13.05.2014. - “Narahatıq…”- Rauf Arifoğlu Ramil Usubovla görüşmək istəyir

13.05.2014. -  “Narahatıq…”- Rauf Arifoğlu Ramil Usubovla görüşmək istəyirYeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu qəzetin döyülən əməkdaşı Fərahim İlqaroğlunun işi ilə bağlı daxili işlər naziri Ramil Usubovla görüşmək istəyir.

"AzerTaym.az" xəbər verir ki, bu barədə R.Arifoğlu başçılıq etdiyi qəzetə açıqlamasında bildirib.

Baş redaktor deyib ki, jurnalistin döyülməsi cinayətinin araşdırılması onu qane etmir: “Fərahimin həyatından da narahatıq. O cümlədən bu prosesə yüksək səviyyədə müdaxilə olunma ehtimalları var.Mən nazirliyin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovla iki dəfə danışmışam. Sonuncu dəfə bildirib ki, işin istintaqı nazirliyə verilib və araşdırma gedir. Ümid edirik ki, açıq-aydın olan videogörüntülər cinayətin açılmasına köməklik edəcək."

R.Arifoğlu deyib ki, artıq daxili işlər naziri Ramil Usubova görüş üçün müraciət edib:Narahatıq, sui-qəsdin necə araşdırılması barədə heç bir məlumatımız yoxdur. Fərahim İlqaroğluna da mühafizə ayrılmasını istərdik. Cənab nazirlə görüşüb, bu məsələni müzakirə etmək istədiyimi bildirmişəm. Ümid edirəm ki, nazir mənə vaxt ayırıb, bu mühüm məsələni müzakirə etməyə imkan yaradacaq”.

Qəzet onu da yazır ki, F.İlqaroğlunu döyən və hazırda həbsdə olan Feyruz Termişinin radikal dini cərəyanla bağlılığına dair ciddi şübhələr var. Belə ki, polisdə onun telefonuna baxış keçirilən zaman Suriyada vəhhabilər tərəfindən çəkilmiş başkəsmə videoları, tükürpədici səhnələri əks etdirən kadrlar üzə çıxıb. Eyni zamanda vəhhabi olduğu ehtimal edilən Nazim H.Adlı birisi ilə yazışmaları F.Termişinin radikal dini cərəyanlarla əlaqəsi olduğuna şübhə yaradır. Hətta Termişinin həbsindən sonra facebookda bəzi dini qruplardan ona dəstək ifadə olunur, “qardaşımız üçün dua edək” deyə xitab edilir.






Fikirlər