Kəşfiyyatdan qorxunc Türkiyə xəbərdarlığı, Sarkisyana impiçment təhlükəsi... GÜNÜN SİYASİ XÜLASƏSİ
Həftənin arxada qalan günlərində olduğu kimi iyunun 22-də də medianın diqqətində olan əsas mövzular Türkiyədə hərbi çevriliş cəhdindən sonra baş verən proseslər və İrəvanda polis bölməsinin tutulması ətrafında cərəyan edən hadisələr oldu. Bundan başqa, Suriyada Amerika və Britaniya xüsusi təyinatlılarının olduğu bazanın Rusiya qırıcıları tərəfindən bombalanması da diqqət çəkməyə bilməz. Rusiya ABŞ və Böyük Britaniya xüsusi təyinatlılarını bombaladı Rusiya hərbi hava qüvvələri Suriyada ABŞ və Böyük Britaniya tərəfindən istifadə edilən hərbi bazaya aviazərbələr endirib. ABŞ-ın “The Wall Street Journal” nəşrinin yazdığına görə, hadisə 16 iyun 2016-cı il tarixində baş verib. Rusiyanın Hava-kosmik güclərinin təyyarələri ölkənin cənubi-şərqində - İordaniya sərhədinin yaxınlığında yerləşən Suriya müxalifətinin bazasını bombalayıb. Bazadan Britaniya və Amerika xüsusi təyinatlı dəstəsinin əməliyyatları üçün dayaq məntəqəsi kimi istifadə olunurdu. Qərb ölkələrinin hərbi qulluqçularından heç kim zərər çəkməyib. Britaniyanın 20 hərbi qulluqçusu aviazərbələrdən bir gün əvvəl bazanı tərk ediblər. Aviazərbələr nəticəsində loyal müxalifətin dörd döyüşçüsü həlak olub. Rusiya prezidentinin mətbuat katibi isə informasiyanı şərh etməkdən imtina edib. Onun sözlərinə görə, Kreml bu hadisə haqqında məlumatlı deyil və qəzet qeydlərinə reaksiya verməyə ehtiyac görmür. “İnterfaks” agentliyinə danışan Moskvadakı məlumatlı hərbi-diplomatik mənbə Amerika və Britaniya hərbçilərinin istifadə etdiyi bazaya avizərbələrin endirildiyini təsdiqləyib. “Bu məsələdə artıq Rusiya tərəfi bütün izahatları verib. Bu mövzuda Rusiya və amerika hərbçiləri arasında video konfrans keçirilib. Müzakirələrin təkrarı üçün səbəb yoxdur”, - agentliyin həmsöhbəti bildirib. ABŞ kəşfiyyatından qorxunc Türkiyə XƏBƏRDARLIĞI ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Con Brennan iyulun 15-də dövlət çevrilişi planının baş tutmamasından sonra Türkiyədə qarşıdurmanın artacağı proqnozunu verib. C.Brennan Türkiyədə dövlət çevrilişi planında CİA-nın rol aldığı haqda deyilənləri şərh etməyib. “Son bir neçə ildir Türkiyədə siyasət səhnəsində diqqətçəkən proseslər baş verir. Ərdoğan getdikcə gücünü artırır. Dövlət çevrilişi cəhdindən sonra Türkiyədə qarşıdurmalar baş verəcək”, - deyə o bildirib. ABŞ-dan Gülən üçün daha bir şərt səsləndirilib. ABŞ Fəthullah Gülənin ekstradisiyası məqsədilə edilən rəsmi müraciətin qəbul edilməsi üçün əsaslı dəlillərə istinad edəcək. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi paytaxt Vaşinqtonda təşkil etdiyi mətbuat konfransında deyib. Con Kirbi bildirib ki, Vaşinqton ekstradisiya tələbi iddialara deyil, dəlillərə söykənməlidir. Gülənin qaytarılması ilə əlaqədar Türkiyənin göndərdiyi sənədlərin araşdırıldığını qeyd edən Dövlət Departamentinin sözçüsü Türkiyəyə birgə qrupun yaradılması barədə təklif verib. Ermənistan parlamenti Sarkisyanı impiçment edə bilər “Parlamentdə Serj Sarkisyanın impiçment məsələsini qaldırmaq lazımdır”. Bu barədə “Yeni Ermənistan” hərəkatının üzvü Andreal Qukastan deyib. Onun sözlərinə görə, Sarkisyanın davranışları dövlət xəyanətinə bərabərdir: “Ermənistanda yeni siyasi şərait yaranıb. İndiki şəraitdə Sarkisyanın parlamentdə impiçment məsələsini qaldırmaq lazımdır. Onun fəaliyyəti vətəndaşları silaha əl atmağa məcbur edib. Ölkənin prezident postunu tutan şəxsin davranışları xəyanətə bərabərdir, məhz buna görə parlament onu vəzifəsindən uzaqlaşdırmalıdır”. Ermənistanın “Aykakan jamanak” qəzeti isə yazıb ki, Ermənistanda hakimiyyət Nazirlər Kabinetini istefaya göndərməklə yaranmış vəziyyətdən çıxmağı müzakirə edir. Qəzet qeyd edir ki, polis-patrul alayının binasını ələ keçirərək girovları buraxmaq istəməyən silahlı qrup Serj Sarkisyanın istefasını tələb edir: “Sarkisyan da vəziyyətdən çıxış üçün Nazirlər Kabinetini istefaya göndərə və özünü müdafiə edə bilər. Hazırda bununla bağlı hakimiyyət daxilində müzakirələr aparılır”. “Aykakan jamanak”ın hakimiyyət daxilindəki mənbədən əldə etdiyi məlumata görə, silahlı qrupla aparılan danışıqlarda üçüncü variantın mümkünlüyü müzakirə olunur. “Bu haqda bəyanat da səsləndirilmişdi. Gözləniləndir ki, silahlı qrupla hakimiyyət razılığa gələcək və hökumətin istefası, həmçinin, bəzi güc strukturlarının rəhbərlərinin, eləcə də polis rəisi Vladimir Qasparyanın çıxarılması ilə problem həll ediləcək. Serj Sarkisyan da islahatlar haqqında yeni vədlərlə çıxış edəcək”, - deyə o bildirib. Ermənistanda baş verən etiraz dalğasında Qarabağ kartı işə salınır.İrəvanda etirazçıların önündə çıxış edən siyasi fəal, şair Ruben Axverdyanın Qarabağ haqda dedikləri bu ssenarinin gündəmdə olduğunu göstərir. “Əgər bu dəfə də hakimiyyətə qarşı birləşə bilməyəcəyiksə, onda biz tamamilə Qarabağı itirəcəyik”, - deyə o bildirib.