Vahid Mustafayev və Mirşahin saxlanıldı
ANS teleşirkətinin prezidenti Vahid Mustafayev və vitse-prezidenti Mirşahin Ağayev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İdarəsində ifadə vermələri üçün saxlanılıblar. Virtualaz.org-a gecə saatlarında daxil olan bu məlumatı teleşirkətdən təsdiqləyiblər. V.Mustafayevlə M.Ağayevin telefonları qapalı olduğundan onların özləri ilə əlaqə saxlamaq mümkün olmayıb. Ondan əvvəl isə Baş Prokurorluğun və DİN-in Səbail Rayon Polis İdarəsinin əməkdaşları teleşirkətin binasını möhürləyiblər. ANS şirkətinin rəhbərliyinə qarşı “terrorizmin təbliği” maddəsi ilə cinayət işi qaldırılıb. Xatırladaq ki, dünən Milli Televiziya və Radio Şurası Baş Prokurorluğun təqdimatı ilə ANS-in yayımının dayandırlması barədə məlumat yayıb. APA-nın məlumatına görə, ANS-in yayımının dayandırılmasına səbəb hazırda ABŞ-da olan Fətullah Gülənin Türkiyə əleyhinə olan müsahibəsinin yayımının qarşısını almaq olub. Yayımın dayandırılması ilə bağlı qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qəbul edib. Qeyd edək ki, dünən ANS TV-nin ABŞ-dakı müxbiri Qənirə Ataşova Fətullah Gülənlə müsahibəsini yayacağı ilə bağlı anons vermişdi. Onu da qeyd edək ki, Q.Ataşova dünyanın müxtəlif KİV-lərinin nümayəndələri ilə birlikdə F.Gülənin mətbuat konfransında iştirak edib.