"Prezident üsul idarəsinə keçid Türkiyədə padşahlıq sistemi yaradacaq" — Politoloq

"Prezident üsul idarəsinə keçid Türkiyədə padşahlıq sistemi yaradacaq" — Politoloq

Türkiyənin baş naziri Binəli Yıldırım qısa müddət ərzində Milli Məclisə prezident-üsul idarəsi sitemini təklif edəcəklərini bildirib.

"15 ildir ki, yeni konstitusiya deyirik. Türk xalqını bu sözlə məşğul etmək lazım deyil. Hərəkətə keçmək lazımdır. Qısa müddətə Parlamentə yeni konstitusiya təklifi təqdim edəcəyimizi bildiririk", - deyə baş nazir açıqlama verib.

Binəli Yıldırımdan əlavə isə MHP başqanı Dövlət Baxçalı prezident-üsul idarəsi sitemi ilə bağlı qanun layihəsinin tezliklə parlamentə müzakirəyə çıxarmağı təklif edib.

Türkiyənin prezident-üsul idarə sisteminə keçcəyi ilə bağlı məsələ barədə politoloq Qabil Hüseynli Ölkə.Az-a danışıb:

"Türkiyə uzun illərdir ki, Atatürk dövründən qalan Kamalizm ideyaları əsasında həyata keçirilən parlamentar üsul idarəetmə sistemindən istifadə edir. Bu üsul isə kifayət qədər səmərəli olduğunu göstərir. Türkiyədə demokratiyanın tədricən inkşaf etməsi, Türkiyənin Avropa standartlarına yaxın bir idarəçiliyə malik olması daha çox parlamentar üsul idarə sistemi ilə əlaqədardır.

Prezident üsul idarəsinə keçid Türkiyədə avtoritarizm meyillərini daha da gücləndirəcək. Onsuzda ölkənin davamlı surətdə mərkəzləşdirilməsi, hər şeyin prezidentin nəzarəti altına keçmə prosesi başa çatmaq üzrədir. Ümumxalq səsverməsi yolu ilə prezidentlik sisteminə keçid isə sərt mərkəzləşdirmənin hüquqi təsdiqindən başqa bir şey olmayacaq. Əvvəllər əgər prezidentin hakimiyyəti sırf simvolik xarakter daşıyırdısa, icra aparatının başında baş nazir dayanırdısa və parlament böyük səlahiyyətlərə malik idisə, bundan sonra Osmanlı dövrünə bənzər padşahlıq sistemi yaranacaq ki, bu da Türkiyənin bir çox demokratik nailiyyətlərinin üstündən xətt çəkə bilər.

Türkiyədə hazırda sürətlə islamlaşma prosesi gedir. Dini qanunlar ali qanunları sıxışdırıb çıxarmaqdadır. Türkiyə Avropa İttifaqına qoşulmaq istəyir, özünü Avropa dövləti sayır, ancaq son zamanlar görünür ki, ölkə üzünü Şərqə-dini fundamentalizmin bərqərar olduğu ölkələrə sarı çevrib. Bu prosesdə demokratik təsisatlar ya sıradan çıxır, ya da çox ciddi sınaqlara məruz qalır. Əgər bu gün Türkiyə daxil olduğu NATO blokundan, əməkdaşlıq etdiyi Qərbdən ciddi reaksiyalar alırsa və bu dövlətlər tərəfindən aramsız tənqidlərə məruz qalırsa, bu heç də Türkiyə xarici siyasətinin uğuru deyil".

MHP-nin prezident üsul-idarə sistemi ilə əlaqədar AKP-yə dəstək verməsi ilə bağlı politoloq bildirdi ki, MHP-nin bu addımı anlaşılmazdır:

"MHP lideri Dövlət Bahçeli çıxışında bildirdi ki, prezidentlik institutu ilə əlaqədar qanun layihəsi tezliklə parlamentə gətirilməlidir. Bu sistemə aid qanun layihəsini parlementə gətirmək o deməkdir ki, AKP MHP-dən dəstək almaqla bu məsələnin referenduma çıxarılması ilə bağlı parlamentdə lazımi səsi toplaya bilər. MHP-ni həmişə Atatürkçü ideyalara ən sadiq partiya kimi tanımışam. Onlar ölkədəki Atatürkçü sistemin qorunması üçün uzun illər fədakarlıq göstəriblər. MHP-dəki belə yumuşalmanın səbəbini anlaya bilmirəm. Bəzi MHP-çilər bildirir ki, ölkədə prezident üsul idarəsi möhkəm əl prinsipinin tətbiq edilməsinə, separatçı əhval ruhiyyənin boğulmasına gətirib çıxaracaq. Burada müəyyən qədər həqiqət payı var. Ölkədə kürd separatizminin cilovlanması üçün sərt siyasətin yeridilməsinə ehtiyac duyulur, ancaq bunu prezident üsl idarəsi olmadan da həyata keçirmək olardı".

 






Fikirlər