AZAL-ın vitse-prezidenti: “BƏLİ bizim CİDDİ maliyyə sıxıntılarımız var...”

“Ötən il qiymətlərin baha olmasına görə AZAL-a ünvanlanan tənqidlər bizim üçün gözlənilməz idi. Ancaq biz bu tənqidlərdən nəticə çıxardıq və vəziyyəti dəyişdirmək, sərnişinlərə xidməti yeni səviyyəyə qaldırmaq üçün irimiqyaslı işə başladıq”.

Bu sözləri AZAL-ın vitse-prezidenti Eldar Hacıyev haqqin.az saytına müsahibəsində deyib.

 Onun sözlərinə görə, hazırda dünyada sərnişin daşımaları bazarında sərt rəqabət var. “Bizi tez-tez ittiham edirlər ki, AZAL bazarda inhisarçıdır. Əslində belə deyil. Azərbaycanda aviadaşımalar bazarı kifayət qədər liberaldır. Azərbaycanda faktiki olaraq “açıq səma” prinsipi işləyir. Respublikamıza uçuşlar həyata keçirmək istəyən hər hansı aviaşirkət çətinlik çəkmədən hökumətdən icazə ala bilər”-AZAL vitse-prezidenti bildirib.

Lakin Eldar Hacıyevin sözlərinə görə, bir məsələ var ki, xarici şirkətlər harasa uçuşlar etmək istəyirsə lisenziyanı ilk növbədə öz ölkələrindən almalıdır. Və KİV-lərdə AZAL-ın hansısa aviaşirkətlərə Azərbaycana uçmağa imkan vermədiyi haqda deyilənlər əsassızdır. “Biz tənqidlərin bu hissəsi ilə qəti razı deyilik. Heç kimə Azərbaycana uçmağı qadağan edə bilmərik, əksinə, biz özümüz sərt rəqabət şəraitində işləyirik”-E.Hacıyev bildirib.

AZAL vitse-prezidenti deyib ki, Türkiyənin “Pegasus” loukosteri İstanbul-Qəbələ reysi üçün doğrudan da maraqlı tariflər təklif edib. Bu tariflər AZAL-ın İstanbul reysinin sərnişinlərini azaldacaq. Lakin biznesin əsas postulatlarından biri də budur ki, rəqabət olmayan yerdə inkişaf da olmayacaq.

E.Hacıyevin bildirdiyinə görə, ötən il prezident İlham Əliyevin AZAL qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində işlər görülür. Artıq ən populyar turizm istiqamətlərində biletlərin qiymətinə yenidən baxılıb. “Hərçənd ki, bu elə də asan deyil, çünki aviaşirkətin büdcəsi başqa rəqəmlər və qiymətlər əsasında tərtib edilmişdi”-vitse-prezident deyib.

E.Hacıyev onu da deyib ki, İATA-nın təqdim etdiyi məlumatlara əsasən bu il Azərbaycandan olan birbaşa reyslərin sərnişinlərinin sayında azalma gözlənilir. İlk növbədə Avropa reyslərində sərnişinlərin azalması baş verəcək. “Biz əlimizi yanımıza salıb oturmuruq və vəziyyətdən çıxmağa çalışacağıq”-o deyib. AZAL vitse-prezidenti vəziyyətdən çıxmaq üçün Heydər Əliyev Bakı Beynəlxalq Aerportunu beynəlxalq haba çevirmək üçün danışıqlar aparıldığını, habelə Avropa və Asiyaya yeni reyslər açmaq üçün imkanların araşdırıldığını bildirib.

E.Hacıyev təsdiq edib ki, AZAL-da maaşların gecikdirilməsi problemi var. “Əmək haqlarının gecikdirilməsi şirkətin gəlirlərinin kəskin azalması ilə bağlıdır. İnanın ki, insanların öz zəhmətlərinə görə vaxtlı-vaxtında əmək haqlarını alması üçün əlimizdən gələni edirik. Ancaq personalın ixtisarı planlaşdırılmır və olmayıb. Çünki bizim personal yüksək ixtisaslı peşəkarlardan ibarətdir, onlar bizim fəxrimizdir”-AZAL vitse-prezidenti bildirib.






Fikirlər