Vəhhabi tərəfindən bıçaqlanan "FALÇI Məlahət"ə - Xəbərdarlıq edildi

“Vəhhabi tərəfindən bıçaqlanan "Falçı Məlahət"ə - Xəbərdarlıq edildi
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq bölgə şöbələri Daxili İşlər Nazirliyinin yerli bölmələri ilə birlikdə Ucar və Şamaxı rayonlarında falçı adı altında fəaliyyət göstərən şəxslərə qarşı yoxlama tədbirləri həyata keçirib.

Komitənin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əməliyyatın keçirilməsində əsas məqsəd son günlər KİV-lərdə falçılıq adı altında fəaliyyət göstərən şəxslərlə bağlı məlumatların yer almasıdır.

Yoxlama tədbirləri zamanı falçılıq adı altında fəaliyyət göstərən Ucar rayonu Qaracallı kənd sakini Məlahət Qafarova və Şamaxı rayon sakini Sveta İsmayılova müəyyən edilərək dindirilib. Dindirilmə zamanı hər iki şəxslə mövcud qanunvericilik barəsində söhbət aparılıb, adıçəkilən şəxslərin qanunazidd fəaliyyətləri nəticəsində əldə ediləcək əmlakın inzibati və cinayət məsuliyyəti yaradacağı ilə bağlı xəbərdarlıq edilib. Hər iki şəxs yol verdikləri əməldən peşman olduqlarını və bu fəaliyyətlə bir daha məşğul olmayacaqlarını bildiriblər.

Qeyd edək ki, dələduzluq faktı əsasında falçılıq fəaliyyəti ilə məşğul olan və saxtakarlıq edərək əhalinin pulunu mənimsəyən şəxslərə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəlləsinə uyğun olaraq respublikanın digər bölgələrində də hüquq-mühafizə orqanları ilə birlikdə bu kimi halların qarşısının alınması üçün tədbirlər davam etdiriləcəkdir.

Vətəndaşların diqqətinə çatdırılır ki, aldadılaraq inamından sui-istifadə olunan, pulu mənimsənilən şəxslər mütləq şəkildə hüquq-mühafizə orqanlarına müraciət etsinlər.

Qeyd edək ki, ötən ilin avqust ayında Məlahət Qafarova xalası oğlu Qaracallı kənd sakini 29 yaşlı Abdulrəhmanov Ruslan tərəfindən bıçaqlanmışdı. Hadisəyə səbəb kimi M.Qafarovanın falçılıq etməsi, vəhhabi olan R.Abulrəhmanovun isə buna qarşı çıxması olmuşdu.






Fikirlər