Azərbaycan QƏRBİ və islahatları, İNSAN haqlarını seçir – dönəmin mühüm gəlişməsi

Azərbaycan Qərbi və islahatları, insan haqlarını seçir – dönəmin mühüm gəlişməsi

Rəsmi Bakı xarici siyasət prioritetlərinə təzədən baxır; Qərbin Azərbaycana, Azərbaycanınsa Qərbə ehtiyacı artıb; şimal təhlükəsi böyüsə də, Moskvanın postsovet məkanını öz nəzarətində saxlamaq imkanları artıq tükənib, Rusiyanın zamanı bitir... 

 

Avropa Birliyi (AB) “Şərq tərəfdaşlığı” Proqramına yeni nəfəs vermək qərarına gəlib. Mayın 23-də Brüsseldə proqrama üzv olan 6 postsovet ölkəsinin - Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan, Ermənistan və Belarusun xarici işlər nazirlərinin qurum rəsmiləri ilə keçirilən görüşü bunu aydın şəkildə büruzə verdi.
Müşahidələr göstərir ki, Qərb bir yandan Rusiyanı iqtisadi sanksiyalarla zəiflətmək, digər yandan isə onun perimetri boyu yerləşən keçmiş sovet respublikalarının Rusiya ilə bağlarını qoparıb onları nəhayət, öz çətiri altına almaq planlarında ciddi və qətiyyətlidir. Bunu həm də ondan görmək olar ki, Latviyanın xarici işlər naziri Edqar Rinkeviç Brüsseldə AB-ni Azərbaycan və Ermənistanla assosiasiya sazişi imzalamaq üçün danışıqlara başlamağa çağırıb (haqqin.az).
Onun ardınca Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto qurumu Ukrayna və Gürcüstanla viza rejimini təcili şəkildə götürməyə və Azərbaycanla anlaşma imzalamağa səsləyib. “Bu məsələlərdə gecikmək Avropanın təhlükəsizliyinə zərbə vura bilər” - nazir deyib və əlavə edib ki, “Xəzər sahillərində yerləşən Azərbaycan Avropa üçün enerji mənbələrinin şaxələndirilməsində həlledici rol oynayan ölkədir və o, AB-nin strateji tərəfdaşı hesab olunmalıdır”.
*    *    *
Doğrudur, belə qənaət var ki, Bakı Rusiya amilinə görə assosiativ üzvlüyə ehtiyatlı yanaşır. XİN sözçüsü Hikmət Hacıyev isə məsələ ilə bağlı yalnız bunu bildirib: “Nazir Elmar Məmmədyarov Brüsseldəki çıxışında Azərbaycan-AB mümkün əməkdaşlığının perspektivlərini və formatını artıq cızıb. Azərbaycan-AB arasında strateji əməkdaşlıq haqda yeni anlaşma sənədi əlaqələrimizin keyfiyyətcə yeni səviyyədə inkişafına kömək edəcək. Hazırda sənəd AB-də baxılmaq mərhələsindədir. Əgər o, tərəflərlə razılaşdırılsa, o zaman əməkdaşlığımızın möhkəmlənməsi və onun yollarının müəyyən edilməsində mühüm rol oynayacaq”.
Göründüyü kimi, AB ilə yaxınlaşmaq zərurəti əslində rəsmi Bakı tərəfindən dərk edilir. Çağdaş situasiyanın özəlliyi də elə odur ki, bu gün Qərbin, Avropanın Azərbaycana ehtiyacı artdığı kimi (Cənub Qaz Dəhlizi layihəsi və s.), bir o qədər Azərbaycanın Avropaya, Qərbə ehtiyacı artıb.
Azərbaycan Qərbə yön almağa sövq edən mühüm amillərdən biri isə neftin qiyməti ilə bağlı ölkəmizin üzləşdiyi obyektiv çətinliklər, ciddi iqtisadi problemlərlə bağlıdır. Əksər iqtisadçı analitiklərə görə, neft hələ uzun müddət yüksək dəyərdə olmayacaq. Bu isə iqtisadiyyatı hələ də “qara qızıl”dan asılı olan Azərbaycanı təcili iqtisadi islahatlar aparmaq zorunda qoyur. İqtisadi islahatlar isə bəlli olduğu kimi, siyasi islahatları, təməl insan haqların riayəti diktə edir.

Eyni zamanda islahatların uğurla başa çatması üçün Qərbin böyük investisiyalarına, maliyyə kreditlərinə ehtiyac var. Aydındır ki, Rusiya Azərbaycana belə imkanlar təqdim etmək qabiliyyətində deyil. Onun acınacaqlı durumda olan öz iqtisadiyyatı hazırda Qərbin maliyyəsinə möhtacdır. Moskva heç forpost Ermənistana vəd elədiyi 200 milyon dollarlıq krediti verə bilmir. Yeri gəlmişkən, Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiya yox, Qərb öncül yerdədir. Bizi Qərb ölkələri ilə daha çox iqtisadi tellər bağlayır, nəinki Rusiya ilə - yalnız silah ticarəti istisnadır.
*    *    * 
Sözü ona gətiririk ki, Bakinın hansısa “Qərbə açılım” proqramına gerçəkdən gərək var və bu, zamanın diktəsinə çevrilib. Azərbaycanda insan haqlarının durumunun yaxşılaşması yönündə son vaxtlar iqtidarın atdığı və Avropa və ABŞ-ın dərhal təqdir elədiyi addımlar, o sırada siyasi məhbus kimi tanınan insanların azadlığa buraxılmaqda davam eləməsi (jurnalist Xədicə İsmayıl yəqin ki, sonuncu olmayacaq) belə təəssürat yaradır ki, rəsmi Bakı hər halda yeni situasiyanın fərqindədir və Qərblə körpüləri gücləndirməyə meyllidir.
Bunu indi üstəlik, on illərdir həllini tapmayan Qarabağ məsələsi zəruri edir. Aydındır ki, Rusiyanın müdaxiləsi ilə Qarabağ konflikti heç vaxt yoluna qoyulmayacaq. Moskva istəsəydi, marağında olsaydı, 24 ildə bunu edərdi. Etməyib və belə bir şey heç gözlənilmirdi də. Əksinə, konfliktin həllində səmimi şəkildə yalnız Qərb maraqlıdır və son vaxtlar ABŞ-ın məsələyə vitse-prezident və dövlət katibi səviyyəsində müdaxiləsi bunun deməyə yeni əsas yaradır. İş ondadır ki, Qərb Güney Qafqazda Rusiyanın yaratdığı konfliktlərin bir an öncə aradan qalxmasına çalışır ki, ardınca regionun bütövlükdə Qərbə siyasi-iqtisadi inteqrasiyası sürətlənsin, Kremlin bölgəyə yönəlik destruktiv planlarının qarşısı alınsın.  
O üzdən rəsmi Bakı da Azərbaycan və Qarabağ ətrafında dəyişməkdə olan impetarivləri ciddiyə almaya bilməz. Ötən sayda vurğuladımız kimi, Azərbaycan özünün köklü maraqlarının imkan verdiyi bütün istiqamətlərdə öz təhlükəsizliyini gücləndirəcək optimal addımlara davam eləməlidir - qardaş Türkiyə ilə sinxron şəkildə, Rusiya “nə deyər” şərtini bir azca arxa plana sürüşdürməklə. Çünki zaman və şərtlər indi yetərincə fərqlidir və Kremlin xeyrinə işləmir.
Bunu hətta işğalçı Ermənistan da hiss etməyə başlayıb. Ermənistanda xüsusən də 4 günlük aprel müharibəsindən sonra Rusiyadan imtina edib Qərbə, Avropa Birliyinə, NATO-ya kurs götürmək çağırışları səslənməkdədir. Demək, tələsmək qədər gecikmək də Azərbaycana xətər yetirə bilər...
*    *    *
 
Doğrudur, Qərbə yaxınlaşmaq avtomatik şəkildə Rusiya təhlükəsinin artması deməkdir. Ancaq məsəl var, deyirlər,“Canavardan qorxan gərək meşəyə getməsin”. “Meşə”siz mümkün deyil. Başqa yandan, Rusiya təhlükəsinin Qərb də fərqindədir və yəqin ki, 2008-ci ildəki Gürcüstan olaylarından ibrət götürüb. Qərb əlbəttə istəməz ki, onunla əlaqələr üzündən regiondakı 1 nömrəli enerji tərəfdaşı Azərbaycan, yaxud Gürcüstan Rusiyanın birbaşa təzyiqinə məruz qalsın. Tam mümkündür ki, o halda ABŞ və Avropanın hansısa “B planı” işə düşəcək. Bur də ki, “Demokratiyada çarə tükənməz”.
 
Bir neçə gün qabaq ABŞ-ın dövlət katibi Con Kerrinin Gürcüstan və onun ərazi bütövlüyü haqda səsləndirdiyi prinsipial bəyanatı da bu yöndə ümid yaradır ki, Amerika, Qərb Güney Qafqazda öz dost-müttəfiqlərinin taleyinə daha biganə qalmayacaq.
Eləcə də Azərbaycan Qərbə yaxınlaşdıqca şübhə yox ki, Brüssel və Vaşinqtonun adekvat dəstəyini və himayəsini qazanmış olacaq. Unutmayaq, Azərbaycan Qərb üçün həm də sonuncunun on milyardlarla dollar vəsait yatırdığı Rusiyaya qarşı alternativ enerji mənbəyidir.
Gürcüstan və ya Azərbaycan Qərbin himayəsinə və qarantiyası altına keçəndən sonra çətin ki, Rusiya bu ölkələrə qarşı təxribatlara cürət eləsin. Azərbaycan isə üstəlik, Rusiya üçün Gürcüstan deyil, onunla kifayət qədər yaxşı əlaqələrə malikdir, Rusiyanın silah alıcısıdır. Eyni zamanda Türkiyə amili Moskva üçün çəkindirici rol oynamaqda davam edir.
Artıq indinin özündə ABŞ və NATO ilə xeyli yaxınlaşmış Gürcüstana qarşı Kremlin çəkingən münasibəti hiss olunmaqdadır. Onu da yaddan çıxarmayaq ki, Azərbaycan üçün heç bir iqtisadi, texnoloji maraq kəsb eləməyən Rusiya Azərbaycana ən böyük pisliyini çoxdan edib...
 
*        *        *
 
 
Politoloq Ərəstun Oruclu da hesab edir ki, Azərbaycanın AB ilə assosiativ saziş imzalamasının vaxtı yetişib. “Azərbaycan üçün, onun cəmiyyəti və vətəndaşları üçün bu sənəd sözsüz ki, çox vacibdir. O planda ki, bununla Azərbaycan öz xarici siyasət prioritetlərini, o cümlədən ölkədəki daxili siyasi inkişafın konturlarını müəyyən eləmiş olacaq. Bizim ölkəmiz ilk növbədə enerji daşıyıcılarının tədarükü baxımından artıq AB-nin ən yaxın iqtisadi tərəfdaşıdır. AB ilə assosiativ sənədin imzalanması ölkəmizdə demokratik islahatlara da stimul verərdi” - politoloq qeyd edib.
 
 
Onun sözlərinə görə, Rusiya postsovet ölkələrini öz təsir dairəsində saxlamaq üçün nəyi bacarıbsa, hamısını edib. “Ancaq bu səylər boşuna gedib və Rusiyanın zamanı bitib. Nə Avrasiya Birliyi, nə KTMT, nə də hər hansı digər dövlət üstü strukturlar postsovet məkanında uğurlu olmayıb. Ona görə də keçmiş sovet respublikaları getdikcə daha çox Qərb strukturlarına yaxınlaşacaq ki, Rusiyadan özlərinə qarşı aqressiv təsirləri minimuma endirsinlər” - ekspert vurğulayıb.
Öz növbəsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev AB-Azərbaycan əlaqələrinin iqtisadi-ticari, energetika sahələri və islahatların dərinləşməsi yönündə inkişaf edəcəyini proqnozlaşdırır. “Hamımız son zamanlar Bakının siyasətində Qərblə münasibətlərin normallaşmasına kurs götürüldüyünü görürük. Fikrimcə, bu tendensiya davamlı olacaq və Bakı-AB əlaqələri daha tutumlu xarakter daşıyacaq - bu əlaqələrin assosiativ anlaşma və ya strateji tərəfdaşlıq adlanmasınmdan asılı olmayaraq” - analitik əmin olduğunu deyib.
 
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev
O ki qaldı Moskva təhlükəsinə, Mehman Əliyevə görə, Azərbaycan çətin ki, Rusiyanın təklif elədiyi yeni iqtisadi-ticari, gömrük və hərbi birliklərə maraq göstərsin. “Bakı AB ilə əlaqələrin dərinləşməsinə yönəlik dreyfi saxlayacaq. Bunu Gürcüstan kimi sürətli eləməsə də, hər halda saxlayacaq” - sonda ekspert əlavə edib.

*        *        *
Beləliklə, postsovet məkanında Rusiya təsirləri baxımından keyfiyyətcə yeni bir dönəmin başladığını söyləmək mümkündür. Həqiqətən, Rusiyanın zamanı bitir. Bu isə Azərbaycan üçün də yeni çağırışlar, strateji seçimi tezləşdirmək imperativi deməkdir.

 






Fikirlər