Kərəm Həsənovu bitirən “DOSYE”: Mahmudovçularla əlaqə, “çekist” qardaş və …

rr

Məlum olduğu kimi, bir neçə gün öncə dövlət başçısı Ilham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən müəyyən edilir ki, dövlət əmlakının özəlləşdirilməsi ölkə başçısının qərarları ilə həyata keçirilir. Fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, prezident və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini dayandırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində ölkə başçısına təqdim olunmalıdır. Bununla da, müəssisələrin özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsindən alınaraq prezidentin səlahiyyət dairəsinə keçib. Bu fərman özəlləşdirilmənin yeni qaydalarla həyata keçirilməsinin əsaslarını müəyyən edib. Bundan sonra Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prezidentin qərarları ilə həyata keçiriləcək. Bu fərmanla faktiki olaraq Kərəm Həsənovun səlahiyyətləri əlindən alınır. Bəzi iddialara görə, bu addımın kökündə Kərəm Həsənovun adının “MTN işi”nə bulaşması dayanır. Qeyd edək ki, mətbuatda Kərəm Həsənovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun şəbəkəsi ilə işbirliyi barədə sensasion məlumatlar yayılmışdı. Bu məlumatlar nə təkzib, nə də təsdiq olunub.

Hər halda görünən odur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov erası sona yaxınlaşır. Bu barədə 24saat.org-u məlumatlandıran mənbənin sözlərinə görə, artıq komitə sədrinin fəaliyyətinin təftişinə “ən yüksək səviyyədə” qərar verilib: “Növbəti məmur islahatları çərçivəsində, Eldar Mahmudov və Əli Abbasovun ardınca vəzifəsini itirəcək növbəti şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, ölkə mətbuatının illər uzunudur ki, sərt şəkildə tənqid etdiyi, adı ən müxtəlif qalmaqal və qanunsuzluqlarda hallanan Kərəm Həsənovdur. İsmi E.Mahmudovla birlikdə bir çox layihələrin reallaşmasında hallanan və sabiq MTN rəhbəri ilə şərikli biznesə malik olan K.Həsənovun çoxillik fəaliyyətinin təftişinə qərar verilib ki, aparılacaq yoxlamaların “MTN işi”ndən heç də az sensassiya doğuracağı istisna edilmir”.
Mənbənin 24saat.org saytına verdiyi məlumata görə, K.Həsənovun min hektarlarla torpaq sahəsinin satışı zamanı ciddi qanunsuzluqlara yol verdiyi, yeni alqı-satqıların bir çoxunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun çalışdığı dönəmə sənədləşdirdiyi ilə bağlı ciddi şübhələr mövcuddur: “Komitə sədrinin dəyəri milyardlarla hesablanan torpaq sahələrinin alqı-satqısını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov dönəminə sənədləşdirdiyi, bununla da bu torpaqlarla bağlı məsuliyyətdən yaxa qurtarmağa çalışdığı ilə bağlı əlaqədar qurumların əlində ciddi informasiyalar mövcuddur. Hansı ki, bu informasiyaların həqiqiliyini sübut etmək üçün komitənin arxivində müəyyən təftiş aparmaq kifayətdir. K.Həsənovun rəhbərlik etdiyi dövlət qurumunda aparılacaq təftiş zamanı bu amilə xüsusi diqqət yetiriməsi nəzərdə tutulub. Komitə sədrinin sabiq MTN rəhbəri Eldar Mahmudovla birlikdə həyata keçirdiyi birgə layihələlər və bu layihələr zamanı yol verilən qanunsuzluqların da ciddi şəkildə araşdırılması nəzərədə tutulub. Bu isə o deməkdir ki, komitə sədri sadəcə vəzifəsini deyil, azadlığını da itirə bilər”.
Onu da bildirək ki, Əmlak Məsələri Dövlət Komitəsinin rəhbərinin Eldar Mahmudov, Akif Çovdarov və digərləri ilə əlaqələrini sübut edən onlarla fakt var. Belə ki, 24saat.org-a daxil olan məlumata görə sabiq MTN naziri Eldar Mahmudov və komandası ilə bağlı istintaq qrupunun apardığı “MTN işi”nin “yanğını” Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Şahin Həsənova da çatıb. Bu barədə bizi məlumatlandıran özəl mənbənin sözlərinə görə, Eldar Mahmudov və Kərəm Həsənov arasındakı isti münasibətlər sonucunda MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyinə gətirilən Şahin Həsənovla bağlı bir sıra qaranlıq məqam var ki, bunlardan biri adıçəkilən şəxsin təyinatı ilə bağlıdır.
Mənbənin 24saat.org-a verdiyi məlumata görə, E.Mahmudov Şahin Həsənovun beynəlxalq əlaqələr şöbəsinə təyinatı məsələsində nəzərə alınması gərəkən başlıca prinsiplərin heç birinə əhəmiyyət verməyib və nəticədə beynəlxalq əlaqələr şöbəsi üçün tamamilə yararsız bir şəxs bu şöbənin rəhbərliyi postuna gətirilib. MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyində təmsil olunan şəxsin ən azı iki xarici dil bilməsinin şərt olduğunu bildirən mənbə, Ş.Həsənovun heç bir əcnəbi dil bilmədiyinə diqqət çəkib. Mənbənin bildirdiyinə görə, Ş.Həsənov beynəlxalq münasibətər sistemində baş verən proseslər, beynəlxalq hüquq və əməkdaşlıq kimi məsələlərlə bağlı da minimal bilgi, analiz və manevr səriştəsinə malik deyil.
Bütün bunlar azmış kimi Ş.Həsənovun sabiq nazirin yol verdiyi bəzi qanunsuzluqlarda “pay sahibi” olduğu ilə bağlı ciddi şübhələr var ki, bu da onun sadəcə işdən azad edilməsi ilə deyil, həm də istintaqa cəlb edilməsi ilə nəticələnə bilər. Mənbənin verdiyi məlumatdan və MTN-lə bağlı baş verən olayların ümumi mənzərəsindən belə qənaətə gəlmək olar ki, Ş.Həsənov bəzi həmkarları kimi istintaqa gedən yolun astanasındadır. Bu yolun Ş.Həsənovu hansı sonluğa aparıb çıxaracağını isə zaman göstərəcək.






Fikirlər