“AZAL israfçılığa yol verir” - Keçmiş AZAL şefi...
Şirkətin fəaliyyəti haqda prezident İlham Əliyevin məlum çıxışından sonra uçuş qiymətlərinin ucuzlaşacağına dair ümidlər yaransa da, vəziyyət dəyişməz olaraq qalır.
Yəni AZAL bir tərəfdən biletin qiymətinin azaldıldığını deyir, digər təfədən isə hər 5 kq-dan artıq ” bagaj” üçün 50 manat pul tələb edir. Bununla da bilet qiymətində itirdiyi gəliri kompensasiya edir.
Nəticədə isə uduzan yenə sərnişinlər olur.
Bundan başqa, adıçəkilən qurumdan bildirilib ki, bilet qiymətləri ucuzalaşan kimi xidmətlərin də keyfiyyəti aşağı salınacaq. Qida rasionuna əl gəzdirilərək, sərnişinlərə təqdim olunan qida məhsullarının sayı azaldılacaq. Buradan aydınca müşahidə etmək olur ki, AZAL spekulativ gedişlər edib, qiymətləri endirmək istəmir.
Bu arada qeyd edək ki, sözügedən şirkət növbəti dəfə qeyri-adi davranışa yol verib. O, öz sərnişinlərinə Naxçıvana noutbuk aparmağı qadağan edib. Musavat.com xəbər verir ki, bu barədə virtualaz.org saytına oğlunu Naxçıvana yola salan Bakı şəhər sakini Müşfiq Mədətov məlumat verib. AZAL əməkdaşları bu qadağaya hər hansı məntiqi izah verə bilməyiblər. Yalnız onu deyiblər ki, bu qadağa AZAL prezidenti Cahangir Əsgərovun şəxsi əmri ilə qoyulub. Bu üzdən sərnişinlərlə AZAL əməkdaşları arasında qızğın mübahisə düşüb. Bu qərarın absurd olduğunu aeroport əməkdaşlarına anlatmaq cəhdləri də fayda verməyib. Narazı sərnişinlərə AZAL-ın mərkəzi ofisinə müraciət etmək tövsiyə olunub. Şirkətin belə arzuolunmaz addımları ictimaiyyətdə mənfi rezonans doğurur ki, bu da tənqidi reaksiyalara səbəb olur.
AZAL-ın qiymət siyasətini dəyərləndirən bu qurumun sabiq prezidenti Ədalət Əliyev AİM.Az-a açıqlamasında qeyd edib ki, ölkə başçısının AZAL-la bağlı son çıxışı çox doğru və yerində edilən çıxış idi:
“Bir halda ki, AZAL təyyarələri dövlətin yardımları ilə alır, yanacaq isə yerli istehsaldır, o zaman qiymətlər də daha ucuz olmalıdır. Şəxsən mənim üçün AZAL-ın bu qiymətləri müəmmalıdır. Uçuş qiymətləri təcili olaraq aşağı salınmalıdır”.
Müsahibimiz diqqətə çatdırıb ki, AZAL qiymətləri aşağı salsa, bu, ölkəyə gələn turistlərin sayında da müsbət dəyişikliyə gətirib çıxaracaq:
“AZAL-ın tətbiq etdiyi qiymətlər dünyanın heç bir aviaşirkətində yoxdur. Hər bir şirkətin öz rəqabət və biznes siyasəti olmalıdır. Dünyada rəqabət aparan hər bir şirkət çalışır ki, qiymətləri digərindən aşağı salsın və daha çox müştəri qazansın. AZAL isə qiymətləri qaldırmaqla müştəriləri özündən qaçırır. Hazırda AZAL-ın qiymət siyasəti çox dözülməz hal alıb. Normalda bu, belə olmamalı idi”.
Həmsöhbətimizin qənaətinə görə, AZAL elə bir siyasət aparmalıdır ki, o həm sosial yönümlü, həm də iqtisadi səmərəli olsun və ictimaiyyətdə narazılığa yol açmasın:
“AZAL-ın peşəkar təsərrüfatçılıq siyasəti olmalıdır. Bunun sayəsində isə şirkət həm öz biznes maraqlarını, həm də əhalinin sosial maraqlarını qorumalıdır. Məsələn, indiki halda Moskva şəhərinə AZAL-ın gediş-gəliş uçuş qiyməti maksimum 300 dollar olmalıdır. Çünki digər tanınmış aviaşirkətlərdə qiymətlər bundan yüksək deyil. Eyni zamanda son vaxtlar AZAL israfçılığa yol verir. Dövlətdən kreditlər alır, həmin kreditləri ödəmək üçün isə məcbur olub qiymətləri qaldırır. Doğrudan da, belə olubsa, o zaman bu məsələnin də səbəbləri araşdırılmalıdır”.
Millət vəkili Fazil Mustafa isə “facebook” səhifəsində vurğulayıb ki, əslində qiymət önəmli deyil, əsas şəffaflıqdır:
“Qiymətlər endirilə bilər, ancaq bilet tapmaq mümkündürmü? Əsas bu məsələ üzərində fikir yürüdülməldir. Çünki əks halda bilet tapılmadıqda yer çatışmazlığı probelmi yaranır və qiymətlər yenidən baha olaraq qalır. Bu baxımdan da məsələnin bir qədər bu formada təqdim olunması doğru deyil. Biletlərdən öncə onların əl çatanlığı təmin edilməldir. Çünki qiymətlərin ucuzluğunun daha çox rəqabətdə üzə çıxması mümkündür. Azərbaycanda da faktiki olaraq hazırda bu sahəyə baxan bir şirkət olduğundan bu işlərdə müəyyən dərəcədə nəyinsə əsaslandırılmış olmasını sübut etmək çətindir. Buna görə daha çox şəffaflıq üzərində dayanılmalıdır. Düzdür, çəkiyə görə yüklərin qiymətinin müəyyən olunmasında insanlar üçün problemlər yaradan məqamlar var. Ancaq inandırıcılıq da olmalıdır. AZAL cəmiyyətə daha aydın informasiya verməli, daha çox kimlərin faydasına ola biləcək qiymətdən söhbət getdiyini ən azı öz imici baxmından göstərməlidir. Əgər bu baş tutarsa, onda məsələ üzərində nəyisə həyata keçirmək daha doğru olar. Ümid edirəm ki, AZAL belə bir açıqlamanı verəcək”.