NAZİR OTELLƏRİN "ulduz fırıldağı"nı açdı

Bahadur Bilalov: "Bəzi otel sahibləri özlərini reklam edərkən mehmanxananı 4 və ya 5 ulduzlu kimi təqdim edir"
 
"Otellərdə ulduz sayının artması prosesi 3 və ya 4 ildən bir olur, bizdə isə vəziyyət fərqlidir"
Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyi otellərdə ulduzların sayına görə qanunsuz turizm fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edib.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən bəzi mehmanxanalar rəsmi ulduz dərəcə sertifikatı almadan reklam çap məhsullarında, reklam roliklərində, veb səhifələrində və mehmanxanaların üzərində qanunsuz ulduz dərəcəsi göstərərək istehlakçılara düzgün olmayan məlumatlar verirlər: "Bildirmək istəyirik ki, mehmanxanalara ulduz dərəcə sertifikatı AZS 745-2015 Dövlət Standartına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 3 il müddətinə verilir və bu müddət bitdikdən sonra mehmanxana yenidən müraciət edərək təsnifatdan keçməlidir."
Hazırda ölkəmizdə tətbiq olunan "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmə meyarlarının tətbiq edilməsi" AZS 745-2015 Dövlət Standartı Avropanın bir çox ölkələrində tətbiq olunan "Hotelstars Union Criteria 2015-2020" təsnifatına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə hazırlanıb və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının "14" dekabr 2015-ci il tarixli 150111500015 nömrəli Qərarı ilə təsdiq edilib".
Mədəniyyət və Turizm Nazirliyi ölkə ərazisində fəaliyyət göstərən mehmanxana rəhbərlərindən qanunvericiliyin tələblərinə əməl etməyi, istehlakçılara dolğun və düzgün məlumat verməyi, qanunsuz ulduz dərəcəsi göstərməməyi tələb edir.
Turizm sahəsi üzrə ekspert Bahadur Bilalov bizimlə söhbətində bildirdi ki, Azərbaycanda iki-üç ulduzlu otəllərin sayı həddindən artıq azdır. Otel biznesi ilə məşğul olanlar daha çox 4 və ya 5 ulduzlu mehmanaxana açmağa meylldir: "Əslində, oteldə ulduzun sayı 3-4 ildən bir arta bilər. Ancaq bizdə təzə açılan otellər belə 5 ulduzlu sayılır. Türkiyə və digər Avropa ölkələrində mehmanxanalara ulduzların verilməsi neçə il çəkir. Bizdə isə vəziyyət fərqlidir".
Ekspertin sözlərinə görə, bəzi otel sahibləri özlərini reklam edərkən mehmanxananı 4 və ya 5 ulduzlu kimi təqdim edir: "Reklamda hansısa otelin 5 ulduzlu olduğunu görən müştəri istirahət üçün həmin məkanı seçir. Lakin ümid etdiyi mənzərə ilə qarşılaşmayan istehlakçı sonda aldadılır. Yaxşı olar ki, otellərin reklamı ilə məşğul olanlar ulduzun sayına fikir versinlər".






Fikirlər