«AZAL-IN ŞILTAQLIĞINA GÖZ YUMMAQ OLMAZ!» - Prezidentin tapşırığına necə əməl olunur?
Turistlərin cəlb edilməsi üçün yeni beynəlxalq aviareyslərin açılması prezident İlham Əliyevin «Turizmin inkişafı üzrə əlavə tədbirlər haqqında» 1 sentyabr 2016-cı il tarixli sərəncamının əsas bəndlərindən biridir. Xatırladaq ki, dövlət başçısının sərəncamında İqtisadiyyat, Maliyyə, Mədəniyyət və Turizm nazirliklərinə, Mülki Aviasiya Administrasiyası və AZALa beynəlxalq aviareyslərin açılması üzrə tədbirlər görülməsi tapşırılır. Amma ekspertlər AZAL-ın bu vəzifənin öhdəsindən gələcəyinə əmin deyil. İqtisadçı Natiq Cəfərli hesab edir ki, AZAL-ın sərəncamında olan təyyarələr lazım olan istiqamətləri əhatə etmək üçün yetərli deyil. O qeyd edib ki, bazara başqa aviaşirkətlər buraxılmalıdır. «AZAL başqa aviaşirkətlərin bazara girməsində maraqlı deyil. Bu halda o, qiymət siyasətinə yenidən baxmalı olacaq. Azərbaycan turizm və aviadaşımalar sahəsində vəziyyəti dəyişmək istəyirsə, AZAL-ın şıltaqlığına yol verilməməli, bazara başqa aviaşirkətlər buraxılmalıdır», deyə Natiq Cəfərli hesab edir. Onun fikrincə, bu halda AZAL da qazanar, çünki şirkət yerüstü xidmətlərə görə gəlirlər əldə edəcək. Eləcə də AZAL rəqabət şəraitində menecmentini daha da təkmilləşdirə bilər. Rəsmi məlumata görə, AZAL-ın 28 təyyarəsi, o cümlədən Embrayerləri, Aerobusları, Boinq və 2 Boeing-Dreamlineri var. Dəfələrlə müraciət edilsə də, AZAL Turan-ın prezidentin sərəncamı ilə bağlı hansı tədbirlər görüldüyü, hansı istiqamətləri prioritet hesab etməsi və s barədə suallarına cavab verməyib. AZAL-ın başqa aviaşirkətləri Azərbaycana buraxmaması, aviabiletlərin bahalığı ilə bağlı şirkət uzun illərdir tənqid edilir. Ölkə prezidenti AZAL-ı tənqid etsə də, reallıqda bu, yalnız büdcədən «AZALJET» yaradılması ilə nəticələndi. Hamı Macarıstanın Wizzair şirkəti ilə bağlı olanları xatırlayır. Şirkət Azərbaycanda iki il işləyəndən sonra faktik olaraq qadağan edildi. Ölkə prezidenti müdaxilə edəndən sonra macarlar işi bərpa edə bildi. O, Wizzair açılandan sonra Budapeştə AZAL rəhbərini yox, iqtisadiyyat naziri Şahin Mustafayevi göndərdi. Türkiyənin «Pegasus» şirkəti də Azərbaycanda işləməyə icazə ala bildi. Ekspertlər həmçinin Fars körfəzi və Asiya ölkələrinə yeni reysləri prioritet sayır. Çin və Yaponiya çox səyahət etməyi sevir, ona görə ekspertlər əmindir ki bu istiqamətlərdə də reyslər açılmalıdır. Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov hesab edir ki, yeni reyslər açılanda ərəb ölkələrindən turist axını nəzərə alınmalıdır. Onun sözlərinə görə, Küveyt və Bəhreyndən birbaşa reyslərin olmaması bu regionlardan turist axınının artımına mane olur. «Ərəb turistlər çox vacibdir. Onlar Bakı ilə yanaşı, əyalətlərə də gedir. Böyük qruplarla gəlirlər, bundan yararlanmaq lazımdır. Deyilənə görə, onların dostları, tanışları da gəlir. Ölkə haqda yaxşı təəssüratları olsa, onların hərəsi 50 turist cəlb edə bilər», deyə Bağırov bildirib. Bağırov Sinqapur, Tailand və Malayziyanı da prioritet hesab edir. Onun fikrincə, bu ölkələrin birinə birbaşa reys açılmalıdır. Rəsmi statsitikaya görə, 2015-ci ildə Azərbaycana 2 mln turist gəlib. 2016-cı ildə Yaxın Şərqdən turist axını artıb. Fars körfəzi ölkələrindən 25 min, o cümlədən İraqdan 11 min, BƏƏ-dən 10 min turist gəlib. Statistikaya görə, 2015-ci ildə Azərbaycana 2 006,2 min əcnəbi gəlib. Əcnəbilərin 1 921,9 mini turist kimi, bunun 668,8 mini istirahətə, 632,3 mini işgüzar turizm, 36,5 mini müalicə, 11,5 mini dini turizm üçün gəlib. Müqayisə üçün, 2015-ci ildə Gürcüstana 5,8 mln turist gəlib. Bunun 38 %-i istirahət və əyləncə, 20 % qohum və dostların yanına, 19% tranzit kimi, 9% şoppinq üçün, 5% işgüzar məqsədlə gəlib. (Turan)