Ərəblər bir də Azərbaycana gələrmi? – ARAŞDIRMA
Hicablı qadınlar, ailə, uşaqları ilə birlikdə küçədə toplu şəklində gəzənlər. Onlar son vaxtlar paytaxt küçələrində tez-tez qarşılaşdığımız ərəblərdir. İllərdir Azərbaycana ov dalınca gələn zəngin ərəblər, bu ildən ailələri ilə birlikdə paytaxtda qalmağı üstün tutublar. Məqsədlərindən asılı olmayaraq nə qədər çox gəlsələr, bir o qədər də xoşdur. Daha doğrusu, xoş olmalı idi, amma müşahidələr və müzakirələr göstərdi ki, ərəblərin gəlişindən naxoş olanların sayı daha çoxdur. Axı niyə bəyənmirik? Gələn turistin şort geyinib-geyinməməsi bizi niyə narahat etməlidir?
İllərdir ölkəyə gələn turist sayının qonşu ölkələrdən dəfələrlə az olmasından şikayətlənən həmvətənlərimizin indi ərəblərə yuxarıdan aşağı baxması, gəlmələrinə etiraz etməsi anlaşılan deyil. Axı gələn ərəbin avtobioqrafiyası, neçə arvad alması, uzun paltarından bizə nə? Yaxşı olar ki, biz gələnləri qaçırmaqdansa, onların istirahət üçün gələn il də bizim ölkəni seçmələrinə görə nələr etməliyik deyə baş sındıraq. İlk məlumatlar onu göstərir ki, ərəblər ölkəmizə internet və tanışlardan aldıqları məlumatlar əsasında gəliblər. Bu vaxta qədər gələn turistlər istirahət üçün daha çox Bakı, Qəbələ, Xaçmaz və Qubanı seçib. İki ayda iki ildəki qədər turist
Mədəniyyət və Turizm Nazirliyində yay aylarında gələn turistlərin sayı barədə məlumatlar hələ ki, hazır deyil. Lakin nazirlikdən bildirirlər ki, bu ilin aprel-may ayları ərzində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələnlərin sayı ölkəyə son iki ildə gəlmiş turistlərin sayına bərabər olub. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev son açıqlamasında Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım müşahidə edildiyini deyib. Nazirin sözlərinə görə, təkcə bu ilin aprel ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 2.5 min nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 27 dəfə çoxdur. Bu artıma səbəb fevralın 1-dən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilən viza rəsmiləşdirilməsidir. Ötən il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 16,1% artım müşahidə edilib. Bununla yanaşı, BƏƏ-dən bu ilin ilk 4 ayı ərzində gələn xarici turistlərin sayı 6 624 nəfər, 2015-ci ilin müvafiq dövrü ərzində gələn xarici turistlərin sayı isə 363 nəfər olub. Bəs bu əcnəbilərin növbəti ildə ölkəmizə təkrar gəlməsi, hətta gələn il özləri ilə əlavə dost-tanış da gətirmələri üçün hansı işlər görülüb?
Məsələn, ərəblərlə ortaq dinə sahib olmağımızı nəzərə alaraq dini abidələrə maraqlı ekskursiyalar təşkil edə bilərik. Ərəblər Müqəddəs Quran-i Kərimdə "Kəf" surəsində adı çəkilən Xızır peyğəmbərin zühur etdiyi “Beşbarmaq”, Şəkidə “Kiş” məbədi, Naxçıvanda Duz dağı, Nuh peyğəmbərin gəmisinin lövbər saldığı Gəmiqayanı ziyarət etmək istəməzmi? Niyə də istəməsin? Qiymətlər... “İsra FLY Travel” şirkətinin rəhbəri Mətanət Hacıyeva Publika.az-a bildirib ki, növbəti illərdə də ərəblərin ölkəmizə təkrar gəlməsi üçün başlıca şərt qiymətlərin münasib olmasıdır: “Qiymət nə qədər ucuz olsa, turist daha çox gələr. Qiymətlər münasib olandan sonra, növbəti addım əyləncə mərkəzlərinin sayının çoxaldılması olmalıdır. Çünki ərəblər daha çox əyləncə və istirahət mərkəzlərinə önəm verir. Bakıdan sonra ən çox getmək istədikləri şəhər Qəbələdir. Buna səbəb həmin bölgədə əyləncə mərkəzlərinin çoxluğudur. Bakıda isə ərəbləri daha çox cəlb edən çimərliklərdir”.
M.Hacıyeva vurğuladı ki, bu il artıq ərəb turistlərinin sayını təxmin edib əvvəldən tur paketlər hazırlayıblar: “Turistlərə tarixi abidələrin bol olduğu məkanlara səfərlər təqdim edilib. Gələn ərəblər arasında tarixi abidələrə maraq göstərənlər də var. Bakıda daha çox Qız qalasına getmək istəyirlər. Gələcəkdə çimərlik ətrafı əyləncə mərkəzlərinin sayının çoxalması turistləri cəlb etmək üçün yaxşı fürsət yaradar”. “Billur travel”dən bildirdilər ki, gələn ərəblərin hər birinin marağına uyğun təkliflər təqdim edirlər: “Gələnlər arasında tarix və dini abidələrə maraq da var. Lakin ərəblər daha çox Bakıda qalmağa maraq göstərdiklərinə görə buradakı abidələri ziyarət edirlər. Bölgələrdən isə Şamaxı, Quba və Qəbələyə maraq yüksəkdir. Buna səbəb həmin yerlərdə infrastrukturun buna imkan yaratmasıdır”. Şirkətdən bildirdilər ki, bu il gələnlərin növbəti il də istirahət üçün Azərbaycanı seçəcəklərinə inanırlar: “Çünki onlara yaxşı istirahət imkanı yaradılıb. Gələcəkdə daha çox maraq yaratmaq üçün də çalışacağıq”. Təəssüf ki, Mədəniyyət və Turizm Nazirliyinin növbəti il üçün ərəb turistlərlə bağlı hansısa planlarının olub-olmamsını öyrənə bilmədik. Gün ərzində dəfələrlə əlaqə saxlasaq da, suallarımıza cavab verən tapılmadı. Ya lülə, ya da tikə...
Turizm eksperti Çingiz İsmayılov isə nazirlik, eləcə də turizm şirkətlərinin bu istiqamətdə araşdırma aparmağı məsləhət görür: “Ərəblərin bura gəlməsinin bir neçə səbəbi var. Avropa ölkələrində onlara münasibətin dəyişməsi, Azərbaycanda keçirilən beynəlxalq tədbirləri çərçivəsində aparılan reklamlar, Türkiyədə baş vermiş hadisələr onların ölkəmizi seçməsinə səbəb olub. İlkin müşahidələr göstərir ki, gələnlər əsasən, orta və kasıblamış orta təbəqədir. Lakin buna baxmayaraq onlar hamısı turistdir və ölkədə pul xərcləyəcəklər. Əvvəlcə onların mentalitetini bilməliyik. Ərəblərin dini abidələr, yoxsa sadəcə yeyib-içmək üçün gəldiklərini müəyyən etməliyik. Sorğular, müşahidələr, seçilən turları təhlil edib nəticə çıxarmalıyıq. Yalnız gələn qonağın marağı əsas olmamalıdır. Biz də təkliflər irəli sürməliyik. Tarixi, dini abidələr, qoruqlar, milli parklara səfərlərlə bağlı təkliflər təqdim etməliyik”. Ekspert hesab edir ki, bu istiqamətdə olan resurslarımızın 50%-dən istifadə etmirik: “Kür çayına qayıqlarla gəzinti təşkil edə bilərik. Nə Gürcüstan, nə də Ermənistanda belə böyük çay var. Azərbaycanda turizm sadəcə dağ və dəniz sahilindən ibarət deyil. Ərəblər üçün çaylar, Xəzər dənizində adalar maraqlı ola bilər. Ancaq elə davranırıq ki, sanki bizdə belə adalar yoxdur. Bütün bunların qarşılığında bizim təkliflərimiz isə çox məhduddur. Bilməliyik ki, təkliflər nə qədər çox olsa daha çox turist cəlb edə bilərik. Məsələn, Bulvarda Xəzərə gəzinti üçün gəmilərdə canlı musiqi təşkil edə bilərik. Yaxud adalara səyahət üçün Mədəniyyət və Turizm Nazirliyi orada əlavə bir gəmi ayıra bilər. Bizdə isə iki seçim var, ya lülə, ya da tikə kabab. Bu təklifə ikinci dəfə bir də turist gəlməz”.
Bu, ekspertin fikridir. Əksini, yaxud da növbəti ildə də burada ərəb və ya digər turist görmək istəyən indidən işə başlasa, yaxşıdır. Əks halda gələn il burada nə ərəb taparıq, nə də onlara söz qoşmağa bir vasitə...