Kremldən işğalçıya gizli dəstək - Azərbaycana təhdid

 Kremldən işğalçıya gizli dəstək - Azərbaycana təhdid

Prezidentlər arasındakı Bişkek gərginliyi Qarabağ cəbhəsinə keçə bilər; politoloq: “Rusiya Ermənistanın Azərbaycan qarşısında zəif duruma düşməsini istəmir”

 

Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında keçirilən görüşdən bu gün üç ay ötür. Yada salaq ki, iyunun 20-də baş tutan danışıqların yekununda prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair özlərinin müntəzəm əlaqə qurmasının əhəmiyyətini qeyd etmişdilər. 
Üstəlik, ATƏT-in Minsk Qrupunun işinə əlavə olaraq danışıqları bu formatda davam etdirmək barədə razılığa gəlinmişdi. Eyni zamanda prezidentlərin üçtərəfli görüşündən sonra yayılan birgə bəyanatda deyilirdi ki, onlar münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılması haqda razılığa gəliblər. Bəyanatda o da deyilirdi ki, Azərbaycan və Ermənistan prezidentləri mayın 16-sı baş tutan Vyana sammitində tərəflər arasındakı münaqişə zonasında vəziyyətin stabilləşdirilməsi və sülh danışıqları prosesinin davam etməsinə dair danışıqlarda irəliləyiş olmasını təsdiqləyiblər.
Ancaq aprel müharibəsinin bir daha təkrarlanmaması məqsədilə Rusiyanın moderatorluğu əsasında təşkil olunan Peterburq görüşündə əldə olunan razılaşmanın Ermənistan tərəfindən pozulduğu göz qabağındadır. Əslində Ermənistan prezidenti Serj Sərkisyan “Dünya Dağlıq Qarabağı Azərbaycanla birgə yaşamağa inandıra bilməz” deməklə elə danışıqlardan az sonra təhrikçi mövqeyini ortaya qoydu. Ardınca Ermənistanda düzənlənən saxta anti-Rusiya aksiyaları, həmçinin Qarabağ güzəştini istisna edən kütləvi tədbirlər İrəvanın oyun oynadığına şübhə yeri qoymadı. “Etirazları” yatırmaq üçün Sərkisyan hətta “canımı verərəm, Qarabağı yox” deməklə əslində beynəlxalq aləmə mesaj verdi. Elə MDB Dövlət Başçıları Şurasının sentyabrın 16-da Bişkekdə keçirilən iclasında Sərkisyanın bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayətlənməsi də faktiki olaraq danışıqları pozmağa yönəlik cəhd idi. 
Ancaq digər bir məqam diqqəti cəlb edir ki, bu da Ermənistanın həyasızlığına və özünü küçə uşağı kimi aparmasına Rusiya ilə yanaşı, beynəlxalq təşkilatların və aparıcı dövlətlərin, xüsusilə də ABŞ və Fransa kimi həmsədr ölkələrin də seyrçi münasibətidir. Ötən həftə ABŞ Konqresində keçirilən anti-Azərbaycan müzakirələrinə Qarabağın separatçı lideri Bako Saakyanın oğlunun da dəvət olunması Qərbin ikili siyasətinin növbəti təzahürü sayıla bilər. Düzdür, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, lakin postsovet məkanındakı separatçılara “yaşıl işıq” yandırılması baxımından Qarabağ məsələsi hələ ki yeganə faktdır.    
Digər tərəfdən də Rusiya işğalçı ölkəni silahlandırmaqda davam edir. Yay aylarında ermənilər Azərbaycana böyük pulların qarşılığında silahlar satan Kremlin siyasətinə sərt etirazlar edir, Rusiyanın Ermənistanı satdığı barədə haray-həşir salırdılar. Ancaq budur, məlum olur ki, Moskva işğalçı ölkəyə hətta “İsgəndər-M” kimi dağıdıcı raket kompleksləri satır. Hərbi ekspertlərin fikrincə, “İsgəndər-M” raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir.
“”İsgəndər" raket komplekslərinin Ermənistana verilməsi Azərbaycana böyük təhlükədir".
Bunu AzadlıqRadiosuna hərbi ekspert Telman Əbilov bildirib. Onun dediyinə görə, Rusiya hələ bir il öncə bu raketlərin Ermənistana ötürülməsi yollarını axtarırdı. O qeyd edir ki, ortada İran, Gürcüstan variantı belə olub. Bu raketlər Ermənistana qara yollarla gətirilib: “Bu raketlər elə böyük həcmə malikdir ki, onu yük təyyarəsi vasitəsilə belə, Ermənistana gətirmək mümkün deyildi”. T.Əbilov deyir ki, bu barədə açıq deyilməlidir. 
İndi ölkənin müdafiə qüdrəti daha da gücləndirilməlidir. Onun fikrincə, bu təhlükə xalqdan gizlədilməməlidir. T.Əbilov hesab edir ki, bu raketlərin Ermənistana gətirilməsi, onun Xankəndində, Xocalıda olması deməkdir. Onun fikrincə, indi heç kəs zəmanət verə bilməz ki, bu raketlər sabah Azərbaycanın işğal altında olan ərazilərinə göndərilməyəcək. “Ermənistan tərəfi bu raketləri əldə etməklə deyir ki, Azərbaycan Qarabağı unutmalıdır” - hərbi ekspert deyir. 
Məhz bu ərəfədə Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına rəhbərliyi Ermənistana həvalə edəcəyini açıqlayıb. Baş katibi erməni olacaq bu hərbi qurumun günün birində Qarabağ münaqişəsinə müdaxilə üçün bəhanə əldə etməsi də tam realdır. Politoloq Hikmət Hacızadə isə əməkdaşımıza bildirdi ki, KTMK-da rəhbər vəzifə növbə ilə iştirakçı dövlətlərin nümayəndələri tərəfindən tutulur: “İndi də növbə Ermənistanındır. Odur ki, mən burada bizim üçün xüsusi bir narahatlıq üçün səbəb görmürəm. Ancaq KTMK-da hər şey Rusiyanın əlindədir. Rusiyanın isə öz maraqları  və Azərbaycandan da istədikləri var. Rusiya hər şey edə bilər. Bunun üçün onun min metodu var. Heç yenisi də lazım deyil”. 
Düzdür, qərarı Rusiya verəcək. Ancaq bu gün Rusiyanın da Azərbaycan və Qarabağ məsələsində səmimi olmadığı bəllidir. Moskva aprel ayında atəşkəsə nail olduqdan sonra münaqişənin yenidən hərbi fazaya keçməməsi üçün Ermənistana təzyiqlər göstərmək, ərazilərin mərhələli qaydada azad olunmasına nail olmaq əvəzinə, işğalçını müasir silahlarla təchiz edir.  Ermənistan Müdafiə Nazirliyi məsələyə dair şərh verməyib. Lakin korporasiyanın iki meneceri anonimlik şərti ilə təsdiq edib ki, Ermənistana bir diviziyon “İsgəndər-M” raket komleksləri verilib. KTMT çərçivəsində silah təchizatı razılaşması əsasında verilib (virtualaz.org) Hər halda, Rusiya mediası da təsdiqləyir ki, Ermənistana ayrılan 200 milyonluq kredit bu tip silah komplekslərinin alınmasına imkan verə bilməzdi. 
***
Bəzi müşahidəçilər hesab edir ki, əslində Rusiya münaqişə zonasında “sülhməramlı” adı altında hərbi birləşmələrini yerləşdirmək üçün Bakının razılığını almağa çalışır. Ancaq Azərbaycan bunun Qarabağın itirilməsi ilə nəticələnəcəyini bildiyi üçün şimaldan gələn təzyiqlərə boyun əymir. Bu səbəbdən də Rusiya Ermənistanı gücləndirmək xəttini götürüb. 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Ermənistan paytaxtında Rusiyadan alınan silahların nümayiş etdirilməsi Azərbaycana mesajdır: “Birinci mesaj bundan ibarətdir ki, Rusiyanın Ermənistana verdiyi silahlar, o cümlədən müasir ”İskəndər" raketləri Ermənistanı qorumaq və Azərbaycanı təhdid altında saxlamaq gücündədir. İkinci mesaj isə odur ki, həmin silahlar yalnız Ermənistanı deyil, Dağlıq Qarabağı qorumaq üçün nəzərdə tutulub. Başqa sözlə, həmin silahların bir hissəsi Dağlıq Qarabağda yerləşdiriləcək. Halbuki bu, beynəlxalq hüquqa ziddir. Rusiya hakimiyyətinin isə vecinə də deyil ki, həmin silahlar separatçıların əlinə keçəcək. Əks halda, hansısa rusiyalı rəsmi açıqlama verib deməliydi ki, “Rusiyanın Ermənistana verdiyi silahlar Dağlıq Qarabağda yerləşdirilməyəcək”. Ancaq biz rusiyalı rəsmilərin və diplomatların dilindən belə bir açıqlama eşitməmişik və yəqin eşitməyəcəyik də. Bu silahların Ermənistana verilməsi Rusiyanın Azərbaycana xoş olmayan mesajıdır. Belə aydınlaşır ki, Rusiya Ermənistana Azərbaycana satdığından daha modern silahlar verib. Azərbaycan Rusiyadan silahları pulla, Ermənistan isə pulsuz alır. Bu, o deməkdir ki, Rusiya hakimiyyəti Ermənistanın Azərbaycan qarşısında zəif duruma düşməsini istəmir. Ona görə də Ermənistana o tip silahlar verir ki, özünü və işğal altındakı torpaqları qoruya bilsin. Rusiya bir növ Azərbaycanla Ermənistan arasında hərbi balans yaratmağa çalışır". 
Ancaq ekspert qeyd etdi ki, Rusiya hakimiyyətinin və hərbi-sənaye kompleksinə rəhbərlik edən şəxslərin hesablamadığı məqam var: “Azərbaycan başqa ölkələrdən də modern silahlar alır. Həmin ölkələr isə Rusiyadan fərqli olaraq Ermənistana pulsuz silah vermirlər. Bu ölkələrin Azərbaycanla Ermənistan arasında hərbi balansın qorunması kimi dərdi yoxdur. Ona görə də Azərbaycan silah ehtiyatını çoxaltmalı və çeşidləndirməlidir. Ermənistan bizimlə bu yarışda tab gətirə bilməyəcək. Buna baxmayaraq, biz elə etməliyik ki, hərbi balans o qədər pozulsun ki, Ermənistan silahlanmaya daha çox maliyyə xərcləsin və bu xərclər ona baha başa gəlsin. Ermənistan Rusiyadan silah alsa da, qonşu ölkənin başqa növ silahlara da ehtiyacı var. Həmin silahları isə Ermənistan müxtəlif dövlətlərdən pulla almaq məcburiyyətindədir. Rusiya Ermənistana modern silahlar bağışlamaqla və Dağlıq Qarabağ separatçılarının iştirakıyla Moskvada konfransa yaş ilə işıq yandırmaqla vasitəçi statusuna kölgə salır. Aydındır ki, belə bir şəraitdə Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyəcək”. 
MDB dövlətlərinin Bişkek toplantısında Azərbaycan və Ermənistan prezidentləri arasında yaşanan gərginliyin Qarabağ cəbhəsinə keçə biləcəyi ehtimalı da ciddidir. Düzdür, Rusiya status-kvonun saxlanmasını istəyir. Lakin ilin sonunadək Qarabağ münaqişəsində irəliləyişlərin olacağına dair ümidlərin əvəzində prezidentlər səviyyəsində söz atışmalarının müşahidə olunması şübhəsiz ki, əsgərin mövqeyinə də təsirsiz ötüşmür. Azərbaycan prezidentinin Sərkisyanı susdurmasına qarşı tərəfdən təxribatla cavab veriləcəyini hər an gözləmək olar. 
Belə yanaşmalar da var ki, Qarabağla bağlı təhlükəli həll planının icrası üçün “Rusiya modeli” əsas götürülüb və burada “açar” rolunu oynamaq Kremlə həvalə olunub. 
Ölkəmizə qarşı böyük təhdidləri real qiymətləndirən E.Şahinoğlu qeyd etdi ki, Rusiya prezidenti Vladimir Putinin “biz münaqişənin həllində heç bir tərəfin qalib və məğlub olmasını istəmirik” sözləri də Moskvanın gerçək münasibətindən xəbər verir: “Danışıqlar prosesi yerində sayır. Bu isə növbəti qarşıdurma ehtimalını artırır. Azərbaycan və Ermənistan prezidentlərinin MDB-nin Bişkək toplantısındakı söz atışması ondan xəbər verir ki, indiki vəziyyətdə masa üzərində razılaşma mümkün deyil. Azərbaycan prezidenti konstitusiya dəyişikliklərindən sonra daxildə mövqelərini bir az daha gücləndirəcək. Bu isə dövlət başçısına Dağlıq Qarabağ istiqamətində daha strateji addımlar atmağa imkan verəcək”.






Fikirlər