"Osmanlı ərazisindən ermənilərin köçürülməsi alman baş qərargahının qərarı ilə həyata keçirilib" — POLİTOLOQ

"Osmanlı ərazisindən ermənilərin köçürülməsi alman baş qərargahının qərarı ilə həyata keçirilib" — Politoloq

Almaniya Bundestaqı "erməni soyqırımını" tanıdıqdan sonra Türkiyə də adekvat addımlar atmağa başlayıb.

Türkiyə almanların törətdiyi Namibiya soyqırımını tanıyacaq. Bununla bağlı Hakim Ədalət və İnkişaf Partiyasının deputatı Mətin Külüng müvafiq qanun layihəsini hazırlayaraq parlamentə təqdim edib.

Almaniya Türkiyə münasibətləri barədə politoloq Adıgözəl Məmmədov Ölkə.Az-a danışıb:

"Açığı, buna gülməyim gəlir. O boyda dövlətin millət vəkillərinin təşəbbüsünə baxın. Ermənilərin Türkiyədən köç məsələsi həyata keçiriləndə Osmanlı imperiyasının baş qərargahı Almaniya ordusunun baş qərargahına tabe idi.

Birinci Dünya müharibəsi zamanı Almaniya, Avstriya-Macarısan və Osmanlı imperiyasının hərəkəti bir qərargahdan həyata keçirilirdi. Hətta Osmanlı ordusunda müdafiə naziri Ənvər paşa idi, baş qərargah rəisi isə alman idi. Bir çox alman arxivlərində və Osmanlı ordusunun içərisində olan zabitlər sonradan xatirələrində yazıblar ki, Osmanlı ərazisindən ermənilərin köçürülməsi Almaniya baş qərargahının qərarı ilə həyata keçirilib.

Almanların köç məsələsini həyata keçirməkdə səbəbləri o oldu ki, şərq cəbhəsində problemlər yaranmışdı. Ermənilər çar Rusiyasına xidmət edirdilər. Ona görə də, bunu almanlar həyata keçirdi. Faktiki olaraq indi alman siyasətçilər riyakarlıq edirlər. Ermənilərin köçürülməsi zamanı isə heç bir soyqırım olmayıb. Bu sadəcə deportasiya olub. Həmin addımları Stalin müharibə zamanı Krım tatarlarına, Axısqa türklərinə, çeçen və inquşlara da tətbiq edib. Bu soyqırım sayılmır. Bu deportasiyadır və məcburiyyətdən olub. Alman siyasətçilər bunu gözəl bilir, sadəcə onlar siyasi riyakarlıq edirlər".






Fikirlər