SAĞLAMLIQ OCAĞIna qarşı “xəstə hücum” - ÖZƏL
Mərkəzi Neftçilər Xəstəxanasının timsalında səhiyyəmizin inkişafını görməyənlərin böhtançı qələmini “müayinə və müalicə etmək” lazımdır... Azərbaycanın ən nüfuzlu səhiyyə ocaqlarından biri – Mərkəzi Neftçilər Xəstəxanası haqqında bəzi “mətbuat orqanlarında” yeni böhtan və iftira kampaniyasına start verilib. Heç bir fakta, dəlilə əsaslanmayan, sadəcə, qiybət, dedi-qodu xarakterli cızmaqaralara əhəmiyyət verməmək də olardı. Çünki “qara piar” xarakterli belə yazılara ən tutarlı cavab elə bu tibb ocağının uğurlu fəaliyyətidir. Amma fikirləşəndə ki, söhbət ümumilikdə Azərbaycan səhiyyəsinin haqsız olaraq hədəfə çevrilməsindən, onun son illərdəki uğurlu inkişafına ləkə yaxmaq cəhdlərindən gedir, bax onda susmaq və bu cür şər-böhtan, iftira kampaniyasına cavab verməmək olmur. Qeyd etmək lazımdır ki, Mərkəzi Neftçilər Xəstəxanası Səhiyyə Nazirliyinin tabeliyinə verildikdən sonra bu səhiyyə müəssisəsinin öz işini müasir dövrün tələblərinə, standartlarına uyğun qurması istiqamətində xüsusi irəliləyiş əldə edilib. Səhiyyə Naziri Oqtay Şirəliyev Mərkəzi Neftçilər Xəstəxanasının fəaliyyətini xüsusi diqqətdə saxlayıb, bu səhiyyə ocağının daha uğurlu fəaliyyət göstərməsi istiqamətində qayğısını əsirgəməyib. Ümumiyyətlə, adıçəkilən tibb müəssisəsinin Səhiyyə Nazirliyinin tabeliyinə verilməsinin nə qədər doğru və zamanında qəbul edilmiş qərar olduğunu onun son zamanlar imza atdığı nailiyyətlərdən açıq-aydın görmək olar. Ancaq deyəsən, bəziləri bu səhiyyə ocağının müasir dövrün tələblərinə uyğun fəaliyyətindən heç də razı deyillər, ona görə də fürsət düşdükcə Mərkəzi Neftçilər Xəstəxanası barədə reallıqla qətiyyən uyğun gəlməyən, başdan ayağa böhtan, yalan üzərində qurulmuş cızmaqaralarla könül bulandırmağa çalışırlar. Məsələn, xəstəxananın bütün tibbi personalı “pulyığma” kimi çirkin iftiraya məruz qoyulur. Söz azadlığını böhtan azadlığı kimi başa düşən bəzi üzdəniraq media orqanları belə iyrənc yalanlarını “əsaslandırmaq” əziyyətinə qatlaşmır, sadəcə, “çamur at, izi qalsın” kimi qeyri-əxlaqi yollara baş vururlar. Halbuki xəstəxananın istər Bakı, istərsə də ölkənin digər bölgələrində həyata keçirdiyi uğurlu işlər bu tibb müəssisəsinin personalının və rəhbərliyin öz fəaliyyətini nə qədər yüksək səviyyədə, peşəkarcasına qurduğunun isbatıdır. Bunu görmək istəməyənləri isə elə Mərkəzi Neftçilər Xəstəxanasına dəvət etmək olar, qoy bu tibb ocağının peşəkar mütəxəssisləri onların görmə qabiliyyətindəki problemin haradan qaynaqlandığını və necə müalicə edilə biləcəyini müəyyənləşdirsinlər. Mərkəzi Neftçilər Xəstəxanasının bacarıqlı, müasir təhsil və təcrübəyə malik kadrları son illərdə Bakıda, Naxçıvanda və Azərbaycanın digər bölgələrində saysız-hesabsız kardioloji əməliyyatlar, qaraciyər və digər orqanlarının uğurlu transplantasiyalarını həyata keçirərək saysız-hesabsız insana yeni həyat bağışlayıb, minlərlə ailəyə sevinc bəxş ediblər. Bu hər kəsə aydın məlum olan bir həqiqətdir və anlamaq mümkün deyil ki, belə bir bəlli reallığı necə danmaq, bunun 180 dərəcə əksini necə iddia etmək olar? Doğrudanmı, vicdan hissini və obyektivlik ruhunu itirmək bəzi “həmkarlarımız” üçün bu qədər rahat və asandır?! Elə bu yaxınlarda Mərkəzi Neftçilər Xəstəxanasında növbəti uğurlu və tibbin ən son üsullarını tətbiq etməklə keçirilən cərrahiyyə əməliyyatı barədə xəbər böyük maraq və təqdirlə qarşılandı. Məlum oldu ki, MNX-ın Otorinolarinqologiya şöbəsinin həyata keçirdiyi həmin əməliyyat ölkə səhiyyəsinin yüksələn xətlə inkişafından xəbır verir. Min yeni doğulmuş uşaqdan 1-2 də rast gələn natamam damaq yarığı (qurd ağızlılıq) diaqnozu ilə xəstəxanaya müraciət edən 1 yaş 4 aylıq körpə pasiyent üzərində həyata keçirilən həmin əməliyyat həm Azərbaycan səhiyyəsinin, həm də Mərkəzi Neftçilər Xəstəxanasının nailiyyətlərini görməzdən gələnlərə, qarayaxma mövqeyində dayananlara əla cavab idi. Qeyd edək ki, Azərbaycanda bu tip diaqnozdan əziyyət çəkən körpələrə bir neçə üsulla əməliyyat aparılır, bunlar SSRİ-nin dövründən tətbiq edilən von Langenbeck, Amerika və Avropada daha çox üstünlük verilən üsul Vean-Vardill-Kilner üsulu və bu sahədə ən son üsul Furloü metodlarıdır. Furlow üsulu zamanı damaq toxumaları Z şəkilində yer dəyişdirilərək təkrardan tikilir və ən əsası damağı qaldıran əzələnin tamlığı daha etibarlı şəkildə bərpa olunur. Bunu Mərkəzi Neftçilər Xəstəxanasında müvəffəqiyyətlə həyata keçirilən cərrahiyə əməliyyatı bir daha təsdiqlədi. İndi özünüz deyin: son illərdə bunun kimi çoxsaylı uğurlara imza atan bir tibb ocağını cılız və əsassız imtahanların hədəfinə çevirməyə çalışmaq nə qədər vicdanlı, əxlaqlı bir işdir?! Xəstəxananın Baş Direktoru Leyla Seyidbəyli haqqında uydurmalar isə ümumiyyətlə heç bir əndazəyə sığmır. Ömrünü Azərbaycanda səhiyyə sahəsinin inkişafına həsr edən Leyla xanımın bu tibb ocağına rəhbərliyi ona səhiyyə naziri Oqtay Şirəliyevin yüksək etimadının nəticəsidir. Amma görünür, kimlərsə bu etimaddan nəyə görəsə narazıdırlar və həm baş direktoru, həm də Mərkəzi Neftçilər Xəstəxanasını iftira hədəfinə çevirməklə qarşılarına ölkə səhiyyəsinə güclənməkdə olan etimadı sarsıtmaq məqsədi qoyublar. Bu gün məhz belə tibb ocaqlarının sayəsində müayinə və müalicə məqsədilə ölkəmizdən kənara "pasiyent" axını minimuma çevrilməkdədir. Buna sevinmək və bunu alqışlamaq, təqdir etmək əvəzinə, dünya standartlarına cavab verən bir səhiyyə müəsissəsinə qara yaxmağa çalışmağın düşmən dəyirmanına su tökmək cəhdindən başqa adı yoxdur, ola da bilməz! Əlbəttə, Mərkəzi Neftçilər Xəstəxanasının uğurlu fəaliyyəti barədə çox danışmaq olar, amma görünən dağa bələdçi nə lazımdır?! Bu sağlamlıq ocağına qarşı xəstə təfəkkürlülərin hücumuna ən layiqli CAVAB onsuz da xəstəxananın əldə etdiyi NAİLİYYƏTLƏRdir. Bizə isə sonda ancaq və ancaq bəzi “həmkarların” böhtandan, iftiradan başqa heç nəyə yaramayan qələmlərini yaxşı-yaxşı müayinə və müalicə etdirməyi təklif etmək qalır. Bu müayinə və müalicənin isə bircə adı var: VİCDAN! A.ABDUL