Təhsil Nazirliyi dərsliklərin dəyişdirlməsi məsələsinə aydınlıq gətirib

Təhsil Nazirliyi dərsliklərin dəyişdirlməsi məsələsinə aydınlıq gətiribTəhsil Nazirliyi tərəfindən əvvəlki illərdən fərqli olaraq, qarşıdakı illərdə ümumtəhsil məktəb dərsliklərinin 1 il sınaqdan keçirilməklə tədrisdə istifadəyə verilməsi qərara alınıb. Təhsil Nazirliyindən Azertaym.az-a verilən məlumata görə, bu yanaşma dərsliklərin keyfiyyətinin yüksəldilməsinə, dərsliklərdə çatışmazlıqların minimuma endirilməsinə, dərslik yaradıcılığına müəllif potensialının aktiv cəlb olunmasına kömək edəcək:

“Bu sahədə ilk addım olaraq hər il iki sinif üzrə dərsliklərin hazırlanmasına başlanılıb. Artıq 2014-2015-ci tədris ilinə kurikulum əsasında VII və VIII siniflərin yeni dərslik komplektlərinin hazırlanması prosesinə başlanılıb. VII siniflərin dərslik komplektləri növbəti tədris ilinin əvvəlinə kimi çap olunaraq ümumtəhsil məktəblərinə çatdırılacaq. VIII siniflər üçün hazırlanan dərsliklərin məhdud sayda çap edilərək 1 il seçilmiş məktəblərdə pilot layihə kimi sınaqdan keçirilməsi və sonra bütün məktəblərə verilməsi nəzərdə tutulur”.

Verilən məlumatlarda qeyd olunub ki, bu mexanizmin qarşıdakı illərdə də davam etdirilməsi planlaşdırılır: “Dərslik müəlliflərinin peşəkarlığını artırılmaq və müəlliflik iddiasında olan mütəxəssisləri dərslik yaradıcılığına aktiv təşviq etməkdən ötrü təlim kurslarının keçirilməsi də nəzərdə tutulur”.

Qeyd edək ki, 2013-2014-cü dərs ili üçün I, II, IV, V, VI, VIII, IX və X siniflər üçün 146 adda 4022150 nüsxə dərslik və dərslik komplektləri çap edilib və yerlərə çatdırılıb. VI sinif dərslikləri ilk dəfə olaraq kurikulum əsasında hazırlanıb. Digər dərsliklər isə əvvəlki nəşrlər üzərində redaktə işi aparılmaqla çap olunub.






Fikirlər