzərində ciddi iş gedir və Türkmənistan qazının da Transxəzər layihəsi ilə bura qoşulma ehtimalları dəyərləndirilir. Qərb bu layihə ilə həm Avropanın Rusiyadan enerji asılılığını aradan qaldırmaq, həm də Balkanlardan başlayaraq, Orta Asiyaya qədər coğrafiyada rusları küncə sıxışdırmaq siyasətini izləyir. Bununla yanaşı, artıq Türkiyənin özü də Azərbaycan və ərəb ölkələrindən əlavə təbii qaz almaqla Rusiya mənbəsindən imtina yolunu seçib. Çətin şərt: Rusiya Türkiyə ilə münasibətlərin bərpası üçün Moskvanın irəli sürdüyü şərt də prosesi çətinləşdirir. Ruslar hesab edir ki, Türkiyə Su-24 təyyarəsinə görə üzr istəməlidir. Ankaranın bunu qəbul etməsi isə Türkiyənin haqsız vəziyyətə düşməsinə gətirib çıxarar, həmçinin, ölkənin nüfuzunun zədələnməsi ilə nəticələnə bilər. Türkiyə rəhbərliyinin buna gedəcəyi inandırıcı deyil. Geosiyasi toqquşma: AKP hökuməti “Yeni Türkiyə”ni yaratmaqda israrlıdır. Bu Türkiyə özünün regional gücünü qaytarmaq, Osmanlı dönəmindəki təsir dairəsini qismən də olsa bərpa etmək niyyətindədir. Bu yolda Türkiyə mütləq şəkildə Rusiya ilə toqquşur. Deməli, hər-hansı fors-major situasiya baş verməsə, yeni dönəmdə də Ankara-Moskva münasibətlərinin normallaşacağı ehtimalı azdır.