Ərəblər Azərbaycanın bu regionlarından MÜLK almağa başlayıblar
Viza rejiminin sadələşdirilməsi nəticəsində ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı kəskin artıb. Ərəblərin kütləvi şəkildə Bakıya axını bu ilin iyul ayının əvvəllərindən başlayıb. Azərbaycana üz tutan ərəblər əsasən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq kimi dövlətlərdən gəlirlər. Onlar daha çox şəhərin lüks hesab olunan otellərində qalır və ən bahalı restoranlardan istifadə edirlər. Azərbaycana axın edən ərəblərlə bağlı çeşidli xəbərlər yayılmaqdadır. Məsələn,Modern.az-ın əldə etdiyi məlumatlara görə, Azərbaycana turist kimi gələn ərəblər artıq ölkənin şimal zonasında - əsasən də Quba, Qusar, Xaçmaz, Qəbələ kimi səfalı rayonlarda daşınmaz əmlak – ev, torpaq sahələri alırlar. Doğrudur, Azərbaycan qanunvericiliyi əcnəbilərin ev almasına yol versə də, torpaq mülkiyyətçisi olmağı qadağan edir. Bu isə o deməkdir ki, əcnəbilər birbaşa torpaq üzərində olan heç bir tikiliyə (hətə evi, villa) sahib ola bilməzlər. Ancaq onların torpaq sahələrini buradakı azərbaycanlı tanışlarının adına rəsmiləşdirdiklərinə dair xəbərlər də var. Yuxarıda adları çəkilən rayonların yerli əhalisindən adlığımız məlumata görə, ərəblər bu bölgələrdə daha çox yüksək səviyyədə şəraiti olan, hovuzlu, əsasən dağlıq ərazidə yerləşən villalara pul sayırlar. Təbii ki, bu villaları onların adına rəsmiləşdirilməmək şərtilə. Rayon sakinlərinin verdiyi məlumata görə, artıq yerli maklerlər ərəblərin verdiyi sifarişlərə uyğun olaraq yerli əhalidən özləri alıb ərəblərə daha baha qiymətə satırlar. Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı məsələ ilə bağlı Modern.az-a danışıb: “Son vaxtlar daşınmaz əmlak, ev bazarda müəyyən nisbi aktivlik var. Bu nisbi aktivliyin artmasında Azərbaycana gələn turistlərin də xüsusi təsiri ola bilər. Bu gün Bakıda və regionlarda ötən ilə nisbətən turistlərin sayı artmaqdadır. Artıq insanlar arasında belə bir ajotaj var ki, xarici turistlər, xüsusən də ərəblər Azərbaycana axışdıqca, evlərin qiyməti qalxacaq. Bununla bağlı yaxın aylarda müəyyən qiymət artımı hiss oluna bilər. Xaricdən gələn turistlərin bir hissəsi, əsasən də ərəblər Azərbaycanda yerli şəraitlə tanış olub, biznes imkanlarını dəyərləndirdikdən sonra torpaq, daşınmaz əmlak və ev alırlar. Amma bir ərəb turistinə bu gün Azərbaycanda dincəlmək üçün 1 aya 5-10 min manat bəs edirsə, onun 100-150 min manat verib haradansa ev alması məncə, o qədər də düzgün atılmış addım deyil.
Yox, əgər onlar başqa hansısa gələcək məqsədlər üçün Azərbaycanda daşınmaz əmlak və ya ev alırlarsa, bu artıq başqa məsələdir”.