Təhsil Nazirliyi plagiat vəsaitə niyə qrif verib?

Təhsil Nazirliyi plagiat vəsaitə niyə qrif verib?

Mediada professor Aida Qasımovanın "Ərəb ədəbiyyatşünaslığı: diqqətə ehtiyacı olan elm sahəsi” adlı tənqidi bir məqaləsi yayılıb. 
Məqalədə BDU-nun Ərəb Filologiyası kafedrasının dosenti, Şərqşünaslıq fakültəsinin Elmi Şurasının katibi Könül Məmmədovanın 2014-cü ildə nəşr olunmuş "Məhəmməd ibn Səllam əl-Cumahinin "Tabaqatu Fuhuliş-şüəra” əsərinin ərəb ədəbiyyatşünaslığı tarixində rolu” adlı dərs vəsaitindəki plagiat faktlarından söz açılır: 
"Qəribədir ki, kitabın 41-ci səhifəsində Malik Mahmudovun "Xətib Təbrizi” kitabından böyük bir sitat gətirilir, burada Xətib Təbrizinin Əbu Təmmamla bağlı fikirləri söylənilir, amma Mahmudovun kitabına istinad verilmir, əksinə, Əbu Təmmamın öz divanına istinad verilir. Belə çıxır ki, Əbu Təmmam (846 –da vəfat edib) böyük bir uzaqgörənliklə özündən iki əsr sonra yaşamış Xətib Təbrizinin onun barəsində fikirlərini qabaqcadan bilib öz divanında əks etdiribmiş”.
Məqaləni oxuduqdan sonra Könül Məmmədovanın müəllifi olduğu kitabın ali məktəblərdə tədris vəsaiti kimi istifadəyə yararsızlığı, bütünlüklə qüsurlardan və plagiat faktlarından ibarət olduğu aydın olur. Təəssüf doğuran məqam budur ki, Təhsil Nazirliyinin 136 saylı əmri ilə bu kitabın ali məktəblərdə dərs vəsaiti kimi çapına razılıq verilib. 
Bilindiyiz kimi, Təhsil Nazirliyinin nəşr hüququ verilməsi qaydalarına görə, müəllif əlyazmasında başqa əsərlərdən və mənbələrdən qeyri-qanuni istifadə hallarına yol verməyəcəyi barədə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edir. 
Görünür, nazirlik dosent Könül Məmmədovanın təqdim etdiyi ərizəyə arxayın olub, kitaba baxmadan onun nəşrinə qrif verib. Əks halda Təhsil Nazirliyinin bu kitabı ali məktəblərə tədris ədəbiyyatı kimi sırımaqda məqsədi nə ola bilər ki?! 
Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş Tədris vəsaitlərinə nəşr hüququ verilməsi qaydalarının 2.8.-ci bəndinə əsasən, tədris vəsaitinə qrif verildikdən sonra onun müəllif hüquqlarının pozulması yolu ilə hazırlandığını təsdiq edən hallar müəyyən edildiyi təqdirdə, qrifi ləğv olunur. 
 
Yazıda adı çəkilən müəllifin də cavab haqqını tanıyırıq.
Arqument.Az






Fikirlər