"CİDDİ problemimiz olmayacaq"

Dövlət başçısı son zamanlar çıxışlarında həm əhaliyə, həm də dünya ictimaiyyətinə, bir sıra dövlətlə müəyyən çox ciddi mesajlar ünvanlayır.

Çünki Azərbaycan artıq bölgədə öz mövqeyini möhkəmləndirmiş, istər neft-qaz ixracı ilə əlaqədar, istərsə də digər mühüm məsələlərdə müstəqil hərəkət edən dövlətdir. Ona görə də Amerika və Avropadakı dövlətlər Azərbaycanla ciddi şəkildə maraqlanırlar.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov prezident İlham Əliyevin iyunun 1-də Bakı Sərgi Mərkəzində 23-cü Beynəlxalq "Xəzər Neft və Qaz 2016" sərgi və konfransının, həmçinin VI Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışındakı çıxışına münasibət bildərərkən deyib.

Millət vəkilinin fikrincə, Azərbaycanda hər il beynəlxalq neft-qaz sərgisinin keçirilməsi də onunla əlaqədardır ki, Azərbaycanın neft və qaz ehtiyatları həddən artıq çoxdur: "Azərbaycanın 3,2 trilyon kub metrdən çox qaz ehtiyatları var. Bu sahədə böyük işlər görülüb. Cənab prezidentin xüsusilə də qazın ixracı ilə əlaqədar qərarlar qəbul etməsi, TANAP və TAP layihələrinin həyata keçirilməsi çox ciddi və riskli addımlar idi, amma buna baxmayaraq, dövlət başçısının siyasi iradəsini ortaya qoyması nəticəsində artıq bu işlər reallaşmaq üzrədir.

Azərbaycan həmçinin neft ixrac edən ölkədir. Dünyada neftin qiymətinin kəskin düşməsi nəticəsində bütün neft ixrac edən ölkələrin iqtisadiyyatında problemlər yaşanıb. Amma Azərbaycanda elə də ciddi problem yoxdur. Düzdür, bizim də müəyyən qədər gəlirlərimiz azalıb və hasilatda da müəyyən problemlər var, amma faktiki olaraq digər sahələrdə çox ciddi iqtisadi islahatlara start verilib. Bunlar həm sahə, həm struktur, həm də institusional islahatlardır. Ona görə də cənab prezidentin dediyi kimi, hesab edirəm ki, 2016-cı il Azərbaycan üçün sınaq ilidir. Əgər bu ili uğurla başa vura bilsək, ciddi problemimiz olmayacaq. Əsas məqsəd də qeyri-neft sektorunun inkişafıdır. Bu sahədə də müvafiq qərarlar, qanunlar qəbul edilib".

V.Əhmədov qeyd edib ki, prezident neft-qaz sərgisində bir daha dünyaya mesaj verdi ki, Azərbaycan tutduğu yoldan dönən deyil, öz müstəqilliyini hərtərəfli qoruyub saxlayacaq: "Dövlət başçısı bu yaxınlarda, Respublika Günü ərəfəsində keçirilən tədbirdə də ciddi mesajlar verdi. O qeyd etdi ki, Azərbaycanda müstəqilliyin qarantı mənəm və hədəf də əlbəttə, mənəm və əlimdən gələni edəcəm ki, Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya bilsin".






Fikirlər