11 yaşında taxta keçən Osmanlı Sultanı 4-cü Murad — Onun falına baxan qayıqçı nə demişdi?

11 yaşında taxta keçən Osmanlı Sultanı 4-cü Murad — Onun falına baxan qayıqçı nə demişdi?

Osmanlı Sultanlarının həyatı maraqlı və rəngarəngdir.

Ölkə.Az 11 yaşda taxta keçən Osmanlı Sultanı 4-cü Muradın həyatında baş verən bəzi maraqlı hadisələri oxucuları ilə bölüşür:

Onun anası yunan qızı Anastasiyadır. Osmanlı sultanının arvadı olduğu üçün adı dəyişib Kösəm Sultan qoyulub. Muradın böyük qardaşı Gənc Osman bir qrup Yeniçəri üsyançısı tərəfindən Yedikule zindanlarında qətlə yetirildi və taxta əmisi 1-ci Mustafa keçdi. Amma Mustafa ağıldan kəm olduğu üçün taxtdan endirildi və 11 yaşlı Murad padşah elan edildi.

Çox qüvvətli və sağlam bədəni olan Murad yaxşı təhsil alıb. Mahir və sərrast ox ata bilən sultanın atdığı oxlar qalxanı da deşə bilərdi.

1633-cü ildə tütünə, 1634-cü ildə isə spirtli içkilərə qadağa qoydu. Dövlətə bağlılığı olmayanları edam etdirdi. 1538-ci ildə Bağdadı fəth etdi və Bağdad Fatihi ünvanını aldı. Kəbəni yenidən inşa etdirdi. Eyni zamanda bəstəkarlıq qabiliyyəti də var idi. Səfərləri zamanı özünü əsgərlərdən ayırmazdı. Taxta çıxanda boş olan xəzinəni doldurdu. 1640-cı ildə xəstələndi və 8 fevral tarixində, 28 yaşında vəfat etdi.

4-cü Murad barədə bir maraqlı hadisəni diqqətinizə çatdırırıq.

4-cü Murad içki və qumar kimi əyləncələri qadağan etdikdən sonra paltarını dəyişərək bir qayığa minir. Qayıqçı sahildən uzaqlaşan kimi qəlyan çəkməyə və içki içməyə başlayır. Sultan qayıqçıya deyir:

– Belə qayıq sürmək olmaz, həm də sultan tütün və içkini yasaq etməyibmi?

Qayıqçı suala sualla cavab verir:

– Sultan bizi haradan görəcək?

Qayıqçı bu dəfə sultanın falına baxmaq istəyir. Sultan deyir ki, bu da qadağan edilib. Qayıqçı çox bacarıqlı olduğunu, hətta fala baxa bildiyini bildirir.

Bu zaman sultan deyir:

– Bax görək sultan indi haradadır?

Qayıqçı fala baxdıqdan sonra cavab verir:

– Dəryada.

– Yaxşı, dəryada nə iş görür?

Qayıqçının rəngi ağarır və yalvarmağa başlayır:

– Aman sultanım, mən etdim, siz etməyin.

Sultan deyir ki, səni quruya çıxan kimi asdıracam, amma mənə şəhərə hansı qapıdan girəcəyimi deyə bilsən, səni bağışlayacam.

Qayıqçı deyir:

– Aman sultanım, mən hansı qapıdan desəm, digər qapıdan girəcəksiniz, ona görə də bu kağıza yazacam, şəhərə girdikdən sonra açıb baxarsınız.

Sultan quruya çatan kimi heç bir qapıdan şəhərə daxil olmur, əmr verir ki, yeni qapı tiksinlər. Qısa müddətdə yeni qapı tikilir. Sultan qapıdan içəri keçib kağızı oxuyur: "Yeni qapınız mübarəkdir, sultanım".

İstanbuldakı Yenikapı toponimi adını bu hadisədən götürüb.

 






Fikirlər