Dünən Türkiyədə daha bir dəhşətli terror hadisəsi baş verib. Istanbulun Fatih rayonunda, Veznecilər deyilən yerdə avtobus dayanacağının yaxınlığında partlayış törədilib. Ərazidən Çevik Polis Alayının avtobusu keçərkən bomba yüklü avtomobil partladılıb. Terrorun arxasında PKK-nın dayandığı güman edilir.
Üzücü olsa da, onu qeyd etmək yerinə düşər ki, son zamanlar Türkiyədə həftədə ən azı 2 terror aktı törədilir. Rəsmi dövlət strukturları terrorun qarşısını almaqda aciz görünürlər.
Hazırda Türkiyənin əsas problemi PKK ilə bağlı olsa da, digər istiqamətlərdə də vəziyyət ürəkaçan deyil. Suriyadan olan qaçqınların problemi, daxildəki qeyri-sabit siyasi vəziyyət, Israil ilə əlaqələrin hələ də gərgin olması ölkədəki vəziyyətə təsir edir.
Bəs, Türkiyədə baş verən terror aktlarının arxasında kim dayanır? Onların intensivliyinin artması nəylə bağlıdır?
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl bildirdi ki, PKK zaman-zaman Türkiyədə terror aktları təşkil edib. Amma Rusiya təyyarəsi vurulandan sonra terror aktlarının əyalətlərdən Istanbula keçdiyini deyən I.Ismayıl vurğuladı ki, terror aktlarında kürd milliyyətçiləri, suriyalı qaçqınlar, IŞID-çilər istifadə olunur: “Terror aktları zaman-zaman ən iri şəhərlərə keçib. Istanbulda baş verən son terror aktı sübut edir ki, burada Türkiyəni hədəf alan iri dövlətlər var. Baş verənlərin arxısında təkcə PKK dayanmır. PKK mərkəzə çox nadir hallarda gəlir. Düşünürəm ki, bu terror aktlarını yönləndirən başqa dövlətlərin xüsusi xidmət orqanlarıdır”.
I.Ismayıl bildirdi ki, terror hadisələrində xüsusi xidmət orqanlarının dərin dəsti xətti hiss olunur. Hiss olunur ki, Türkiyənin hazırkı rəhbərliyinə terror aktları vasitəsilə təsir edilməyə çalışılır: “Təəssüflər ki, Türkiyənin müttəfiqləri terror məsələsində xəbərdarlığı bir qədər arxa plana keçirir. Son vaxtlar ümumiyyətlə xəbərdarlıq edilmir. Səhv etmirəmsə martda son olaraq ABŞ vətəndaşlarına xəbərdarlıq etmişdi. Yaxşı olardı ki, xüsusi xidmət orqanları bir-birilə sıx əməkdaşlıq edəydi”.(azadliq.info)