MƏRKƏZİ NEFTÇİLƏR Xəstəxanası TƏKZİB etdi

“Mərkəzi Neftçilər Xəstəxanasından qiymətlərlə bağlı - Açıqlama

«Qiymət artımı haqda yazılanlar tamamilə şər-böhtandır»

Bu günlərdə bəzi saytlarda Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) qiymətlərin qaldırılması barədə xəbər yayılıb. Yazılanlara görə, qəbul zamanı vətəndaş 1800 AZN depozit qoyulmalıdır.

Mərkəzi Neftçilər Xəstəxanasının mətbuat xidmətindən gundelik-baku.com saytına verilən məlumatlara görə, qiymət artımı ilə bağlı mətbuatda yazılanlar həqiqəti əks etdirmir və yalandır: «Mərkəzi Neftçilər Xəstəxanasında heç bir qiymət artımından söhbət belə gedə bilməz. Bunu yazanların yəqin ki, ciddi jurnalistikadan xəbəri yoxdur. Qiymət artımı haqda yazılanlar tamamilə şər-böhtandır. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında əhaliyə ən yüksək səviyyədə tibbi xidmət göstərilir. Bizə müraciət edən vətəndaşlar sonda öz məmnunluqlarını ifadə edirlər. Çünki xəstəxananın tibb personalı qarşıya qoyulan vəzifə və tapşırıqları layiqincə yerinə yetirir. Onu da nəzərinizə çatdırmaq istəyirik ki, xəstəxanamız təsərrüfat hesablıdır. Əlbəttə, bu barədə yazılanlar bizdə təəssüf hissi yaradır. Biz qiymət artımı haqda yazılan məlumatların doğru olmadığını insanların nəzərinə çatdırmaq istəyirik. Məsələ ilə bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Yalan, dəqiqləşdirilməmiş məlumat yayan şəxslərin cəzalandırılması vacibdir». 

 

"AzerTaym.az"

 

 

 

 

 

 

 






Fikirlər