Həm Ermənistan, həm də vasitəçilərin köhnə mövqeyə qayıtması müharibə məsələsinə təzə aktuallıq qazandırıb; Azərbaycan yeni monitorinq mexanizminə yalnız bir halda razılıq verəcək...
Qarabağ danışıqlarında son vaxtlar özünü göstərməyə başlamış diplomatik fəallıq, telefon diplomatiyası faktiki surətdə təzədən pauza ilə əvəzlənməkdədir. Türkiyədəki çevriliş cəhdi olayından sonra yaranan durum, həmçinin işğalçı ölkədə cərəyan edən daxili çəkişmələr sülh danışıqlarını bir az da arxa plana itələyib.
Danışıqlar prosesində növbəti pauza dövrünün başlamasının bir əlaməti də ATƏT-in Minsk Qrupu həmsədrlərinin ənənəvi şablon bəyanatlar verməyə başlamasıdır. Təəssüf ki, bu bəyanatlarda da ən əvvəl təcavüzkar Ermənistana xoş gəlmək istəyi sezilir. Yəni qənaət hasil olur ki, vasitəçilər aprel döyüşlərindən sonra da məsələdə Azərbaycanın ziyanına olan ikili standart yanaşmasından imtina etməyiblər.
Buna son bariz sübut kimi onların təmas xəttində məhz erməni hərbçisi öldürüləndən sonra əl-ayağa düşməsini göstərmək olar. Xəbər verildiyi kimi, bir neçə gün öncə erməni əsgərinin ölümü ilə bağlı amerikalı diplomat Ceyms Uorlik həmsədrlərin adından xüsusi bəyanat yayaraq və bir qədər də sərt şəkildə, dolayasıyla isə Azərbaycana ünvanlı çağırış-xəbərdarlıq ediblər. “Biz tərəflərdən atəşkəs rejiminə ciddi riayət edilməsini gözləyirik. Güc tətbiqinə istənilən qayıdış vasitəçilər və həmsədr ölkələr tərəfindən ciddi şəkildə pisləniləcək” - bəyanatda deyilir.
İlk baxışda normal çağırışdır. Amma analoji çağırışı daha öncə təmas xəttində zabitimiz snayperlə şəhid ediləndə nədənsə görmədik. İkinci yandan “Güc tətbiqinə istənilən qayıdış vasitəçilər və həmsədr ölkələr tərəfindən ciddi şəkildə pisləniləcək” nə deməkdir? Aydındır ki, işğalçı Ermənistana yeni müharibə lazım deyil, ona görə ki, arzuladığından da artıq Azərbaycan torpaqlarını işğal edib. Deməli, xəbərdarlıq öz ərazilərini zor gücünə azad eləməli olacaq Bakıya ünvanlanıb.
Nəhayət, üçüncüsü, əgər vasitəçilər gerçəkdə də aprel döyüşlərinin daha geniş miqyasda təkrarlanmasını istəmirlərsə, bundan narahatdırsa, o zaman zəhmət çəkib tərəflərə bərabər gözlə baxmaq siyasətinə son qoysunlar, işğal rejimini pisləyib Ermənistanı işğalçı adlandırsınlar. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair məlum qətnamələri Ermənistanı işğalçı kimi damğalayıbsa, nədən həmsədrlər bu həqiqəti dilə gətirməkdən çəkinirlər?
Cavab əslində çoxdan aydındır. Ermənistanı işğalçı kimi tanısalar, ona işğalçı kimi də münasibət bəsləməli olacaqlar. Amma əksini müşahidə edirik. Gizli xristian təəssübkeşliyindən məharətlə yararlanan və illərdir böyük güclərin gizli-açıq himayəsinə sığınan işğalçı ölkə özünü üçüncü onillikdir ki, rahat, cəzasızlıq şəraitində hiss edir.
Sözsüz ki, ortaya atılan təkliflərdə separatçılar üçün öz müqəddəratını təyinetmə ideyası da həmin gizli-açıq təəssübkeşlik və himayənin təzahürü kimi meydana çıxıb. Bu üzdən Azərbaycan tərəfi haqlı olaraq artıq Minsk Qrupunun problemi ədalətli şəkildə həll edəcəyinə inanmır, Türkiyənin də qatıldığı yeni həll formatları axtarır.
***
“Vasitəçilərin ikili standartlar nümayiş etdirməsi nədənsə həmişə erməni tərəfə sərf edəndə ortaya çıxır”. Bunu Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin tərəfləri atəşkəs rejiminə ciddi riayət etmələri barədə cağırışını şərh edərkən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.
Azərbaycanlı general haqlı olaraq Ermənistan tərəfinin danışıqlara, vasitəçilərin iştirakı ilə əldə olunmuş razılıqlara nümayişkaranə hörmətsizlik göstərdiyini bildirib: “Düşmən tərəfi atəşkəs rejimini pozaraq hərbi qulluqçularımızı və mülki əhalini atəşə məruz qoyduqda Azərbaycan tərəfi əvvəllər də vasitəçilərə dəfələrlə müraciət edərək Ermənistanın bu hərəkətlərinə reaksiya verməyə və qarşısını almağa çağırıb.
Təəssüflər olsun ki, həmsədrlər Ermənistana qarşı nəinki tədbirlər görməmiş, bizim bu çağırışlara biganə yanaşaraq, heç səslərini belə çıxarmayıblar. Lakin Ermənistan tərəfi öz törətdiyi təxribatlar ucbatından cəbhədə itkiyə məruz qalan kimi dərhal həmsədrlər əl-ayağa düşür, atəşkəs rejiminə ciddi əməl edilməsi barədə bəyanatlar verirlər. Ermənistana xoş gəlsin deyə, onun işğalçılıq siyasətini davam etdirdiyini bildikləri halda belə açıq-aydın ikili standartlar nümayiş etdirirlər”.
Ehtiyatda olan general-leytenant onu da qeyd edib ki, əgər kimsə Azərbaycanın erməni tərəfinin təxribatlarına, atəşkəs rejiminin Ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə pozulmasına səssiz qalacağını düşünürsə, səhv edir.
***
Yeri gəlmişkən, amerikalı vasitəçi erməni KİV-ə son müsahibəsində bir daha təmas xəttində yeni monitorinq mexanizmlərinin tətbiqinin zəruri olduğunu qeyd eləmişdi. Yəni faktiki, erməni tərəfinin marağını ifadə eləmişdi. Çünki işğal rejimi dura-dura Bakının buna razılıq verməsi onun öz əl-qolunu bağlaması, təcavüzkara qarşı yeganə silahı olan hərbi vasitədən imtinası demək olardı.
O da təsadüfi deyil ki, rəsmi İrəvan da sülh danışıqlarında heç bir konkret addım atmadan, ərazilərin heç olmasa bir qismini boşaltmadan buna can atır. Ayrı sözlə, öncə monitorinq mexanizmi, atəşkəs rejimini möhkəmlətmək, sonra ərazilər məsələsi mövqeyindən çıxış edir ki, bu da elə həmsədrlərin mövqeyi ilə uzlaşır.
Ancaq Azərbaycan əlbəttə ki, buna getməyəcək. Ən azı ona görə ki, o, ərazilərin qaytarılacağı ümidi ilə 22 ildən çoxdur atəşkəs rejiminə əməl edib, gözləyib. Lakin nəticə olmayıb. İndi təzədən işğalçıya əlavə şans tanıyan, onda cəzasızlıq ovqatını gücləndirəcək bir mexanizmə razılıq vermək nəyi dəyişəcək ki?
Heç nəyi. Ona görə də Azərbaycan rəhbərliyi ən yüksək səviyyədə bəyan edib ki, yeni monitorinq mexanizmləri yalnız sülh prosesində konkret irəliləyişlə, Azərbaycan ərazilərinin boşaldılması ilə paralel şəkildə tətbiq oluna bilər. Hələ ki bu ədalətli mövqe yerində qalır.
Əfsuslar olsun ki, vasitəçilər tərəfindən bu, lazımınca dəyərləndirilmir. Beləcə, 4 günlük müharibənin siyasi nəticələri unudulmaqdadır. Demək, aprel olaylarının təkrarlanması, həm də daha böyük miqyasda təkrarlanması riski yerində qalır. (musavat.com)